Əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı
.
Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan A.Paşayev bildirib ki, Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlar sırasında Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin xüsusi yeri var. Bizim üçün o da xoşdur ki, təşkilatımız ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələrimiz mövcuddur.
Talip Geylan səmimi qəbula görə təşəkkürünü bildirib və A.Paşayevi sahə Hİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib.
Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.