Uşaqları hansı yaşda məktəbə göndərmək daha məsləhətlidir?
.
Təhsil sahəsində hər hansı bir ilkə imza atarkən atdığımız addımı əsaslandırmaq üçün adətən dünya təcrübəsindən nümunələr gətiririk. Halbuki beynəlxalq təcrübədə təhsilə münasibətdə fərqli yanaşmalar var. Məsələn, biz dünya təcrübəsinə istinad edərək kurikulum sisteminin tətbiqinə başlamışıq, halbuki əksər ölkələr bu sistemdən imtina edib.
Biz bir neçə dünya ölkəsini nümunə gətirərək uşaqlarımızı 5 yaşdan məktəbəhazırlıq qruplarına cəlb etməyimiz azmış kimi, hələ erkən təhsilə başlamaqla bağlı rəsmi fikirlər səsləndiririk. Halbuki dünya təhsilinin ən aparıcı ölkələrindən olan Finlandiyada şagirdlər məktəbə 7 yaşdan qədəm qoyurlar. Biz sanki harasa, nəyəsə tələsirik.
Ətrafımda bir çox valideyn suallar qarşısında aciz qalır. Altı və daha aşağı yaşda uşaqları məktəbə göndərmək nə dərəcədə düzgündür? Ümumiyyətlə, uşaqları hansı yaşda məktəbə göndərmək daha məsləhətlidir? Uşağın məktəbə getməyə hazır olduğunu necə başa düşmək olar?
Psixoloq Leyla Məmmədova səsləndirdiyimiz aktual məsələlərlə bağlı deyib: “Zənnimcə, hər bir uşağın psixi prosesləri individual şəkildə inkişaf edir. Təbii olaraq, deyəcəklərimi bütün uşaqlara tətbiq etmək mümkün deyil. Bu məsələyə öncə elmi tərəfdən yanaşmaq lazımdır. Bir insanın psixi proseslərinin inkişafından irəli gələrək onu söyləyə bilərəm ki, uşaqların yeddi yaşında məktəbə getməsi daha məqsədəuyğundur. Nədən bunu bu cür kəskin formada söyləyirəm? Çünki dediyim həmin o psixi proseslərin altında həm diqqət, həm qavrayış, həm də motivasiya anlayışları yatır. Bu proseslər isə adətən bir insanın psixi inkişafına görə 7 yaşda tam olaraq formalaşır. Hər bir fəaliyyətin əsasında iki növ motivasiyadan biri durur - daxili və ya xarici. Xarici motivasiya mükafat almaq istəyi ilə idarə olunan bir davranışdır. Misal üçün, valideyn deyir ki, bunu et, sonra hədiyyə alacam, məktəbə get, əla qiymət al, sənə pul verəcəm. Daxili motivasiya isə motivasiyanın ən təmiz formasıdır. Adından da göründüyü kimi, heç bir mükafat gözləmədən insanın daxilindən gələn motivasiyadır. Bu, özünü məqsədə yönəltməyi özündə ehtiva edir”.
Psixoloq bildirdi ki, bu gün valideynlərin çoxu övladlarının inkişafına ciddi yanaşır: “Apardığım müşahidələrə görə, valideynlər erkən inkişafla aktiv məşğul olur. Əlbəttə, bu, təqdirəlayiq bir haldır. Ancaq hər bir valideyn mütləq şəkildə bilməlidir ki, misal üçün, uşaqlara kitab oxumaq vaxtından tez, yəni 3-4 yaşında öyrədilməməlidir. Təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, necə ki, insanın ləngiməsi heç də yaxşı hal deyil, elə vaxtından tez inkişaf etməsi də əslində qorxulu bir vəziyyətdir. Bu səbəbdən mən daha çox onun tərəfdarıyam ki, hər şey öz zamanında olsun. Yəni uşaq öz yaş kateqoriyalarına uyğun inkişaf etsin”.
L.Məmmədova onu da vurğuladı ki, uşaqların yeddi yaşa qədər psixi prosesinin əsas fəaliyyəti oyun oynamaqdan ibarətdir. Beləliklə, uşaq həmin dövrdəki “oyun” ehtiyacını bitirib ödəmədikdə, bu ehtiyac daha böyük yaşlarda özünü büruzə verməyə başlayır. Əfsuslar olsun ki, uşaq məktəbdə nə düzgün şəkildə müəllimin dediklərinə konsentrasiya ola bilir, nə dərslərini lazımi səviyyədə qavrayır və ən əsası tədris prosesindən zövq ala bilmir, öyrənməyə həvəsli olmur:
“Bəzən isə uşaqlar vaxtından tez inkişaf edir, müşahidələr göstərir ki, həmin uşaqların beyni aktiv çalışdığı üçün 5-6 yaşında məktəbə başlayır, mükəmməl nəticələr göstərir, yeni bilikləri sürətlə qavrayır. Ancaq artıq 5-6-cı sinifdə həmin uşaqlar tükənir, motivasiya və bilik əldə etmək həvəsini itirir, nəticədə isə qiymətləndirmədə ciddi şəkildə eniş müşahidə olunur.
Buna görə də, bir psixoloq olaraq, onun tərəfdarıyam ki, valideynlər tələsməsin, övladlarının həm fiziki, həm psixoloji, həm də emosional inkişafını izləsinlər”.
“Uşağın məktəbə hansı yaşda başlamasının onun intellektual, emosional və sosial inkişafına uyğun olması vacibdir. Müasir təhsildə uşağın məktəbə başlaması üçün optimal yaş mövzusunda müxtəlif təcrübələr və yanaşmalar mövcuddur”. Bunu qəzetimizə verdiyi müsahibədə təhsil üzrə ekspert Kamran Əsədov bildirdi.
Dedi ki, Finlandiya təhsil sistemində uşaqların 7 yaşında məktəbə başlamasının səbəbi uşaqların emosional və psixoloji cəhətdən məktəbə daha yaxşı hazır olmasıdır. Bu, təhsildə uğur qazanmaq üçün əsas şərt hesab edilir.
Hazırda bir çox ölkədə uşaqlar 4-5 yaşında məktəbə hazırlığa başlayır, bəzən isə 6 yaşında artıq 1-ci sinfə qəbul olunurlar. Bunun səbəbi uşaqların erkən yaşda təhsil prosesinə inteqrasiya edilməklə daha çox məlumatı mənimsəyə biləcəyinin düşünülməsidir. Lakin bu yanaşma hər uşaq üçün uyğun olmaya bilər.
Uşağın məktəbə getməyə hazır olduğunu müəyyənləşdirmək üçün bir neçə əsas meyarı nəzərdən keçirmək olar:
- Sosial və emosional hazırlıq: uşaq digər uşaqlarla əməkdaşlıq edə bilirmi? Müəllimlə və məktəb mühitində olan digər şəxslərlə ünsiyyət qurmaqda çətinlik çəkmirmi?
- Müstəqillik səviyyəsi: uşaq öz şəxsi ehtiyaclarını (məsələn, geyinmək, yemək) yerinə yetirə bilirmi? Həmçinin o, yeni vəziyyətlərə adaptasiya ola bilirmi?
- Fiziki hazırlıq: uşağın sağlamlığı və fiziki inkişafı məktəbə başlamasını dəstəkləyəcək səviyyədədirmi?
- Düşüncə və öyrənmə bacarığı: uşaq əsas məntiqi düşüncədən istifadə edə bilirmi? Sadə məsələləri həll edə, təlimatlara riayət edə bilirmi?
Ümumi yanaşma ondan ibarətdir ki, uşağın məktəbə 6-7 yaşında başlaması daha məqsədəuyğundur. Bu yaş uşağın emosional və sosial yetkinliyinin daha yüksək səviyyədə olduğu vaxtdır. Erkən yaşda məktəbə göndərmək uşaqların öyrənmə potensialını artırsa da, onların emosional yükü və sosial hazırlığı diqqətə alınmalıdır.
Təhsil üzrə ekspert Nadir İsrafilova görə isə, uşağın məktəbə hansı yaşda başlaması məsələsi, onun fərdi xüsusiyyətlərindən və məktəb mühitinə uyğunlaşmasından asılıdır. Erkən başlamağın faydaları olsa da, uşağın hazır olması əsas göstəricidir.
Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsində artım müşahidə olunsa da, təəssüf ki, bu sahədə həllini gözləyən problemlər hələ də qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin xeyli hissəsində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Xeyli sayda uşaq bağçası tikilməsinə baxmayaraq, bu çatışmazlıq hələ də qalmaqdadır. Məktəbəhazırlıq qruplarına və bununla bağlı uşaqların məktəbə 5 yaşından cəlb olunmasına ehtiyac yaranmaya da bilərdi, əgər bütün uşaqlar uşaq bağçaları ilə əhatə olunsaydı və məktəbə hazırlığı məktəblərdə deyil, məktəbəqədər təhsil müəssisələrində keçsəydi. Əgər uşaq bağçası kəsiri aradan qaldırılarsa, məktəbəhazırlıq qruplarına ehtiyac qalmaz.
Günel RAFAYILQIZI