Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İşçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər”

O da diqqətə çatdırıldı ki, Birliyin bölgələrdə fəaliyyət göstərən otellərlə imzaladığı müqavilələr mövsümi xarakter daşımır.

26.09.2024 02:06
12
A+
A-

Sentyabrın 24-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt  Gömrük İdarəsində Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin (GİHİB) təşkilatçılığı ilə “İşçilərin sosial rifahının yaxşılaşdırılması yönündə Birlik tərəfindən görülən işlər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Asəf Ağayev təşkilatın fəaliyyəti, üzvlərin asudə vaxtının səmərəli  təşkili üçün atılan addımlar barədə məlumat verib. O, avqustun 13-də Dövlət Gömrük Komitəsi və GİHİB arasında bağlanan Sahə Tarif Kollektiv Sazişi barədə danışıb. Qeyd edib ki, bu sazişdə götürülən öhdəliklər 25 ilk təşkilatın tərəfdaşları ilə imzaladığı kollektiv müqavilələrdə də əksini tapıb.

Deyib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Dövlət Gömrük Komitəsinin Akademiyasında məzun günü işçi xanımlara ittifaq üzvlərinin övladlarına, tələbələrə hədiyyələr verilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komitənin nəzərdə tutulmuş layihələrinin təşkilində aktiv iştirak etmişik. Gömrük sahəsində çalışan sürücülərin peşə vərdişlərinin, bilik və bacarıqlarının artırılması və onların əməyinin qiymətləndirilməsi məqsədilə tərəfimizdən “Peşəkar sürücü səriştə turniri” təşkil olunub.

Həmkarlar ittifaqının fəaliyyətində xidmət keyfiyyətinin artırılması, üzvlərin tələb təkliflərinin nəzərə alınması yönündə işlərin aparıldığı bildirilib. Deyilib ki, yaxın zamanda Komitənin rəsmi tətbiqində qurumun həmkarlar ittifaqı təşkilatının fəaliyyəti ilə bağlı sorğu yerləşdiriləcək. Anonim aparılacaq sorğuda üzvlər həmkarlar ittifaqının gördüyü işlərə münasibət bildirəcək, fəaliyyət istiqamətləri ilə bağlı öz təkliflərini verəcək. Sorğunun nəticələri əsasında göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi yönündə müvafiq addımlar atılacaqdır.

O da diqqətə çatdırıldı ki, Birliyin bölgələrdə fəaliyyət göstərən otellərlə imzaladığı müqavilələr mövsümi xarakter daşımır.

Sonra Birliyin əməkdaşı Nurlan Həmzəyev mart ayından indiyə qədər həmkarlar ittifaqının xətti ilə istirahət edən üzvlərin və ailələrin sayı, Birliyin baş texniki əmək müfəttişi Yaşar Yusubov əməyin mühafizəsi və işçilərin sağlamlığının qorunması istiqamətində görülən işlər barədə məlumatları tədbir iştirakçıları ilə bölüşdülər.

“Push30” şirkətinin satış müdiri Mansur Paşayev göstərdikləri xidmətin üstünlükləri və faydaları barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, “Push30” sağlamlıq və idman sahəsində korporativ imtiyazlar platformasıdır. Müştərilərə geniş fitnes mərkəzləri şəbəkəsindən faydalanmaq, müxtəlif tədbir və turnirlərdə iştirak etmək, fitnes ilə bağlı çoxsaylı videolardan zövq almaq imkanı təqdim edir.

Fitnes üzrə mütəxəssis Səmral Hüseynov sağlam qidalanma, iş sonrası idmanla məşğul olma ilə bağlı iştirakçılara tövsiyələrini verib.

Tədbir müzakirələrlə davam edib. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

 

Cavid SƏFƏROV

ETİKETLƏR: