Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sosial böhran

Dünyanın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur...

16.10.2024 11:02
14
A+
A-

Son zamanlar dünyada baş verən hadisələr, sosial böhran termini xüsusilə gündəmdədir.

Ümumiyyətlə, sosial böhran nədir və nəyi ehtiva edir?

Sosial böhran çox müxtəlif təzahürlərə malik olan mürəkkəb sosial hadisədir.

Sosial böhran qlobal miqyasda ciddi yoxsulluq, insan hüquqlarının pozulması, ayrı-seçkilik, ədalətsizlik və resurslara qeyri-bərabər çıxışla xarakterizə olunan vəziyyətə aiddir. Mövzu ilə bağlı sosioloq İlqar Hüseynli bildirdi ki, əslində cəmiyyətin idarə olunmasında əsas önəmli olan faktorlar var: “Birincisi, insanların sosial-siyasi, sosial-iqtisadi hüquqları tamamilə təminatlı olmalıdır. İkincisi, insanların sərbəst toplaşmaq, yəni azadlıq hüquqları. Nəhayət, hər bir insanın konstitusion hüquqları və söz azadlığı təmin olunmalıdır. Bu hüquqlar arasında əsas əhəmiyyətli yer tutan sosial hüquqlardır”.

Ekspert bildirdi ki, sosial hüquqların təminatçısı dövlətin öz vətəndaşları qarşısında üzərinə götürdüyü konstitusion hüquqlardır. Sosial hüquqlar pozulanda yeni bir termin ortaya çıxır - sosial böhran. Bir ölkədə böhran sosial partlayışa qədər gəlib çıxıbsa, demək, orada sosial böhran mövcuddur. Sosial böhranın səbəbləri bir neçə faktorlarla bağlıdır. Misal üçün, insanlar bir ölkədə yaşayır, lakin o dövlətin vətəndaşı olaraq istədiyi sosial təminatları ala bilmir. İstər pensiya, yaşayış, uşaqpulu və ya tibbi təminat hüquqları baxımından. Bura kommunal hüquqların qorunması, mənzil yaşayış imkanlarının məhdudluğu da aiddir. Bütün bunlar cəmlənəndə yaşayış həddinin dözülməz hal almasına, sosial partlayışa gətirib çıxardır.

İ.Hüseynli bildirdi ki, Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti var: “Dövlətin təminatları olmadan belə, insanlar imkanları daxilində bir-birinə dəstək olmağa çalışır. İnsanlarda hələ də mental dəyərlərinin mövcud olması sevindirici haldır. Azərbaycan vətəndaşı torpağa bağlıdır. Danılmaz faktdır ki, ölkəmizdə pensiya təminatında boşluqlar mövcuddur. Buna baxmayaraq, Azərbaycan toplumu elədir ki, övlad valideynə baxır, valideyn övlada baxır, qarşılıqlı şəkildə qohum-əqrəba bir-birinə dəstək olur. Yəni müəyyən formada bir-birilərinin ehtiyac və tələbatlarını qismən ödəyə bilirlər. Beləliklə, bu, qismən də olsa, sosial böhran həddindən bizi çıxarır. Rusiyada 600 mindən çox Azərbaycan vətəndaşı yaşayır. Onların əksəriyyəti işləyib-çalışıb ailə və qohumlarının maddi təminatlarını ödəyir. Bir sözlə, bəzi ölkələr ilə müqayisədə Azərbaycan sosial böhran həddinə çatmayıb”.

Sosioloq onu da vurğuladı ki, sosial hüquqların vacib elementi səhiyyə əlçatanlığıdır. Bununla bağlı dövlətin icbari tibbi sığortanın tətbiqi sistemi işə düşüb. İcbari tibbi sığorta artıq hiss olunacaq dərəcədə insanların, yaxşı deməsək də, orta səviyyədə, səhiyyə xidməti almasına imkan yaradır. Aztəminatlı ailələr bundan istifadə edə bilirlər. Misal üçün, əvvəllər ürək əməliyyatları bir çoxlarının büdcəsinə görə əlçatan deyildi. Hazırda isə sığorta vasitəsilə bu əməliyyatı da asanlıqla etdirmək olur. 4000-ə yaxın xəstəlik icbari tibbi sığorta paketinə daxil edilib. Və insanlar üçün əlçatan olub.

“Sosial partlayışların qarşısının alınması üçün çox yaxşı olardı ki, uşaqpulu mexanizmi hər hansı bir formada olsa da, işə salınsın. Bu, ailələrdə övladların sayının çoxalmasına stimullaşdırıcı faktor ola bilər. Eyni zamanda boşanmaların qarşısının alınması üçün ailə institutunun təkmilləşdirilməsi də zəruridir. Pensiya təminatı ilə bağlı ciddi islahatlar aparılması vacibdir. Pensiya yaş həddinin aşağı salınması və pensiya təminatı zamanı daha çox maliyyə vəsaitinin insanların təhsil hüququ sahəsində müxtəlif vacib islahatların aparılmasına ehtiyac var”, - deyə İ.Hüseynli söylədi.

Günel RAFAYILQIZI

ETİKETLƏR: