Dahi dirijora həsr olunmuş tədbir
Əvvəlcə qonaqlar foyedə “Muzeyin tarixindən” adlı fotosərgi ilə tanış olublar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışının 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakıda fəaliyyət göstərən muzeylərin direktorları və əməkdaşları iştirak ediblər.
Əvvəlcə qonaqlar foyedə “Muzeyin tarixindən” adlı fotosərgi ilə tanış olublar.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü il sentyabr ayının 18-də muzeyin açılışındakı nitqinin videoyazısının səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov muzeyin fəaliyyəti, onun eksponatlarının yaradıcı gənclərdə oyatdığı təəssürat, bu ocağa təkcə yerli sakinlərdə deyil, şəhərimizin qonaqlarında da olan maraq barədə məlumat verdilər. Onların çıxışları muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət edilib. Tədbir iştirakçıları həmçinin muzeyin 30 illik yubileyi münasibətilə təkrar nəşr edilmiş “Niyazinin Mənzil Muzeyi-30” bukleti (Azərbaycan, rus və ingilis dillərində) ilə tanış olublar.
Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Atakişiyev muzeyin kollektivini təbrik etdi, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzuladı. Muzeyin rəhbərliyinə və bir neçə əməkdaşına Fəxri Fərman və pul mükafatı təqdim etdi.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifalarında Ü.Hacıbəylinin, Niyazinin və başqa Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olundu.