Maaşları artdı və tətili dayandırdılar
Tərəflər limanın avtomatlaşdırılması məsələsində razılığa gələ bilmək üçün hazırkı kollektiv müqaviləni 2025-ci ilin yanvar ayına qədər uzatmaq qərarına gəliblər.
Oktyabrın 3-də dokerlər və liman operatorları əməkhaqqı razılaşması əldə etdikdən sonra ABŞ-nin Şərq sahilində və Körfəz Sahilində limanlar fəaliyyətini bərpa edib. Bununla belə, yükdaxili gecikmələrin aradan qaldırılması bir qədər vaxt aparacaq. Tətil səbəbindən limanlardakı konteyner gəmiləri boşaldılmadığından ən azı 54 konteyner gəmisi kənarda növbə gözləyirdi.
Yük Daşıyıcılarının həmkarlar ittifaqı (ILA) və Birləşmiş Ştatların Dəniz Alyansı (USMX) liman operatorları altı il ərzində əməkhaqqının təxminən 62% artırılmasına razılaşaraq, orta əməkhaqqını saatda 39 dollardan 63 dollara yüksəldiblər. İlkin razılaşma tətilə son qoysa da, tərəflər işçilərin iş itkilərinə səbəb olan limanlarda avtomatlaşdırmadan istifadə kimi digər məsələləri müzakirə etməyə davam edəcək.
Tərəflər limanın avtomatlaşdırılması məsələsində razılığa gələ bilmək üçün hazırkı kollektiv müqaviləni 2025-ci ilin yanvar ayına qədər uzatmaq qərarına gəliblər.
İlk belə tətil sahildə çalışan yükdaşıyıcılar tərəfindən 1977-ci ildə keçirilib və onlar altı həftədən çox işlərini dayandırıblar. Ticarət o zaman ümumi iqtisadiyyatda az paya sahib olduğundan zərər bir o qədər böyük olmayıb. İndi Nyu-York, Baltimor, Norfolk, Savanna və Hyuston da daxil olmaqla, böyük limanların uzun müddət bağlanması ilə fasilələr yaranardı və iqtisadi itkilərin miqyası da böyük olacaqdı. Qeyd edək ki, Texasdan Menə qədər 36 limanda baş tutan tətildə 45 min işçi iştirak edib.