Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sağlam həyat naminə erkən nikaha “YOX” deyək

Araşdırmalar göstərir ki, erkən nikaha daxil olan qızlar daha çox depressiyaya və intihar düşüncələrinə səbəb olan sosial təcrid və emosional zorakılıqla üzləşirlər.

09.10.2024 11:37
49
A+
A-

BMT ekspertlərinin fikrincə, heç bir qız ərə getməyə məcbur edilməməlidir. Onların qənaətincə, yetkinlik yaşına çatmayanların nikahı uşaqların hüquqlarını pozur və köləlik forması kimi tanınmalıdır. Beynəlxalq hüquq müdafiəçiləri deyirlər ki, məcburi ərə verilən qızlar qulluqçu, cinsi kölə olur, onların təhsil, sağlamlıq, fiziki və psixoloji zorakılıqdan azad olmaq hüquqları pozulur.

Araşdırmalar göstərir ki, erkən nikaha daxil olan qızlar daha çox depressiyaya və intihar düşüncələrinə səbəb olan sosial təcrid və emosional zorakılıqla üzləşirlər.

Bir çox hallarda qızların təhsillərini yarımçıq qoymağa məcbur olmasının səbəbi erkən nikahlardır. 20 Sub-Sahara ölkələrində aparılan araşdırma Çad, Mozambik və Nigeriyadakı evliliklərin təxminən üçdəbirinin səbəbi məktəbi tərketmə olduğunu göstərdi. Beləliklə, təhsildə boşluğun artması gender bərabərsizliyinin artmasına səbəb olur. Çünki qızların iş tapmaq və maliyyə müstəqilliyi əldə etmək imkanları daha az olur. Təhsili dayandırılmış qızların işləmək üçün lazım olan bilik bazası və bacarıqları yoxdur, bu da onları ödənişsiz ev işlərinə məcbur edir.

Azərbaycanda hələ də nikah yaşına çatmamış qızlar ərə gedir və onlar uşaq dünyaya gətirirlər. Ölkəmizdə 2023-cü ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1742 nəfər olub.

Bəs, görəsən, hələ də nikah yaşına çatmamış qızların ailə qurmasının səbəbləri hansılardır? Bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva erkən nikah, uşaq yaşında evliliklərin bir neçə səbəbdən baş verdiyini söylədi. Bildirdi ki, əksər hallarda yeniyetmə qızlar valideynlər və ya yaxın qohumları tərəfindən təhrik edilir. Valideynlər qızlarının fiziki təhlükəsizliyi, yəni əxlaqının qorunması stereotipindən hələ də xilas ola bilmirlər. Bəzi valideynlər uşağın (qızının) təbii ehtiyaclarının ödənilməsində çətinlik çəkirlər. Bu çətinlikdən xilas yolunu qızını maddi cəhətdən daha imkanlı ailəyə verməkdə görürlər.

Həmsöhbətim erkən evliliklərin mənfi nəticələrini açıqladı: “Erkən evliliyin tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları kifayət qədər çoxdur. Məsələn, erkən evliliyə daxil olan yeniyetmə qızlar əksər hallarda öz təhsilini davam etdirə bilmirlər. Aldıqları təhsil səviyyəsi ilə kifayətlənməli olurlar. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır, inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərir. Nəticədə işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına gətirib çıxarır.

Məlum olduğu kimi, erkən evliliklərin hamısı dini mərasimlərdə baş verir. Ona görə də boşanma zamanı zəif cinsin nümayəndəsinin hüquqlarının qanunla qorunması mümkün olmur.

Erkən evliliklərin mənfi nəticələrinin qarşısının alınması istiqamətində ciddi addımların atılması zərurətinin yarandığını nəzərə alaraq    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qanun layihəsi hazırlanıb təqdim edilib. Layihə əsasında Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müəyyən dəyişikliklər edilib. Belə ki, Ailə Məcəlləsində nikah yaşının 1 il azaldılmasına dair istisna halları ləğv edilib. Cinayət Məcəlləsində on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə, eləcə də İnzibati Xətalar Məcəlləsində on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərinin keçirilməsinə görə cəza tədbirlərinin görülməsi ilə bağlı dəyişikliklər edilib.

K.Əliyeva onu da vurğuladı ki, belə halların qarşısının alınması istiqamətində yalnız dövlət tərəfindən tədbirlərin görülməsi kifayət deyil. Dövlət Komitəsi olaraq bizim tövsiyəmiz odur ki, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olsunlar, ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmasınlar.

“Erkən nikahlar cəmiyyətin ümumi inkişafına manə olan amildir”. Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirdi. Dedi ki, görülən tədbirlər nəticəsində son illərdə erkən evliliklərin sayı nisbətən azalsa da, vəziyyət bir o qədər də ürəkaçan deyil. Burada bir sıra problemlər var. Erkən evlənənlər nikah bağlaya bilmir, beləliklə, nikah olmadan uşaqlar dünyaya gəlir. Bəzən də erkən evlənənlər uşaq dünyaya gələndən sonra boşanırlar və həmin uşaqlarla bağlı ciddi mənfi sosial nəticələr ortaya çıxır. Belə evliliklərdə rəsmi qeydiyyat olmadığına görə, uşaqların müdafiələrinə xələl gəlir. Nəticə etibarilə boşanma halları olduqda, dövlətin sosial yükü artır. Nəhayət, məsələnin daha ağır mənəvi tərəfi də var.

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto