Hər zaman gündəmdə olan vacib məsələ
.
Oktyabrın 3-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Gününə həsr edilmiş dəyirmi masa keçirilib. Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sahə Hİ Rayon Komitəsinin sədri İskəndər Qurbanov çıxışında qeyd edib ki, respublikamızda Ümumdünya Layiqli Əmək Gününün keçirilməsinə xüsusi önəm verilir. İşçilərin layiqli əməyinin təmin edilməsi məqsədilə əmək, məşğulluq, sosial-iqtisadi məsələlərlə bağlı kompleks tədbirlər həyata keçirilir. Deyib ki, ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi biz həmkarlar ittifaq təşkilatları üçün hər zaman gündəmdə olan vacib məsələdir. Bu baxımdan Rayon Komitəsi ittifaq üzvlərinin sağlamlığının qorunması, əməyinin mühafizəsi sahəsində səmərəli fəaliyyət göstərir, əməkhaqlarının vaxtında verilməsinə, məzuniyyət hüquqlarından istifadə edilməsinə nəzarət edir. Ötən müddət ərzində Qazax- Tovuz Regional Mədəniyyət İdarəsi ilə bağlanan Kollektiv Ərazi Sazişində, idarə və müəssisə rəhbərləri ilə bağlanan kollektiv müqavilələrdə layiqli iş yerlərinin yaradılması, layiqli əməkhaqqı, gənclərin məşğulluğu, sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması, əməyin mühafizəsi, işləyən əlillərə qayğı və s. məsələlərə dair öhdəliklər yer alıb. Tarix-Diyarşünaslıq Muzeyinin direktoru G.Alişanova layiqli əmək sahəsində həmkarlar ittifaqı ilə əməkdaşlığın gətirdiyi faydalardan danışıb. Digər çıxışlar da dinlənilib. Tədbir diskussiya şəraitində davam edib.