Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sirkulyar iqtisadiyyata keçid

Ölkə iqtisadiyyatı üçün əhəmiyyəti nələr olacaq?

09.10.2024 12:30
8
A+
A-

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir.

 Sirkulyar iqtisadiyyata keçidin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti nələr olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dedi ki, sirkulyar iqtisadiyyat bir tərəfdən yaşıl iqtisadiyyatın dəstəklənməsi, digər tərəfdən isə tullantıların yenidən emalını özündə ehtiva edir.

Hazırda ümumi enerji istehsalında  yaşıl enerjinin payı artaraq 17 faizə qədər yüksəlib. 2030-cu ilədək isə bu rəqəm  30 faizə qədər yüksələcək. Eyni zamanda karbon emissiyasının 2030-cu ilədək 34 faiz azaldılması hədəflənir. Azərbaycanın qlobal karbon emissiyasında payı cəmi 0,1 faizdir. Bu ondan xəbər verir ki, Azərbaycan bir tərəfdən yaşıl iqtisadiyyatı dəstəkləyir, digər tərəfdən karbon emissiyasını minimumlaşdıraraq iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verməyə çalışır.

Millət vəkili vurğuladı ki, sirkulyar iqtisadiyyatın formalaşması həm də ümumilikdə  təmiz iqtisadiyyatın yaranmasına  imkan yaradacaq. Tullantıların emal edilməsi əslində yeni dəyərin formalaşması anlamına gəlir. Həm də ətraf mühitin qorunması, yeni iş yerlərinin yaradılması və məşğulluğun formalaşması aspektindən vacibdir. Çünki sirkulyar iqtisadiyyat yeni iş yerləri yaradır, məşğulluğu dəstəkləyir. Bunun milli-iqtisadi və sosial təsirləri həmçinin qlobal və regional effektləri var. Azərbaycan bu istiqamətdəki fəaliyyətlərini genişləndirmək niyyətindədir.

İnformasiya Texnologiyaları İnstitutunun texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva bildirdi ki, dövri proses sirkulyar iqtisadiyyatın daha dayanıqlı və rəqabətli olması üçün istehsalın, istehlakın rəqəmsal innovativ texnologiyaların tətbiqi və səmərəli üsullarla idarə olunmasını, istehsalçıların resurs çatışmazlığından və qiymət dəyişkənliyindən qorunmasını, tullantıların idarə edilməsinin optimallaşdırılmasını, təkrar emalını, havanı, torpağı, suyu çirkləndirən emissiyaların azaldılmasını və s. işlərin yerinə yetirilməsini tələb edir.

Sirkulyar iqtisadiyyat rəqəmsal resurslardan maksimum istifadə edir və tullantını azaltmağı hədəfləyir. Məqsəd isə istehlak yox, təkrar emalı inkişaf etdirməkdən ibarətdir. Həmçinin sirkulyar iqtisadiyyat təkrar emal və yenidən emal yolu ilə materialların birdəfəlik istifadə olunmasının qarşısını alır, iqtisadiyyatın istehsal və istehlak modellərini, xidmətləri və infrastrukturu yenidən nəzərdən keçirməyə imkan verir.

Onu da qeyd edim ki, sirkulyar iqtisadiyyat təcrübələrini qəbul etmiş ölkələrdə iqtisadi artım təşviq edilərək innovasiya və iş yerlərinin yaradılması üçün yeni imkanlar yaradacaq. Beləliklə, işsizlik problemini də daha aşağı səviyyəyə salmaq mümkün olacaq. Əlavə etdi ki, Dördüncu Sənaye İnqilabının rəqəmsal platforması komponentləri sirkulyar iqtisadiyyata keçidin formalaşması problemlərinin həllində geniş tətbiq olunmalıdır.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: