Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2025-ci ildə hansı vergi güzəştləri gözlənilir?

.

02.10.2024 11:59
11
A+
A-

Hökumət ölkədə tətbiq olunan vergi təşviqlərini və optimallaşdırma tədbirlərini 2025-ci ildə davam etdirməyi planlaşdırır. Növbəti ilin gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək və digər stimullaşdırma paketini nəzərdə tutur. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji  sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar atılması istisna edilmir.
Gələn il vergi siyasəti tədbirlərinə əsasən, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün  azaldılması, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi və bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə vergi güzəştinin tətbiqi nəzərdə tutulur.
2025-ci ildə sahibkarlar üçün vergi yükünün optimallaşdırılması siyasəti əsas prioritetlərdən biri olacaqdır ki, bu da biznesin maraq və mənafelərinə xidmət edir. İqtisadi xarakterli güzəştlər üzrə siyasətin əsas istiqamətlərindən biri 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir. Həmçinin ölkədə kiçik və orta biznesin fəaliyyətini stimullaşdırmaq da əsas təşviqlərdən biridir.
Biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal – elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir.
Bütün bu güzəşt paketinin məqsədi qarşıdakı illərdə vergi yükünü optimallaşdırmaqla daha da aşağı salmaqdır. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Eyni zamanda vergi nəzarəti mexanizminin və vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi bu strateji xəttə xidmət edir.
Vergi güzəştlərinin digər istiqaməti ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı olacaq. İlk növbədə ətraf mühitin sağlamlaşdırılmasını həyata keçirən və bərpaolunan enerji istehsal edən sahibkarlıq subyektlərinə vergi güzəşti tətbiq ediləcək. “Yaşıl Enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrindən enerji istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılması və investisiyaların stimullaşdırılması üçün əlavə təşviqedici iqtisadi alətlərindən istifadə ediləcək ki, burda vergi güzəştləri əsas yeri tutacaq. Bura elektrik mühərriki ilə çalışan avtobus və nəqliyyat vasitələrinin, elektromobillərin idxalına gömrük rüsumunun və vergilərin ləğvi də daxildir. Bu kontekstdə növbəti ildə də Vergi Məcəlləsində bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Başqa bir istiqamət vergi və gömrük inzibatçılığı mexanizminin təkmilləşdirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə Gömrük Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi də istisna deyil.
Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərə əsasən, güzəşt və azadolmalar sosial məzmun daşıyır. Sosial  xarakterli  güzəştlər hələ bir neçə il də qüvvədə qalacaq və 2024-2027-ci  illər  üzrə vergi gəlirləri üzrə siyasətinin əsas istiqamətləri sırasında olacaq. Ümumiyyətlə, növbəti ildə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə, habelə nəticəyönümlü güzəşt və azadolmalar müəyyən edilməklə bu siyasətin yenidən davam etdirilməsinə qərar veriləcək.
2025-ci ildə dövlət rüsumlarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi də nəzərdə tutulur.
Növbəti ildə bütün bunlarla yanaşı, dövlət büdcəsi gəlirlərini təmin edən vergi orqanı ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində addımların atılması davam etdiriləcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: