Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkəmizdə ekoloji təmiz məhsullar istehsal olunurmu?

Ümumiyyətlə, bu proses necə gedir? Fermerlər orqanik məhsullar yetişdirməkdə maraqlıdırlarmı?

02.10.2024 11:26
11
A+
A-

Qida təhlükəsizliyi insan sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Orqanik əkinçilik təhlükəsiz qida əldə etməyin yollarından biridir. Orqanik və ekoloji təmiz qida məhsulları tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olur. Yetişdirilməsində, satışında süni gübrələrdən, həşərat dərmanlarından, antibiotiklərdən, boyalardan, kimyəvi maddələrdən, qablaşdırma vasitələrindən istifadə edilmir. Bu qida məhsullarının tərkibində faydalı antioksidantların miqdarı çox, digər zərərli maddələrin miqdarı isə minimum səviyyədə olur. Bu məhsulların istehlakı zamanı oqranizmə daxil olan antioksidantlar ürək- damar xəstəliklərinin, görmə problemlərinin, erkən qocalmanın qarşısının alınmasında faydalı hesab edilir.

Ölkəmizdə ekoloji təmiz məhsullar istehsal olunurmu? Ümumiyyətlə, bu proses necə gedir? Fermerlər orqanik məhsullar yetişdirməkdə maraqlıdırlarmı?

Suallarımıza cavab almaq üçün “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyevə müraciət etdik.

Emin müəllim Azərbaycanda ekoloji təmiz məhsul istehsalı prosesinin çox zəif getdiyini dedi. Bildirdi ki, orqanik məhsul istehsalçıları barmaqla sayılacaq qədər azdır. Ölkəmizdə, deyilənə görə, təmiz yerli məhsul standartları yaradılıb. Amma o standartlar barədə dəqiq məlumat yoxdur. “Orqanik Məhsul Haqqında” qanun 2019-cu ildən Milli Məclisdə qəbulunu gözləyir. Hazırda isə dünya üzrə orqanik kənd təsərrüfatını vahid bir ideya ətrafında birləşdirən və onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı Federasiyasıdır (İOFAM). Orqanik kənd təsərrüfatının əsas prinsipləri İOFAM-ın işləyib hazırladığı standartlarda ifadə olunur.

Bizim bəzi şirkətlər var ki, onlar vaxtında Türkiyədən dəvət etdikləri audit şirkətlər üzərindən beynəlxalq orqanik sertifikatlar alıb məhsullar istehsal edirdilər. Sonra həmin şirkətlər də o setifikatlardan məhrum oldular. Çünki yeniləmədilər. Nəticə etibarilə onların istehsal etdiyi məhsul orqanik sayıla bilməz. Biz də, Birlik olaraq, çalışırıq ki, ölkədə ekoloji təmiz məhsul istehsalçılarının sayı çox olsun. Təbii qidalanmaya ölkə əhalisinin böyük marağı var. Hər birimiz təbii kənd qatığı, pendiri, südü, toyuğu, meyvəsi, tərəvəzi istifadə eləməyə meyilliyik. Sosial- iqtisadi vəziyyətindən asılı olmayaraq, hər kəs orqanik təbii məhsullarla qidalanmağa çalışır. Düşünürlər ki, kənddən gəlibsə, arxayınlıqla istifadə edə bilərlər. Amma təbii şəkildə yetişdirilən və ya kənd məhsulları adı altında satılan məhsullar orqanik sayılmır. O məhsulları yoxlasaq, beynəlxalq standartlara cavab verməyəcək. Heç ölkədə onu yoxlaya biləcək Avropa İttifaqından akkreditasiya olunmuş audit şirkətləri belə yoxdur ki, fermerlərə sertifikat versin.

Müsahibim təəssüf hissi ilə bildirdi ki, ölkəmizdə bu cür məhsulların istehsalı və ölkəyə idxalı prosesində çətinliyimiz var. Buna baxmayaraq, marketlərdə üzərində orqanik etiketi olan xaricdən idxal edilmiş orqanik məhsullar satılır. Həmin məhsullar isə adi məhsullardan dəfələrlə baha qiymətədir. Təsəvvür edin, xaricdən gətirilən 450 qramlıq orqanik qlütensiz çörək marketlərimizdə 7-8 manata satılır. Bu, adi çörəkdən on dəfə bahadır.

E.Əliyevin fikrincə, ölkədə imkanı çatan hər kəs istədiyi orqanik məhsulu rahatlıqla alıb istehlak etməlidir. Burada isə əsas iş fermerləri təşviq etməkdir ki, onlar ənənəvi əkinçilikdən ekoloji təmiz məhsul yetişdirilməsinə keçid etməyə maraqlı olsunlar. Oqranik məhsul ilə sıradan bir məhsulun arasında qiymət fərqi, yerli məhsul olsa belə, altı-yeddi dəfədən çox olacaq. Orqanik məhsul ixrac məhsulu, əlavə dəyər məhsulu sayılır. Çünki əlavə resurslar və risklər daşıyır. Bunun üçün isə fermerlərə əlavə şərait yaradılmalıdır. Subsidiyalar ayrılmalıdır. Ənənəvi kənd təsərrüfatı məhsulları becərən fermer, məsələn, kartof istehsalçısı on hektar ərazidə orqanik məhsul əkmək istəyir. Bu, keçid zamanı üç il torpağın təmizlənməsinə sərf olunmalıdır. Çünki torpaq həmin günə qədər qeyri-üzvi gübrələrlə və digər kimyəvi  dərmanlarla zədələnib. Deməli, fermer torpağın təmizlənməsini gözləməklə üç il qazancsız qalacaq. Digər çətinliklər də var. Ən birincisi setifikasiyadir. Bunu yuxarıda da vurğuladım. Başqa bir risk isə, məhsulların xəstəliklərə qarşı dözümsüzlüyüdür. Bu dözümsüzlük də kimyəvi preparatlardan istifadə etməməklə bağlıdır. Belə məhsulların məhsuldarlığı da bir o qədər yüksək olmur. Belə olduqda sahibkarın marağı olmur. Halbuki, həmin torpaqda modifikasiya olunmuş alma bağı salarsa, kimyəvi dərmanlardan istifadə edərək istədiyi orqanik məhsuldan qat-qat artıq qazanc əldə edəcək. Orqanik məhsulların istehsalına keçmək istəyiriksə, pilot təsərrüfatlar yaradılmalıdır. Azərbaycanın 14 iqtisadi rayonunda bir - iki hekrarlıq pilot təsərrüfatlar yaradılsa, tez bir zamanda ölkəmiz dünyaya “Made in Azerbaijan” adı altında orqanik məhsul ixrac eləyə bilər. Bizim assosiasiya bunu beş ildir deyir. Bundan əlavə, təklif etmişik ki, işğaldan azad olunan ərazilərdə “Organic Zangazur” və ya “Organic Karabakh” brendi adı altında məhsullar istehsal edək. Təəssüf ki, bu istiqamətdə hələ heç bir addım atılmayıb.

Leyla BƏHRAMQIZI

 

ETİKETLƏR: