Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hədəf dövlət qurumları, özəl şirkətlər, investorlar və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək

Qarabağın yenidən qurulması prosesini sürətləndirməkdir

16.10.2024 11:01
375
A+
A-

“Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaq”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində qeyd edib.

Öncə qeyd etmək istəyirəm ki, “Rebuild Karabakh” sərgisi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması və bərpası üçün keçirilən tədbirdir. Bu sərgi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və infrastruktur işləri ilə bağlı beynəlxalq tərəfdaşları cəlb etmək və bölgənin iqtisadi potensialını tanıtmaq məqsədi daşıyır. Burada tikinti, nəqliyyat, elektrik enerjisi, su və digər infrastruktur layihələri nümayiş etdirilir.  Bölgənin yenidən qurulması üçün qabaqcıl texnologiyalar və innovativ həllər təklif olunur, bərpa olunan enerji mənbələri və ekoloji həllərin istifadəsi təşviq edilir.

Sərgi dövlət qurumları, özəl şirkətlər, investorlar və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək Qarabağın yenidən qurulması prosesini sürətləndirməyi hədəfləyir. Bu, həmçinin xarici sərmayədarların bölgəyə marağını artırmağa və əməkdaşlıq imkanlarını genişləndirməyə şərait yaradır.

-Bəs burada dövlət və özəl sektorun birgə fəaliyyəti necə həyata keçiriləcək?

Millət vəkili Vüqar Bayramov dedi ki, Azərbaycanda dövlət və özəl sektorun tərəfdaşlığı barədə artıq qanun qəbul edilib. Dövlət və özəl sektorun tərəfdaşlığı sahibkarlığın inkişafı, eyni zamanda məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Həmin qanuna əsasən, dövlət tərəfindən özəl şirkətlərin infrastruktur layihələrinə cəlb edilməsi və birgə tərəfdaşlığın qurulması nəzərdə tutulub. Bununla bağlı artıq proses başlayıb və bu istiqamətdə işlər davam edir.

-Bu istiqamətdə hansı addımlar atılmalıdır?

-Hesab edirəm ki, özəl şirkətlərə daha çox sifarişlərin verilməsi məqsədəuğundur. Çünki özəl şirkətlər nə qədər çox sifariş alırsa, öz sərmayə qoyuluşlarını dövlət layihələri çərçivəsində həyata keçirirsə, bu, bir tərəfdən onların maliyyə təminatlarının gücləndirilməsinə imkan yaradır, digər tərəfdən isə yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Bundan əlavə, dövlət özəl sektora vergi güzəştləri, subsidiyalar və digər maliyyə təşviqləri verə bilər. Bu, layihələrin cəlbediciliyini artıraraq özəl sektorun daha çox sərmayə qoymasına şərait yaradar. Eyni zamanda özəl sektor adətən innovativ texnologiyalar və yeni iş üsulları təqdim edir. Bu resurslardan yararlanmaq üçün dövlət layihələrdə texnologiyanın istifadəsini təşviq etməli və innovasiyalara açıq olmalıdır.

Millət vəkili qeyd etdi ki, dövlət və özəl sektor arasında uzunmüddətli strateji əməkdaşlıq qurulmalıdır. Hər iki tərəf layihənin müxtəlif mərhələlərində (planlama, icra, nəzarət) aktiv iştirak etməlidir: “Layihələr ictimaiyyətə düzgün tanıdılmalı və maraqlı tərəflərin fikirləri nəzərə alınmalıdır. Bu, layihələrin dəstək qazanmasını və daha uğurlu icrasını təmin edər”.

V.Bayramov vurğuladı ki, dövlət və özəl sektor işçi qüvvəsinin peşəkarlığını artırmaq üçün birgə təlim proqramları və kadr hazırlığı həyata keçirməlidir. Bu addımlar dövlət və özəl sektorun birgə layihələrdə daha effektiv şəkildə əməkdaşlıq etməsinə və ictimai maraqların qorunmasına kömək edər.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto