Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüş

AHİK sədri şənliklərdə uşaqlara verilən hədiyyə qutularına məntiqi formalaşdıran, düşüncə və sürətli zehni inkişaf etdirən oyuncaqların qoyulmasının məqsədəuyğun olduğunu söyləyib.

16.10.2024 10:18
15
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mədəniyyət Nazirliyinin teatr və konsert müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə AHİK ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan, həyata keçirilən birgə layihələrdən danışılıb, gələcək planlar müzakirə edilib.

Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqlarının bayram və əlamətdar günlərdə teatr və digər mədəniyyət mərkəzləri ilə birgə keçirdiyi tədbirlərlə bağlı təhlillər aparılır. Görüşdə uşaqlar üçün nəzərdə tutulan şənliklərin, bayram tədbirlərinin daha yaxşı təşkil edilməsinə xüsusi diqqət yetirildi. Təklif olundu ki, işin keyfiyyəti daha da artırılsın.

Şənliklərin keçirildiyi məkanların məsul şəxslərinin bu məsələdə önəmini qeyd edən Konfederasiya sədri Sahib Məmmədov tədbirin bədii tərtibat hissəsində xüsusilə milli ruhlu elementlərə, vətənpərvərlik mövzusunda musiqilərə, şeirlərə üstünlük verməsinin vacibliyini bildirib. O, uşaqların asudə vaxtının əyləncəli təşkili ilə yanaşı, onların tərbiyəsinin də diqqətdə saxlanılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

AHİK sədri şənliklərdə uşaqlara verilən hədiyyə qutularına məntiqi formalaşdıran, düşüncə və sürətli zehni inkişaf etdirən oyuncaqların qoyulmasının məqsədəuyğun olduğunu söyləyib.

Görüşdə uşaqlar üçün bayram şənliklərinin respublikamızın iri şəhərləri ilə yanaşı, regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də təşkilinin planlaşdırıldığı deyilib. Bu işlərdə şəffaflığın təmin edilməsindən ötrü AHİK və üzv təşkilatların nümayəndələrindən ibarət komissiyanın yaradıldığı da diqqətə çatdırılıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında uşaqlar üçün keçirilən bu cür tədbirlərdə yeni mütərəqqi yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb, təşkilatçılıq mexanizmlərinin təkmilləşdirilməsinin önəminə diqqət çəkib.

Tədbirdə həmçinin teatr və konsert müəssisələri rəhbərlərinin, eləcə də həmkarlar ittifaqı nümayəndələrinin təklifləri dinlənilib, görüləcək birgə işlər müzakirə olunub.

ETİKETLƏR:

Foto