İnternetin sürəti ilə bağlı problem səbəb nədir?
.
Avqustun ortalarından internetin minimum trafik sürətinin 40Mbit /s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb. Amma istifadəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İstifadəçilərin iradlarında nə qədər haqlı olub-olmadıqlarını öyrənmək üçün İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasova üz tutduq.
Ekspert söylədi ki, ölkədə internetin alt limitinin sürəti 100 Mbit/s olaraq tənzimləndikdən sonra internetdən narazı qalan insanların bir hissəsi bunu arqumentləşdirir. Bəziləri isə texniki müstəvidə anlaşılmayan səbəblər gətirir. Səbəblərdən biri qiymət artımından sonra internetdən istifadə məsafəsinin daha da qısalması ilə bağlıdır. Deyirlər ki, 25 manat ödəyirəm, həyətdə internetdən istifadə edə bilmirəm. Bu cür yanaşmalar texniki müstəvidə qəbul olunur, çünki biz evdəki modemi internetdən çıxartsaq, modem hələ də işləkdirsə, Wi-Fi dalğalarının radiusları dəyişməyəcək.
Elvin müəllim söylədi ki, məsələnin texniki tərəflərini ələ alsaq, təbii ki, Azərbaycanda internetlə bağlı problemi bir neçə hissəyə bölmək olar. Bunlardan bəziləri kütləvi şəkildə alt limit dəyişib sürətlər daha yuxarı alındıqdan sonra, təbii ki, limitdən şikayət olacaqdı. Limitlər iki dəfəyə qədər artdı, modemdə də tənzimləmələr olmalıdır. Məsələn, köhnə modemlər 100 Mbit/s-i tənzimləməyə bilər. Bu zaman provayderə müraciət olunmalıdır. Provayder evdəki modemə baxış keçirməlidir. Bundan əlavə, Wi-Fi dalğalarını da tənzimləmək lazımdır. 2.4 GHz olan modemlər daha az əhatəlidir. Onu isə 5 GHz-yə çatdırmaq lazımdır. Bu zaman dalğalar daha geniş ərazini əhatə edəcək, internetin sürəti də artacaq. Bəzi provayderlərdə isə internet problemi evə gələnə qədər olan hissələrdə kabellərdə qırılmalardan, calaqlardan ola bilir.
Əsas problem isə vətəndaşın evinə gələn internetdə olur. Vətəndaş internet kabelini modemdən çıxarıb birbaşa evində olan kompüterə və notebooka qoşaraq internetin sürətini speed test vasitəsilə ölçməlidir. Bu zaman görsək ki, ödədiyimiz məbləğin miqyasında internet almırıq, o zaman provayder günahkardır.
Onu da vurğulayım ki, biz həmin speed testi telefonumuzda və ya modemdən paylanan internetlə notebookda yoxlasaq, həmin 100 Mbit/s sürəti görməyəcəyik. Səbəb ondan ibarətdir ki, modem artıq interneti bölmüş olacaq. Elə burdan yola çıxaraq deyə bilərəm ki, vətəndaş problemə texniki cəhətdən yanaşsa, həllini də görəcək. Problemin nüanslarına baxmasa, sadəcə, “qiymət qalxdı, sürət olduğu kimi qalıb, internetim işləmir” desə heç nə dəyişməyəcək. Bizim apardığımız müşahidələr göstərir ki, günahın 20 faizi provayderin, 80 faizi isə cihazların payına düşür.
Mütəxəssis bildirir ki, internetin sürəti ilə bağlı problemlə qarşılaşanda şikayət etmək üçün platforma var: “İnsanlar onlara göstərilən xidmətin provayderlər tərəfindən tam olaraq yerinə yetirilmədiyi hallarda şikayət edə bilərlər. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA.az) bu iş üzrə tam mandatlı qurumdur və şikayət platforması var. Təbii ki, insanlar ödədikləri limitləri tam olaraq əldə etməlidirlər”.
Leyla BƏHRAMQIZI