Milli Məclisin plenar iclasında 28 məsələ müzakirə edilib
Müzakirələrdən sonra Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclasda Sahibə Qafarova Milli Məclisin deputatlarının ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin Dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildirdiklərini deyib. O xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Qeyd olunub ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir.
Sonra iclasda cari məsələlər müzakirə olunub.
Müzakirələrdə çıxış edən deputatlar gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini açıqlayıblar. Onlar ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibinə göndərdiyi müraciətə münasibət bildiriblər. Deputatlar insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən bu müraciətin heç bir əsası olmadığını, böhtanla dolu, dialoq ruhuna zidd fikirlərin qəbuledilməz olduğunu deyiblər.
Bildirilib ki, parlamentin bir qrup üzvünün ABŞ Konqresi üzvlərinin Azərbaycana qarşı sanksiya tətbiq etməklə əlaqədar müraciətə və çağırışlara cavab məktubu bütövlükdə Milli Məclisin və Azərbaycan xalqının iradəsi və cavabı kimi qiymətləndirilməlidir. Bu gün qüdrətli orduya, güclü iqtisadiyyata malik olan, qalib Azərbaycanı hər hansı sanksiya ilə öz yolundan döndərmək mümkün deyil. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyəti bütün dövlətlərlə sülh, əmin-amanlıq, təhlükəsizlik, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməkdən ibarətdir.
Milli Məclisin sədri bugünkü iclasın gündəliyində 28 məsələnin olduğunu deyib. O qeyd edib ki, ilk 7 məsələ ölkə Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı qərar layihələridir.
Müzakirələrdən sonra Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.