Hər anından qürur duyduğumuz şərəfli tariximiz
“27 sentyabrdan başlayan Zəfər yolu hər qarışından, hər anından qürur duyacağımız şərəfli tariximizdir”
27 sentyabr 2020-ci il... Bu gün Qarabağda erməni işğalını başa çatdıracaq hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixin başlanğıcıdır. Şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşmən tapdağından qurtuldu.
“27 sentyabrdan başlayan Zəfər yolu hər qarışından, hər anından qürur duyacağımız şərəfli tariximizdir”. Bu sözləri Milli Məclisin deputatı, siyasi şərhçi Elçin Mirzəbəyli qəzetimizə müsahibəsində dedi.
Bildirdi ki, sentyabrın 27-dən başlayan yol, Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyət və diplomatik məharət, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ermənilərin və himayəçilərinin uydurduqları mifləri darmadağın etməklə yanaşı, Azərbaycan xalqının döyüş ruhunu özünə qaytardı. 44 günlük Vətən müharibəsində təkcə işğalçı ordunu darmadağın etmədik, həm də bizi yüzillər boyu ayaqda saxlayacaq, irəliyə doğru aparacaq və güc baxımından atom enerjisi ilə müqayisə ediləcək kinetik enerji qazandıq.
Həm də kiçikdən böyüyə qədər bütün insanların həmrəyliyini, hər kəsin öz imkanı, bacarığı ilə qələbəyə töhfə verdiyini gördük. Bu, çox qürurverici idi. Yəni həm ordu, həm xalq, həm də ölkə rəhbərliyinin, həmçinin xaricdə olan soydaşlarımızın birliyi Zəfərə gətirib çıxardı. Əlbəttə ki, qələbəmiz asan yolla başa gəlmədi. İlk növbədə Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlıqları hesabına, bütün insanlarımızın fədakarlığı hesabına bu zəfəri qazana bildik. Bu həm də illər boyu davamlı, uğurlu siyasi fədakarlığın nəticəsidir.
27 sentyabr təkcə Anım Günü deyil, milli qürur günüdür. 27 sentyabr milli iradəmizin təntənəsidir. Məğlubiyyətə, məğlub xalq sindromuna son verdiyimiz, Vətən naminə ölümə meydan oxuduğumuz, zülmü, istibdadı yendiyimiz, İstiqlalımızı, Dövlətimizi, Bayrağımızı qanımızla, şərəfimizlə süsləndirdiyimiz gündür.
Müzəffər xalqın, qalib dövlətin bir parçası olmaqdan gözəl, əsrarəngiz, təkrarolunmaz hiss yoxdur. Yerişimiz, duruşumuz belə dəyişib. Və bu qüruru bizə yaşadan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsində iştirak edən qəhrəman əsgər və zabitlərimiz və təbii ki, Zəfərimizin memarı olan Ali Baş Komandanımızdır!
27 sentyabr həm də milli birliyimizin özünü əməldə və yüksək entuziazmla büruzə verdiyi, bütün daşların və rənglərin yerinə oturduğu, Azərbaycan xalqının qanında, ruhunda yatan qəhrəmanlığın, mərhəmətin, sevginin, paylaşmaq, bölüşmək əxlaqının, cəngavərliyin, cəsarətin özünü ən parlaq bir şəkildə nümayiş etdirdiyi bir tarixin başlanğıcıdır.
Hər il sentyabrın 27-də Azərbaycanda Anım, Ermənistanda isə matəm günü kimi qeyd olunur.
Biz qalibləri - Vətən torpağının hər qarışı uğrunda son damla qanınadək savaşan, Vətən sevgisi, cəsarəti, mərdliyi ilə ölümə meydan oxuyan şəhidlərimizi anırıq, onlar isə Azərbaycan torpaqlarında məhv edilən qəsbkarlara yas saxlayırlar.
Bir tərəfdə qanla suvarılan milli qürurun, ədalətin, Vətənə sədaqətin təntənəsi, digər tərəfdə suçluluq duyğusundan doğan qəzəb, nifrətdən süzülən göz yaşları, çat verən hikkə və haqq edilən məğlubiyyətin yükü altında əzilən çarəsizlik görünür...
Bu gün hərəkət etdiyimiz nöqtədən geri boylananda, 44 günlük Vətən müharibəsi də daxil olmaqla, qəbul edilən qərarların, atılan addımların risk yükünün nə qədər böyük olduğunu müəyyənləşdirə bilərik. Lakin tarixin ən nəhəng dövlət xadimlərindən və filosoflarından birinin - Mark Avrelinin dediyi kimi, “risk etməyən 100 dəfə daha çox risk edir” fəlsəfəsinin mahiyyətinə söykənilməklə həyata keçirilən siyasət, qəbul edilən çevik qərarlar, nümayiş etdirilən iradə və qətiyyət, həmçinin proseslərin inkişaf temporitminin öncədən və zərgər dəqiqliyi ilə hesablanması riskləri üstünlüyə çevirdi...
Bu gün biz gözümüzün önündə tamamilə və mahiyyət etibarilə dəyişən, yenilənən Azərbaycanın açıq, şəffaf və gerçək obrazının necə canlandığının şahidi oluruq.
Aliyə ARİFQIZI