Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

.

16.10.2024 10:31
10
A+
A-

Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə etmək şansı qazanıb. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulub, müstəqil dövlət kimi cəmi 23 ay fəaliyyət göstərib.

XX əsrin sonlarında sovet imperiyasının dağılması nəticəsində isə ikinci dəfə müstəqilliyini əldə edib. 1991-ci il oktyabrın18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Bu sınaq ilə xalqımız da üzləşib. Müstəqilliyi bərpa etməsindən az müddət keçməmiş yenidən onu itirmək təhlükəsi başımızın üstünü alıb. Bir tərəfdən işğalçı havadarlarının dəstəyi ilə Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyində olanların səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yolu ilə irəliləyib.

Bu gün ölkəmizdə Ulu Öndər     Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, eləcə də gələcək uğurlarımızın həlledici əsasıdır.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti təxribata cavab olaraq əks-hücumla başlanan 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini, onun müstəqillik və ərazi bütövlüyünün toxunulmaz olduğunu sübut etdi. Bünövrəsi Ulu    Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət tarixi ədaləti bərpa etməklə 30 illik işğala son qoydu. Müstəqil Azərbaycan Respublikası suveren hüququndan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıq yaratdı.

2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında qürurla dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Azər MUSTAFAYEV

ETİKETLƏR: