Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qonaqlar konfransın əhəmiyyəti barədə təəssüratlarını “Ülfət”ə danışdılar

.

27.09.2024 10:47
7
A+
A-

Anton Leppik, 
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının icraçı katibi 

İqlim dəyişikliklərinin, xüsusən də qlobal istilərin və ətraf mühitdə başverən hadisələrin əsas səbəbkarı sənayeləşmənin sürətlə inkişafıdır. Planetimizin sənaye sahələri yenidən ekoloji tələblərə uyğun qurulmalıdır. Bu iş bir dövlətin, bir təşkilatın gücü və imkanları daxilində deyil. Hökumət qurumları ilə yanaşı, cəmiyyət, ictimai qurumlar da bu problemin həllində fəal iştirak etməlidirlər. Həmkarlar ittifaqının sənayenin yenidən qurulmasında məsuliyyətini, maraqlarını xüsusi qeyd etmək istəyirəm. Çünki həmkarlar ittifaqları işçiləri təmsil edir.
İnkişaf etmiş ölkələr, xüsusən də Almaniya və Norveç artıq uzun müddətdir təbiəti, havanı, bir sözlə, planeti qorumaq adına addımlar atır, planlamalar edir. Ancaq, təəssüf ki, bu, daha az inkişaf etmiş ölkələrdə baş vermir. Ona görə inkişaf etmiş ölkələr maddi cəhətdən həmin ölkələrə yardımlar etməlidilər ki, onlar da yaşıl enerjiyə, yaşıl iqtisadiyyata keçid edə bilsinlər. Bilirsiniz, demək istədiyim odur ki, zəngin ölkələr kasıb ölkələrin də məsuliyyətini hiss etməlidirlər. Çünki çirklənmənin harada daha çox baş verdiyinin önəmi yoxdur. Çirklənmə hər kəsə eyni dərəcədə təsir edir. Bu işə hər kəs əməyini, diqqətini və gücünü sərf etməlidir. 

 

Bert de Vell,
Beynəlxalq Həmkarlar İttifaqları  Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru

- Cənab de Vell, COP29-a hazırlıq prosesində həmkarlar ittifaqlarının əsas prioritetləri nələrdir?
- Bəli, bu, çox yaxşı sualdır. Bizim əsas narahatlığımız ondan ibarətdir ki, işçilər və onların ailə üzvləri iqlim dəyişikliyi səbəbindən mənfi təsirlərə məruz qalırlar. Belə ki, daşqınlar səbəbindən evlərini, iş yerlərini itirirlər. Onların sağlamlıqları kəskin soyuq və ya isti səbəbindən təhlükə altında qalır.Təbii ki, həmkarlar ittifaqı olaraq işçilərin maraqlarını qorumaq bizim borcumuzdur. 
İşçilərin maraqlarını qorumaq üçün isə ilk növbədə ədalətli keçid olmalıdır. Bu ədalət iqlim siyasəti sahəsində işçilər üçün sosial yanaşmada özünü qabarıq göstərir. Bizim iqlim sahəsində maliyyələşmə məsələlərinin müzakirəsi zamanı tələb etdiyimiz ayrılacaq maliyyənin yalnız işçilərin mənafeyinin müdafiəsi üçün lazım olan layihələrə xərclənməsidir. Həmin layihələr həyata keçirilərkən yaxşı olar ki, işçilər və onların sıralarında təşkilatlandıqları həmkarlar ittifaqları ilə məsləhətləşmələr aparılsın. Bu bizim ilk prioritetimizdir. İkinci prioritetimiz isə, istəyirik ki, bütün ölkələr yeni iqlim planları hazırlayarkən birlikdə qərar versinlər. Atacaqları addımlar barədə bir yerdə düşünsünlər. 
- Siz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatorusunuz. Qlobal iqlim siyasəti ilə bağlı son illər sizin tərəfinizdən nə kimi işlər görülüb?
- Biz işçilərin səsinin eşidilməsi üçün hökumətlərlə iş aparırıq. Hələ 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair danışıqlardan bəri iqlim siyasətində fəal iştirak edirik. Keçən il də Dubayda keçirilən COP28-də ədalətli keçidlə bağlı iş proqramının olması üçün danışıqlar apardıq. Bundan sonra bütün ölkələr ədalətli keçid və onu necə həyata keçirəcəklərini müzakirə etməyə razılaşdılar. 
Yəni dediyim odur ki, biz bu sahədə kifayət qədər işlər görürük və görməkdə də davam edəcəyik.
Yeri gəlmişkən, Bakını çox sevdim. Dəniz kənarında yerləşən şəhərlər hər zaman diqqətimi çəkib. Buranın təbiəti də çox gözəldir. Modern və tarixi binaların vəhdəti şəhəri daha da mənzərəli və məzmunlu edib. Burada olmaqdan çox şadam.

 

Cəmail Bakındı,
TOLEYİS Həmkarlar İttifaqının sədri

TOLEYİS Həmkarlar İttifaqları iqlim dəyişikliyi ilə təkcə indi deyil, hələ çox əvvəldən mübarizə aparmaqdadır. Bizim bununla bağlı bir çox işlərimiz də var. 
Bilirsiniz ki, sellər, zəlzələlər, dağıntılar baş alıb gedir. Bütün bunlar dünyanı bir də insanlar yaşanmayacaq vəziyyətə gətirirlər. Əgər uşaqlarımız, nəvələrimiz üçün gözəl bir dünya buraxmaq istəyiriksə, Allahın bizə bəxş etdiyi bu dünyanı qorumalıyıq, onun qayğısına qalmalıyıq.
Mən bir məqama da toxunmaq istəyirəm. Məlumdur ki, COP29 bu il qardaş ölkə Azərbaycanda keçiriləcək. Bunun əhəmiyyəti hədsiz böyükdür. Bu gün Azərbaycan müdhiş bir inkişaf yolundadır. Elə buna görədir ki, bu möhtəşəm tədbirə ev sahibliyi etmək məhz sizin ölkənizə həvalə olunub. 
Azərbaycan təkcə müasirlik baxımından deyil, eyni zamanda işçi haqları, iş şəraiti baxımından da dünyanın öndə gedən ölkələrindəndir. Bu gün Türkiyədə iqtisadiyyatın səviyyəsi aşağıdır, inflyasiya var. Ancaq düşünürəm ki, Azərbaycan iqtisadi cəhətdən daha stabildir. Arzu edirəm ki, ölkənizin inkişafı daha da irəliyə doğru addımlasın. Ümid edirəm ki, təkcə dövlətlərimiz, hökumətlərimiz deyil, biz həmkarlar ittifaqları da hər zaman birlikdə olacaq, birlikdə çalışacağıq.

Aliyə SƏMƏDOVA

***

Qoça Aleksandriya,
BƏT-in Avropa və Mərkəzi Asiya ofisinin İşçilərin Fəaliyyətləri üzrə Bürosunun baş mütəxəssisi 

Sentyabrın 26-27-də Bakıda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ofisinin İşçilərin Fəaliyyətləri üzrə Bürosunun baş mütəxəssisi Qoça Aleksandriya qəzetimizə verdiyi müsahibədə bildirdi ki, bu konfrans həm bölgəmizdə, həm də onun hüdudlarından kənarda həmkarlar ittifaqları üçün yaxşı platforma olacaq, çünki buraya Yaxın və Uzaq Şərqdən həmkarlar ittifaqları dəvət olunub. 
Q. Aleksandriya Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri üzrə Bürosunun (ACTRAV) həmkarlar ittifaqlarının səylərini dəstəklədiyini söylədi. 
Həmsöhbətim yaşıl iqtisadiyyata keçidin necə maliyyələşdirilməsi və bu keçidin ədalətli olması üçün strategiya və taktikalarının müzakirəsinin gündəmdə olduğunu bildirdi: “Unutmayaq ki, yaşıl iqtisadiyyat təkcə yeni yaşıl iş yerlərinin yaradılmasından ibarət deyil, həm də ətraf mühitə mənfi təsir göstərən və iqlim dəyişikliyini sürətləndirən bəzi iş yerlərinin aradan qaldırılması deməkdir. Mümkün qədər çalışmalıyıq ki, keçid prosesində nə işçilər, nə də onların ailələri əziyyət çəkməsinlər. Bir sözlə, bəzi iş yerlərinin ləğvini və bununla bağlı çətinlikləri  proqnoz edərək həmkarlar ittifaqları bu zərbələrin yumşaldılmasını və ya yaşıl keçidin mənfi nəticələrinin kompensasiya olunmasını təmin edən strategiyaları təşviq etməlidir”.
“2022-2023-cü illərdə Dubayda və digər ölkələrdə keçirilmiş əvvəlki COP-larda əsas diqqət “Loss and Damage Fund”ların yaradılmasına yönəldilmişdir. Bunlar ədalətli keçidi maliyyələşdirməyə kömək edən fondlardır ki,    keçid zamanı işçilər əziyyət çəkməsinlər. Bildiyim qədər, həmkarlar ittifaqı bu məsələni qaldırmaq istəyir. Çünki maliyyələşmə həmişə kəskin problem olaraq qalır. Əslində ilk növbədə inkişaf etmiş ölkələr bu fonda töhfə vermək barədə düşünməlidir. Lakin bu ölkələr lazım olan qədər investisiya yatırmağı ya istəmir, ya da hazır deyillər. Ona görə də bu keçidin ədalətli olmasını nəzərə alaraq yaşıl keçidin maliyyələşdirilməsi ilə bağlı böyük müzakirələr vacibdir”, - deyə Q. Aleksandriya söylədi.

 

İqor Zubku,
PARŞ-ın prezidenti 

Həmkarlar ittifaqı hərəkatı yeni problemlərlə üzləşir və bu problemlərdən biri də iqlim dəyişikliyidir. COP təcrübə və bilik mübadiləsi üçün və əlbəttə ki, birlikdə bütün bu problemlərin həll yollarını tapa bilməyimiz üçün mühüm platformadır. Çünki bütün bunlar insanların həyat keyfiyyətinə və iş yerlərinin keyfiyyətinə də birbaşa təsir edir. İş yerlərinə təsir edən dəyişikliklər baxımından bir addım öndə olmağımız işçi nümayəndələri olaraq bizim üçün mütləqdir.
 Bunu sentyabrın 26-27-də Bakıda “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən konfransda PARŞ-ın prezidenti İqor Zubku bildirdi.
- Sizcə, qlobal problemlərin mümkün həll yolları hansılardır?
- Birinci və ən əsası odur ki, biz həmkarlar ittifaqı hərəkatında təkcə ölkə və regional səviyyədə deyil, həm də qlobal səviyyədə bir olaq, həmrəy olaq. Nə qədər bir olsaq, nə qədər çox olsaq, qlobal səviyyədə səsimiz bir o qədər güclüdür. Biz qərar verənlərin bir hissəsi olmalıyıq. Həmkarlar ittifaqları hərəkatının səsi ən yüksək səviyyədə eşidilməlidir.
- Yaşıl iqtisadiyyata keçidin beynəlxalq səviyyədə ümumi görüntüsü hansı vəziyyətdədir?
- Biz “yaşıl iqtisadiyyat”ın formalaşmasında çox maraqlıyıq. Səy göstərməliyik ki, karbon emissiyalarının azaldılması, “yaşıl enerji”yə keçid, “yaşıl enerji”dən istifadə olunma mövzularina diqqət yetirilsin.   Qlobal istiləşmə, biomüxtəlifliyin itirilməsi, meşələrin qırılması və səhralaşma problemləri  həll olunsun. Bu o deməkdir ki, biz gələcəkdə də təbii sərvətlərdən istifadə edə biləcəyik və gələcək nəsillər davamlı və yaşana bilən mühitdə yaşamaq şansına malik olacaqlar.
- Gənclərin seçimi necə olmalıdır?
- Gənc nəsil arasında təbliğ etməliyik ki, həmkarlar ittifaqına üzv olmaq dəbli və müasirdir. Həmkarlar ittifaqları keçmiş nəsillərin hərəkatı deyil. Gənc həmkarlar ittifaqı üzvləri daha əhatəli olmalıdırlar. Gənclər həmkarlar ittifaqı hərəkatına etibar etməlidirlər, çünki biz cəmiyyətdə demokratiyanın təminatçısıyıq və iş yerlərində hüquq və müdafiəni təbliğ edirik. Eyni zamanda iş  yerlərində sağlamlıq və təhlükəsizliyi təşviq edirik və gender bərabərsizliyinə son qoymağa sadiqik. 

Günel QULİYEVA

***

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisində Dayanıqlı müəssisələr və yaşıl iş yerləri yaradılması üzrə baş mütəxəssisi  Kristina Martinez qəzetimizə müsahibəsində Bakıda keçirilən konfransın əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, ədalətli keçidin yerli və beynəlxalq səviyyədə təşviqi üçün çox böyük işlər görülür. Ədalətli keçidin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. Bu danışıqlar Bakıda noyabr ayında təşkil olunacaq COP29 konfransında da prioritet olacaq. Amma biz bu danışıqların əməli işlə özünü göstərməsinə nail olmaq üçün həm yerli, həm də beynəlxalq səviyyədə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət planı hazırlamalıyıq. Paris İqlim Sazişi müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkələr qarşısında öz milli töhfələrini təqdim etmək öhdəliyi qoyur. Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. 
Kristina Martinez dedi ki, elə COP tədbirlərinin məqsədi də dünyada karbon qazının miqdarının azaldılması üzrə irəliləyişə nail olmaqdır. Dünyanın müxtəlif regionlarında baş verən qasırğa və sellər, çayların daşması, quraqlıq və ya bunun tam əksi olan leysan yağışlar şəhər və kəndlərin infrastrukturlarına, sənaye və kənd təsərrüfatına olduqca böyük zərər vurur.
Nəticədə insanların həyatı, onların ərzaq və ekoloji təhlükəsizliyi böyük risklərlə üzləşır. Ona görə də, başa düşməliyik ki, bu iqlim dəyişikliyinə qarşı mübarizə hər birimizin mənəvi, eyni zamanda vətəndaşlıq borcudur. Biz ona görə də keyfiyyətli həyat standartları üçün mübarizə aparmalıyıq.
Həmkarlar ittifaqları da bu sahədə mühüm rol oynayır. Onlar ədalətli keçid zamanı işçilərin hüquqlarını qorumağı, işsizliyin qarşısının alınması, çox isti və soyuq havalarda iş saatlarının tənzimlənməsi, onların qoruyucu geyimlərlə təchiz olunması və s. məsələlərə daha çox diqqət ayırırlar. Tədbirin bu il Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycan burada ev sahibi olmaqla bərabər, tərəf ölkə kimi çıxış edir, təkliflərini bildirir, İqlim dəyişikliyinə ədalətli keçidin təmin olunmasında dəstək göstərir. Azərbaycanlıları tanıdıqca sevirəm. Çünki ölkənin özü kimi insanları da çox gözəl və mehribandırlar.

 

PARŞ-ın Sarayevo ofisinin koordinatoru Enisa Salimoviç müsahibəsində tədbirin təşkili üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu təşkilatla illərdir əməkdaşlıq edirəm. Bakıya gəlişim ikinci dəfədir. Bugünkü konfrans çox önəmlidir. Biz keçid prosesində işçilərin, xüsusilə də gənclərin və qadınların  hüquqlarının müdafiəsi məsələsinə çox diqqət ayırırıq. Çalışırıq ki, işini itirənlərə hüquqi yardımla bağlı necə kömək edəcəyimiz barədə çoxsaylı variantlar əldə edək. Bu ədalətli keçid prosesində işsizlərə yeni iş yeri tapmaqla və ya öz iş yerlərində yeni yaranmış digər bir peşəyə keçirməklə mümkün ola bilər. Çünki ölkələr işçi hüquqlarını düzgün nizamlaya bilməyəndə cavanlar öz ölkələrində qalmaq istəmir, vətənlərini tərk edirlər. Bu da sonradan digər sosial məsələlərdə problemlərə yol açır. Qadınların, xüsusilə öhdəliyində övladı olan tək anaların işsiz qalması da eynilə çətin situasiyalar yarada bilir. Ona görə də biz əsasən gənclərin və qadınların iş şəraitlərinin yaxşılaşdırılmasına fokuslanmışıq. Üzv ölkələr də bu sahədə onların qarşılarına qoyulan öhdəlikləri yerinə yetirməlidirlər.
Burada həmkarlar ittifaqlarının da rolu böyük olacaq. Həmkarlar ittifaqları işçilərin hüquqlarını qorumaq üçün müvafiq qanun maddələrinin, layihələrin, təcrübələrin sosial dialoqlarda, kollektiv müqavilələrdə və digər sövdələşmələrdə əksinin tapılmasına nail olmalıdır. Müsahibim eyni zamanda qeyd etdi ki, iqlim dəyişikliyinə qarşı mübarizədə, ədalətli keçidin təmin olunması prosesində Çernoqoriya, Makedoniya, Bosniya və Hersoqovina, Albaniya kimi ölkələrin də yeni ailəyə daxil olması çox əhəmiyyətli olardı. 
E. Salimoviç müsahibənin sonunda qeyd etdi ki, digər ölkələrlə müqayisə edəndə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər keyfiyyətli təşkilatçılığına görə fərqlənir.

 

“İlk növbədə yaşıl iqtisadiyyata keçid zamanı işçilərin hüquqlarını qorumaq üçün hansı tədbirlər görülməlidir? sualına aydınlıq gətirim. Bəri başdan deyim ki, vacib olan iki növ keçid mövcuddur. Bir tərəfdən iqlim böhranı, istilik, sel, daşqın və s. Bu bəlalardan əhalininin bütün təbəqəsi qorunmalıdır”.
Bunu BƏT-in Şərqi Avropa və Mərkəzi Asiyada layiqli əmək qrupunun sosial müdafiəsi üzrə mütəxəssisi Paskal Annuk dedi.
Qeyd etdi ki, sosial müdafiə baxımından, bəlkə də insanlara nağd pul paylayaraq bu problemin həlli yolunda nəsə etmək olar, amma sonra fəlakətlər zamanı itirilən işləri kompensasiya etmək üçün pul paylamaq kifayət etmir, bu zaman işsizliyə görə müavinət sistemi olmalıdır. Beləliklə, insanlar həm pul kompensasiyasına, həm də işçilər üçün müdafiə sisteminə sahib olmalıdır. İşsizlik müavinəti çox vacibdir, çünki bir çox işçi gələcəkdə  işini itirə bilər. Düzdür, digər tərəfdən yeni iş imkanları yaranacaq. Yaşıl enerji, günəş paneli kimi yaşıl keçidlə yeni iş yerləri açılacaq. Bu zaman da insanların bir işdən digərinə uyğunlaşması üçün səfərbər olmalıyıq.
- İnsanların çoxu ekoloji problemlərin, iqlim dəyişikliyinin səbəbləri, real və potensial nəticələri haqqında elə də məlumatlı deyil.  Biz onların bu sahədə bilik və bacarıqlarını artırmalıyıq. Hansı yollarla?
- Bu, yaxşı sualdır, çünki iqlim dəyişikliyi hər kəsi narahat edir. Dəyişikliklər insanların sağlamlığına çox təsir edir. Ona görə də hər kəsin gündəlik həyatında ətraf mühitlə bağlı görəcəyi işlər, öhdəliklər var. Məsələn, plastik istehlak edirik. Amma nəticələrini düşünmürük.
Əgər öz davranışımızı dəyişdirməyə başlasaq, bunun bütün iqlimi dəyişib-dəyişdirməyəcəyinə əmin deyiləm, lakin ən azı iqlim dəyişikliyi ilə mübarizə üçün görülə biləcək hər hansı bir tədbir haqqında məlumat olacaq.

