Gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar
.
“44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar ilk növbədə milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar”.
Bunu ölkə Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışındakı çıxışında bildirib.
Bəs bu ruhu qorumaq və yeni nəsillərə ötürmək üçün nə etməliyik? Təhsil proqramlarında və sosial fəaliyyətlərdə nə kimi işlər görülür?
“Milli birlik və vətənpərvərlik ruhu Vətən müharibəsində mühüm rol oynadı. Onların bu cür nümunəvi yetişməsində, sözsüz ki, ailənin, təhsilin, həm də mühitin rolu böyükdür”. Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa bildirdi.
-Hər kəs bu və ya digər formada bu prosesi təhsil sahəsi ilə bağlayır. Çünki məktəbəqədər təhsil müəssisələrindən tutmuş, universitet mühitinə qədər verilən təlim-tərbiyə, təhsil bu sahədə mühüm rol oynayır. Sizin fikriniz necədir? Məsuliyyət daha çox kimin üzərinə düşür?
- Məsuliyyət hər birimizin, - deyərdim. Təhsil sahəsinə isə xüsusi həssaslıqla yanaşmalıyıq. Ölkə Prezidentinin də vurğuladığı kimi “... həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var”. Universitetlərdə olan infrastruktur, hazırlıq səviyyəsi və şəxsiyyət yetişdirmə potensialı çox önəmlidir. Biz ilk növbədə bilməliyik ki, necə kadrlar yetişdiririk? Burada söhbət təkcə milli vətənpərvərlik ruhundan getmir, eyni zamanda peşəkar, savadlı kadrlardan bəhs olunur. Belə kadrların sayının artması nəticəsində bilməliyik ki, sözsüz ki, cəmiyyətdə daha böyük bir tərəqqinin əsas hərəkətverici qüvvəsi yetişir.
- Son illərdə gənclər təhsillərini xarici ölkələrdə almağa və ya davam etdirməyə meyillidirlər. Onların ölkəyə qayıdıb öz məmləkətlərinə xidmət etmələri üçün nə kimi cəlbedici tədbirlər görülməlidir?
- Düzdür, hazırda xaricə axın çoxdur. Miqrasiyanın yararlı tərəfləri də var. İxtisaslı peşəkar kadrların Azərbaycanı tanıtması kimi. Xaricdə təhsil alan və təcrübə qazanan gənclərin ölkəyə geri qayıdaraq qazandıqları bilik və bacarıqları tətbiq etməsi də ölkənin inkişafına böyük töhfə verə bilər. Qlobal trendləri izləyən, yeni texnologiyalarla tanış olan gənclər Azərbaycanın təhsil, elm və iqtisadiyyat sahələrində tərəqqiyə təkan verə bilərlər.
Xaricdə təhsil alan gənclər, əgər ölkəyə geri qayıtmırlarsa, bu, müəyyən sahələrdə kadr çatışmazlığına səbəb olur. Həm də onlar tədricən milli mədəniyyət və ənənələrdən də uzaqlaşırlar.
Bütövlükdə biz çalışamlıyıq ki, hər kəs xoşbəxtliyini öz məmləkətində tapsın. Dövlətimizin rifahı üçün bu, vacib amildir.
Təhsil üzrə ekspert Kamran Əsədov dedi ki, təhsil sistemində milli ruhun aşılanması əsas prioritetlərdən biridir. Xüsusilə Qarabağ münaqişəsi və Vətən müharibəsi mövzuları dərsliklərdə geniş işıqlandırılır. Bu, gənclərdə milli qürur hissi oyadır və tarixi şüuru möhkəmləndirir. Məsələn, orta məktəb dərsliklərində Qarabağ savaşının qəhrəmanları, ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın tarixi uğurları geniş şəkildə yer alıb.
Bundan başqa, bu sahədə bizim prioritet hədəfimiz olmalıdır ki, gənclərimiz şəhidlərimizin və qəhrəmanlarımızın həyatını və fədakarlıqlarını öyrənsin, onların xatirəsinə daim ehtiram göstərsinlər. Mədəniyyət və incəsənət vasitəsilə vətənpərvərliyin təbliği də mütəmadi olaraq aparılmalıdır. Kitablar, filmlər, teatr tamaşaları və mahnılar vasitəsilə gənclərə milli ruh və Vətən sevgisi aşılanmalıdır.
Ekspert dedi ki, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi üçün təhsil proqramlarının daha da zənginləşdirilməsi, vətənpərvərlik mövzularında yeni dərsliklərin hazırlanması, həmçinin sosial layihələrin sayının artırılması vacibdir.
Gənclərin xaricə axınının qarşısını almaq üçün yerli iş imkanlarının artırılması, yüksək səviyyəli təhsil müəssisələrinin yaradılması daha önəmlidir. Məsələn, Qarabağ Universiteti bu istiqamətdə vacib addımdır, çünki bu universitet milli ruhda yetişən gənclərin intellektual inkişafını təmin edə biləcək.
Əsli TELMANQIZI