Brüsseldə etiraz aksiyası
Qeyd olunub ki, Aİ hökumət müqavilələrini işçilərin hüquqları ilə şərtləndirərək, maaş və iş şəraitində pisləşməni dayandırmalıdır.
Oktyabrın 1-də Avropanın 9 ölkəsindən olan minlərlə işçi (təmizlik işçiləri, mühafizəçilər və iaşə xidməti işçiləri) Brüsseldə etiraz aksiyası keçirib. Aksiya Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayendən satınalma islahatları vasitəsilə milyonlarla işçinin maaşını və iş şəraitini yaxşılaşdırmaq üçün hərəkətə keçməsini tələb etmək məqsədilə təşkil olunub. İşçilər, həmkarlar ittifaqı liderləri və Avropa Parlamentinin üzvləri Avropa İttifaqının (Aİ) hazırkı satınalma qaydalarının yaratdığı “aşağıya doğru yarışı” pisləyiblər.
Qeyd olunub ki, Aİ hökumət müqavilələrini işçilərin hüquqları ilə şərtləndirərək, maaş və iş şəraitində pisləşməni dayandırmalıdır.
Bu müqavilələr əsasında milyonlarla işçi çalışır və dövlət satınalmaları vasitəsilə yaradılan standartlar bütün özəl sektorda əməkhaqqı və iş şəraitinə təsir göstərir.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Ester Linç deyib ki, Avropa İttifaqının zəif dövlət satınalma qaydaları maaşların aşağı düşməsinə və iş şəraitinin ağırlaşmasına səbəb olur. Brüsseldə nümayiş keçirən insanlar mühüm işlər görsələr də, çox vaxt yoxsulluq içində yaşayırlar, çünki dövlət müqavilələri yalnız ən aşağı qiymət çərçivəsində bağlanılır.
Əgər şirkətlər gəlirli dövlət müqavilələri istəyirlərsə, ictimai maraqlardan çıxış etməlidirlər. Bu, dövlət pullarının işçilərin hüquqlarına və həmkarlar ittifaqı hüquqlarına hörmət edən, həmkarlar ittifaqları ilə danışıqlar aparan və işçiləri kollektiv müqavilələrlə əhatə olunan təşkilatlara getməsini təmin etmək üçün Aİ-nin dövlət satınalma qaydalarına yenidən baxılması deməkdir.