Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İmkanlar istəklərlə üst-üstə düşməyəndə...

- Eldəniz müəllim, istehlak krediti nədir?

09.10.2024 12:37
7
A+
A-

Bu gün banklara krediti olmayan tək-tük insana rast gəlmək olar. Əhalinin ən çox istifadə etdiyi istehlak kreditləridir. Bu kreditlərin həcmi durmadan artır. Son bir ildə belə kreditlərin həcmi 1,5 milyard manat artaraq 8 milyard manata çatıb.

İqtisadçı-ekspert Eldəniz Əmirova müraciət etdik ki, suallarımıza aydınlıq gətirsin.

- Eldəniz müəllim, istehlak krediti nədir?

- İstehlak krediti günlük ehtiyacları qarşılamaq üçün fiziki şəxslərə müxtəlif məqsədlərlə bank tərəfindən təklif edilən kredit məhsuludur. Rəsmi gəlirə sahib bütün şəxslər müraciət edə bilərlər. Bu kredit növündən adətən məişət texnikası, elektronika, təmir işləri, təhsil xərcləri, səyahət və digər ehtiyacları qarşılamaq üçün istifadə olunur. Ayrı-ayrılıqda hər birinə nəzər saldıqda insanlar üçün vacib görünür. Amma bunların içərisində bəzən texnologiyanın yeniliklərindən irəli gələn kreditlər üstünlük təşkil edir. Markalar yeni məhsul satışa təqdim edərkən mağazalarda növbələr yaranır. Təbii ki, hər kəsin də nağd almağa imkanı çatmır.

- Bəs nəticədə nə baş verir?

- İstehsalı daxili tələbatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən  kənara çıxan pullara çevrilir. Səkkiz milyard ölkəmizin ümumi kredit portfelinin təxminən üçdəbir hissəsidir. Biznes kreditlərinin isə 60 faizinə bərabərdir.  Bu, hədsiz  mənfi göstəricidir. Məsələn, “kredit fəlsəfəsinin” beşiyi olan ABŞ-də verilən kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları  istehlak kreditləridir. Bu da ümumi kreditlərin 14 faizi deməkdir. Hələ nəzərə alsaq ki, ABŞ-də xərclənən istehlak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, kompüteri və digər malları alır.  Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların, demək olar ki, əksər hissəsini xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi həmin məhsulları aldığımız ölkələrə axıb gedir.

İqtisadçı qeyd etdi ki, bu prosesdə malını bizə satan ölkələr, istehlak kreditlərini verən banklar və bu malları ölkəmizə gətirib ticarətini quran subyektlər qazanır: “Bəs uduzan kimdir? Uduzan istehlakçılardır. İstehlakçıların “uduzmasının” çox sayda səbəbləri var. Məsələn, ehtiyac məngənəsində sıxılması, Azərbaycan bazarında yerli məhsulların gətirilmə mallarla rəqabətə girə bilməməsi və bir də, necə deyərlər, qonşudan geri qalmamaq psixologiyası.

Bu məqamda belə bir sual meydana çıxır: nəyə görə başqa ehtiyacları ola-ola, insanlar pullarını saxta imic yaratmaq, özünü göstərmək naminə xərcləyirlər?

Bu sualla sosial ekspert Üzeyir Şəfiyevə üz tutduq. Söylədi ki, biz Abaram Maslonun tələbatların iyerarxik nəzəriyyəsinə nəzər salaq. Orada insan tələbatlarını  qruplara ayırır. Onlardan biri də prestij tələbatlarıdır. Burada insan özünü inkişafa, tanınmaya, aktuallaşdırmağa, hörmətə, özünü təsdiq və təqdir etməyə ehtiyac duyur. Maslon bunları eqoist tələbatlar da adlandırır. İnsanlar fərqlənmək istəyirlər. Bəzən də olur ki, müxtəlif statusda olan insanlara qibtə hissi ilə baxırlar. Onlar kimi olmaq istəyirlər. Onların həyatlarını imitasiya edirlər. Elə də olur ki, insanların uşaqlıqdan xəyallarını qurduğu  arzuları, istəkləri olur. Onu reallaşdırmağa çalışırlar. Nəticədə isə imkanlarını düzgün qiymətləndirə bilmirlər. Daha yüksək hədəflər seçirlər, lüks həyat yaşamaq istəyirlər. Bu zaman isə arzularla imkanlar üst-üstə düşməyə bilir. Çarəni  bankların kredit imkanlarında görürlər. Yüksək məbləğdə kreditlərin altına girirlər ki, məqsədlərinə çatsınlar.  Ancaq onlar unudurlar ki, bu imkan onların arzularını gerçəkləşdirmək üçün olan imkan deyil. Yəni onlar “yağışdan çıxıb yağmura düşə bilərlər”. Sonda ailə və şəxsi büdcədə çox böyük böhranlar yaranır. Bu isə onlara psixoloji təsir göstərir. Hətta onların özünəqəsdə qədər gətirib çıxara bilir.

Üzeyir müəllim dəbdəbəli toy və yas mərasimlərinə də diqqəti çəkərək dedi ki, insanlar kədərini, sevincini də normal yaşaya bilmirlər. Nəyəsə xatir borc-xərcə girir, amma bir müddət sonra bunun sıxıntısını yaşamalı olurlar. Ona görə də insanlar rahat yaşamaq üçün arzularını imkanlarına uyğunlaşdırmalı, ayaqlarını yorğanlarına görə uzatmalıdırlar.

  

Leyla BƏHRAMQIZI

ETİKETLƏR: