Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əsas iş yeri üzrə əmək şəraiti zərərli olan sahədə çalışıram. Əvəzçilik üzrə də eyni əmək şəraiti olan işdə çalışa bilərəmmi?

İdris ZAMANLI, Daşkəsən şəhəri.

02.10.2024 11:48
14
A+
A-

Əsas iş yeri üzrə əmək şəraiti zərərli olan sahədə çalışıram. Əvəzçilik üzrə də eyni əmək şəraiti olan işdə çalışa bilərəmmi?

 

İdris ZAMANLI, Daşkəsən şəhəri.

- Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Lakin bəzi hallarda əvəzçilik üzrə işləməyə icazə verilmir. Həmin maddənin 5-ci hissəsinə görə, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin Siyahısı Nazirlər Kabineti tərəfindən 2004-cü ildə 175 №-li qərarla təsdiq edilmişdir.

Çalışdığınız sahə əmək şəraitinə görə zərərli sahə hesab edilirsə, eyni şəraitli başqa bir sahədə əmək müqaviləsi bağlayaraq əvəzçilik üzrə çalışa bilməzsiniz. Belə hal əmək qanunvericiliyinə ziddir.

 

Eşitdim ki, 5-ci uşaq dünyaya gələndə uşaqlar üçün müavinət verilir. Mən müavinət almaq üçün müraciət etdim. Dedilər ki, mənə 5 uşağa görə pul düşmür. Bu, düzgündürmü?

Səlma QULİYEVA, Lənkəran rayonu.

 

- Doğrudur, çoxuşaqlı qadınlara dövlət tərəfindən müavinət ödənilir. “Sosial müavinətlər haqqında” qanuna əsasən, həmin Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik pul vəsaiti ödənilir.

Lakin bu vəsait beşdən çox uşağı olan qadınlara ödənilir. Həm də bu, aylıq müavinətdir.

Qanunun 7.0.10-3-cü maddəsinə əsasən, beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşağı doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda sosial müavinət verilir.

Müraciətinizlə bağlı Sizə sosial müavinət verilməməsi düzgündür. Çünki uşaqların sayı buna imkan vermir. Uşaqların sayı 5-dən çox olmalıdır və 6-cı doğulan uşağın bir yaşı tamam olandan sonra bu müavinət üçün müraciət etmək lazımdır.

 

Şifahi formada vəsiyyətnamə bağlamaq istəyirəm. Bu niyə mümkün deyil?

 

Tükəzban MƏMMƏDOVA, Bakı şəhəri.

 

- Vəsiyyətnamələrin kimlər tərəfindən verilməsi və hansı formada bağlanması Mülki Məcəllə ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar şəxslər sırasından bir və ya bir neçə şəxsə qoya bilər ki, bu da vəsiyyət adlanır. Vəsiyyət edən şəxs vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs olmalıdır.

Qanunvericilik vəsiyyətin hansı formada tərtib olunmasını birbaşa göstərmişdir. Bu tələbdən məlum olur ki, vəsiyyətnamənin şifahi formada hüquqi qüvvəsi yoxdur. Adıçəkilən Məcəlləyə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Yazılı vəsiyyətnaməyə həm notariat formasında, həm də bunsuz yol verilir.

 

Ailə başçısını itirməyə görə pensiya alıram. Eşitmişəm ki, təkrar nikaha girsəm pensiyam dayandırılacaq.

Sabir VƏLİYEV, Biləsuvar rayonu.

- Ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” qanunun 14-cü maddəsində göstərilib. 14.1.2. maddəyə əsasən, ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, onda həmin şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Lakin həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi 37.8-ci maddədə göstərilən halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır.

37.8.3-cü maddəyə görə, bunlardan biri də əmək pensiyaçısının dul arvadının (ərinin) yeni nikah bağlaması halıdır. Təkrar nikaha düşsəniz, sizə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılacaq.

ETİKETLƏR: