Beynəlxalq Ahıllar Günü
Biz çalışmalıyıq ki, insan mərkəzli, davamlı və ədalətli qayğı sistemləri yaradılsın.
BMT-nin Baş katibi Antonio Quterreş hər il oktyabrın 1-də qeyd edilən Beynəlxalq Ahıllar Günü münasibətilə hökumətlərə müraciət edib.
Müraciətdə deyilir: “Builki Beynəlxalq Ahıllar Günündə gəlin, ahıl insanların ləyaqətinə hörmət edən qayğı və dəstək sistemlərini gücləndirmək öhdəliyi götürək”.
BMT-nin Baş katibi əlavə edib ki, hökumətlər öz ölkələrində yaşlı insanların layiqli həyat tərzini təmin etmək üçün əlavə tədbirlər görməli, həmçinin bu sahədə qanunvericilik bazası daha mükəmməl olmalıdır. Bununla belə, çox vaxt yaşlı insanlar ehtiyac duyduqları qayğıya çıxış əldə edə bilmirlər, bu da onları daha da həssas edir, bir çoxu ödənişsiz baxım işinin əsas hissəsini yerinə yetirən yaşlı qadınlar dəstəyin olmamasından ən çox əziyyət çəkirlər.
Həm qayğı alanların, həm də qayğı göstərənlərin hüquqlarının tanınması cəmiyyətin dayanıqlığının yaradılması üçün vacibdir. Biz çalışmalıyıq ki, insan mərkəzli, davamlı və ədalətli qayğı sistemləri yaradılsın.
2024-cü ildə Beynəlxalq Ahıllar Günü “Ləyaqətlə Yaşlanma: dünyada ahıllar üçün qulluq və dəstək sistemlərinin gücləndirilməsinin əhəmiyyəti” mövzusunda qeyd edilir. BMT bildirir ki, əhalinin qocalması bütün dünyada cəmiyyətləri yenidən formalaşdıran əsas qlobal tendensiyadır. 2030-cu ilə qədər qlobal miqyasda yaşlı insanların sayının gəncləri üstələməsi proqnozlaşdırılır və bu artım sürətlə inkişaf etməkdə olan ölkələrdə baş verir. Bu demoqrafik dəyişiklik rəsmi və qeyri-rəsmi şəraitdə həm ödənişli, həm də ödənişsiz dəstək üçün geniş ehtiyacları əhatə edərək, ahıllara qayğı göstərilməsi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirib. Əhalinin yaşı artdıqca, hərtərəfli səhiyyə, qayğı və sosial dəstək xidmətlərinə tələbat, xüsusilə demensiya kimi xəstəlikləri olan yaşlı insanlar üçün əhəmiyyətli dərəcədə artıb.