Əsli TELMANQIZI

***

TÜRK-İŞ-in məsul işçisi Güvən Savul Azərbaycanı çox sevdiyini və burada olmaqdan qürur duyduğunu bildirdi. Əlavə etdi ki, biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkil etdiyi “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransda iştirak edirik. Biz də Türkiyədə, KAMU-SEN olaraq, çalışma həyatının gələcəyi ilə bağlı bir layihə hazırladıq. “Süni intellekt” və “iqlim dəyişmələri”ndən işçilərin daha az təsirlənməsi üçün tədbirlər görməyə başlamışıq. Gördüyümüz tədbirlərin bir hissəsini Türkiyədə konfrans edib paylaşdıq. Hazırda onu hesabat şəklində gətirib beynəlxalq səviyyədə gündəmə daşıyırıq.
 


Digər türkiyəli iştirakçı - KAMU-SEN-in məsul işçisi Ahmet Demirçi dedi ki, hazırda dünyada başdöndürücü sürətlə irəliləyən texnoloji inkişaf var. Robot, nano texnologiya və “süni intellekt” kimi inkişaflar iş həyatına və işçilərə mənfi təsir göstərir. Bir tərəfdən iqlim dəyişmələri, bir tərəfdən də sürətlə irəliləyən texnoloji inkişaf sayəsində işçilər haqlarının itirilməsi ilə üz-üzə qalıb və bundan çox narahatdırlar. Biz işçilərin hüquqlarının itirilməsini ən minimuma endirməyə çalışırıq.
Ahmet Demirçi onu da qeyd etdi ki, 2017-ci ildə “industry 4” adlı işçilərin və iş həyatının gələcəyi ilə bağlı böyük bir layihə başlatdıq. İttifaqları, əmək nazirliyini, palatalar və birjaları, bir tacirin yaratdığı böyük birliyi də bu işə dəvət etdik. Artıq dəstəklərini də almışıq. Bu məsələ üzrə xüsusilə 3 ildir ki, çox çalışırıq və mütəxəssisləri bir araya gətiririk. Evdən çalışmaq, sosial güvənlik sistemindəki əskiklikləri tənzimləyəcək əlavə tədbirlər almaq, universitetlərdə təhsil modellərini inkişaf etdirmək və bir çox məsələni gündəmimizdə tuturuq. 3-4 il ərzində isə daha yaxşı nəticələr alacağımızı düşünürük. Bu, dünya üçün böyük problemdir. Hər kəs bu işdə çalışmaq məcburiyyətindədir. Əks təqdirdə işçilər qarşı-qarşıya qalacaq.

 


BƏT-in Şərqi Avropa və Mərkəzi Asiyada layiqli əmək qrupunun gender və ayrı-seçkilik məsələləri üzrə mütəxəssisi xanım Özgə Bərbər Ağdaş isə dedi ki, Beynəlxalq Əmək Təşkilatı üçtərəfli struktur əsasında fəaliyyət göstərir. İşçi, işəgötürən və hökumət təmsilçiləri ilə birlikdə ortaq beynəlxalq sözləşmələri qəbul edirlər. Bu sözləşmələrin başında gələn 8, hətta 10 əsas sözləşməmiz var. Birləşmək azadlığı, ayrı-seçkiliyə uğramamaq, bərabərlik haqqı, eyni zamanda uşaqların əməyindən istifadə etməyin və onların müxtəlif işlərdə çalışdırılmasının qarşısını almaq, eyni zamanda sağlıqlı olduğu ortamlar yaratmaq.
Özgə xanım xüsusilə vurğuladı ki, hər il iyun ayında toplanan mütəxəssislər komitəsinin iclasında bu məsələdə problem yaşayan ölkələrə dair ətarflı çalışmaların və sözləşmələrin tətbiq edilməsinin aidiyyəti tərəflər ilə müzakirə olunduğunu da bilirik. Yəni ölkə adını saymaq yerinə, ümumi olaraq bu sözləşmələrin həyata keçirilməsində xüsusilə kollektiv razılaşma hüququ, qruplaşma, ayrı-seçkiliyə uğrama, bərabər əməkhaqqı məsələsində haqlarının tapdandığını da bilirik. Bu cür problemləri aradan qaldırmaq üçün həm işçilər, həm işəgötürən təşkilatlar və hökumətlər ilə yaxından araşdırmalar aparırıq. Ümid edirəm ki, yaxın zamanda müsbət nəticələr əldə edə bilərik.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: