“Fəaliyyətimizi yeni innovativ həllərlə təkmilləşdirməliyik”
O.Ərəbov bu əlamətdar günə istinadən keçirilən tədbirin həm də təklif və diskussiya baxımından önəmli olacağını qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 7 Oktyabr-Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə AHİK-in Aparat işçiləri, üzv təşkilatların nümayəndələri, o cümlədən hüquq və texniki əmək müfəttişləri iştirak ediblər.
AHİK sədrinin müşaviri Orxan Ərəbov çıxış edərək bu əlamətdar günün tarixi ilə bağlı qısa məlumat verib. Deyib ki, Ümumdünya Layiqli Əmək Günü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və Beynəlxalq Əmək Təşkilatının fəal dəstəyi ilə 2008-ci ildən hər il qeyd edilir. Onun əsas vəzifəsi dünyanın bütün həmkarlar ittifaqlarını layiqli əmək şəraitinin təmin edilməsi uğrunda fəaliyyətə səfərbər etməkdir. Hər il oktyabrın 7-də dünyada layiqli əmək hüququnun dəstəklənməsi üçün milyonlarla insanı əhatə edən tədbirlər keçirilir.
AHİK sədrinin müşaviri ölkəmizdə BƏT-in 60-a yaxın konvensiyasının ratifikasiya olunduğunu bildirib. Azərbaycan hökuməti, AHİK və BƏT arasında qarşılıqlı əməkdaşlıq münasibətləri, birgə həyata keçirilən layihələr haqqında danışıb. Qeyd edib ki, BƏT ilə birgə artıq iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub, hazırda yeni layihə üzərində iş aparılır. Proqram ölkəmizdə beynəlxalq gündəliyə uyğun fundamental əmək hüquqları və prinsiplərinin təminatında yeni təşəbbüsləri nəzərdə tutur. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur.
O.Ərəbov bu əlamətdar günə istinadən keçirilən tədbirin həm də təklif və diskussiya baxımından önəmli olacağını qeyd edib. Deyib ki, ittifaq üzvü olan vətəndaşlarımızın iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması və əmək hüquqlarının təmin olunması istiqamətində Konfederasiyaya üzv təşkilatlardan gələn təkliflərin dəyərləndirilməsi də mühümdür.
Məqsədimiz Azərbaycan həmkarlar ittifaqlarını yeni çağırışlara uyğun inkişaf etdirmək və cəmiyyətdə nüfuzunu artırmaqdır. Bu sahədə fəaliyyətimizi təkmilləşdirməklə, yeni innovativ həllərlə bağlı dəyişikliklərin hazırlanması, sıralarımıza daha çox üzvün, xüsusən də gənclərin cəlb olunması ilə qarşıya qoyduğumuz hədəfə çata bilərik.
Sonra tədbirdə layiqli əməklə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Müzakirələrdə işçilərin hüquqlarının qorunması və layiqli iş şəraitinin təmin edilməsi məqsədilə həmkarlar ittifaqlarının prosesdə fəal iştirakının vacibliyi vurğulanıb. Həmkarlar ittifaqlarının eyni zamanda hökumət və işəgötürənlərlə birgə əməkdaşlıq edərək sosial dialoq və ədalətli əmək şəraiti istiqamətində daha geniş təşəbbüslər irəli sürmələrinin əhəmiyyəti xüsusi qeyd edilib. Təkliflər arasında həmkarlar ittifaqlarının işçilərin sosial hüquqlarının təmin olunması, təhlükəsizlik standartlarının yüksəldilməsi, iş saatlarının nizamlanması və qadın işçilərin hüquqlarının qorunması kimi sahələrdə daha aktiv rol oynaması da yer aldı.
Azər MUSTAFAYEV