Azərbaycan COP29-a layiqli şəkildə ev sahibliyi edəcək
Bunu müxbirimizə müsahibəsində professor Kamilə Əliyeva bildirdi
Gələn ay bütün dünya Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində-Qlobal İqlim Fəaliyyəti Gündəliyini müzakirə etmək üçün tarixi fürsət olan COP29 tədbirində bir araya gələcək.
COP29-un əsas mesajı budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə həmrəy olmalıdır. Lakin hələ də bəzi siyasi dairələr bu birliyi pozmağa çalışır.
Bunu müxbirimizə müsahibəsində professor Kamilə Əliyeva bildirdi
K.Əliyeva dedi ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsinə dünya ölkələrinin yekdilliklə lehinə səs verməsi ölkəmizin bəşəriyyətin sağlam gələcəyi naminə gördüyü işlərə verilən yüksək qiymətdir.
Çox təəssüflər olsun ki, bəzi dövlətlər, siyasi dairələr Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə ölkəmizə qarşı yalan, qərəzli, böhtan fikirlər səsləndirir, bəyanatlar qəbul etmək niyyətini güdür. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün bu ölkənin Dövlət katibinə göndərdiyi müraciət də bu qəbildəndir. Aydın görünür ki, bu, Dövlət Departamenti tərəfindən təşkil edilmişdi.
Buna qarşı ən kəskin cavabı Prezident cənab İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində bildirdi. Cənab Prezident qətiyyəti və açıq şəkildə Dövlət Departamentinin Azərbaycanı hədələmək üçün öz-özünə məktub ünvanladığını vurğuladı.
Bir daha demək istəyirəm ki, Azərbaycana qarşı qərəzli, böhtan dolu fikirlər səsləndirənlərin müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanı silahlandırmaq üçün çağırış etməsi beynəlxalq hüquqa tamamilə ziddir. Demokratiyadan, insan hüquqlarından dəm vuran ABŞ İraqda, Əfqanıstanda və eləcə də dünyanın bir sıra ölkələrində müharibələr törətmiş və milyonlarla insanı qətlə yetirmiş, işgəncələrə məruz qoymuşdu.
Professor onu da qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ Fransa ilə bərabər 30 il Ermənistana Azərbaycan torpaqlarının işğal altında saxlaması üçün şərait yaratmışdı. İndiki halda öz suverenliyini bərpa etmiş Azərbaycana qarşı yersiz müdaxilələrin heç bir əsası yoxdur və qətiyyətlə qarşısı alınacaq.
Onu da əlavə edim ki, Azərbaycan COP29-a layiqli şəkildə ev sahibliyi edəcək, dövlətimizin gücünü, qüdrətini, qonaqpərvərliyini bütün dünyaya bir daha göstərəcək.
Gülöyşə MƏMMƏDLİ