Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Sosial şəbəkədən yanlış istifadə:

valideyn günahkardır, yoxsa zəmanə?

16.10.2024 11:07
5
A+
A-

Bu gün sosial medianın təsiri insanlar, xüsusən də uşaq və yeniyetmələr üzərində kifayət qədər böyükdür. Düzdür, bu təsirlərin müsbət yönləri olsa da, ancaq kifayət qədər mənfi tərəfləri də var.  Ümumdünya Səhiyyə Təşkilatının Avropa, Mərkəzi Asiya və Kanadada 11-15 yaş arası 280 min uşaq üzərində apardığı son araşdırma yeniyetmələr arasında sosial mediadan və onlayn oyunlardan problemli istifadə tendendiyası aşkar edib. 

Bəs necə edək ki, uşaqlar texnologiyanın mənfi yönlərindən deyil, müsbət yönlərindən istifadə etsinlər?

Müsahibim klinik psixoloq Gülşən Rüstəmovadır.

Gülşən xanım dedi ki, internet, xüsusən də sosial şəbəkələrdən istifadə ilə bağlı uzun illərdir ki, həyəcan təbili çalmağımıza baxmayaraq, bu istiqamətdə, sadəcə, danışıqlar gedir, məqsədyönlü şəkildə müəyyən işlər hələ də görülmür: “Bilirsiniz, hər şey ilk növbədə biz valideynlərdən asılıdır. Baxın, özümüzə sual verməliyik: övladım üçün sosial şəbəkə nəyə görə bu qədər əlçatandır? Buna şərait yaradan amil nələrdir? Bu sualları dərindən dərk etsək, o zaman məsələnin mahiyyətini anlayarıq. Əgər biz övladlarımızın zərərli, lüzumsuz vasitələrdən istifadə etməsini istəmiriksə, onları pis vərdişlərdən uzaq tutmağa çalışırıqsa, bunun üçün ilk növbədə özümüzdə bəzi vərdişləri formalaşdırmalıyıq. Uşaq psixologiyası elədir ki, o, ailəsində necə davranış, necə həyat tərzi görürsə, onu da təkrarlamağa çalışır. Düşünür ki, məsələn, atam bunu belə edirsə, deməli, elə belə də olmalıdır. Yəni əgər ata işdən evə gəldikdə əlinə telefon alıb oyun oynayırsa, bir müddətdən sonra uşaq da oynamaq istəyəcək. Ata buna icazə versə, uşaq telefon aludəçisi olacaq. Əks halda uşaq özünə qapanıb valideyndən qopacaq. Bu halların baş verməməsi üçün valideyn birinci növbədə öz vərdişlərini formalaşdırmalıdır. Evə gəldikdə əlinə telefon əvəzinə kitab alsa və yaxud da, misal üçün, onun yaşına, marağına uyğun filmə baxmağa sövq etsə, o zaman o uşağın vərdişi də o yöndə olacaq. Valideyn övladının elmə, ədəbiyyata, incəsənətə meyil etməsini istəyirsə, onunla elmi, bədii ədəbiyyat mövzularında müzakirələr aparmalı, diqqətini o yönə istiqamətləndirməlidir. Bir sözlə, uşaq valideynin güzgüsüdür, övladımızı gələcəkdə nə cür görmək istəyiriksə, ilk növbədə özümüzü o yöndə tərbiyə etməliyik.

Ancaq, təbii ki, biz nə qədər uşaqlarımızı sosial şəbəkələrdən uzaq tutmağa çalışsaq da, buna tam nail ola bilməyəcəyik. Ya məktəbdə sinif yoldaşlarının, ya da hansısa dostlarının telefonunda lazımsız, onların yaşına uyğun olmayan görüntülər görəcək. Bu gün hər bir məlumatı, dünyada baş verən hadisələri asanlıqla texnologiyalar vasitəsilə əldə edirik. Sadəcə olaraq, yuxarıda da dediyim kimi, bizdən çox şey asılıdır. Onları qadağalarla tərbiyə etməməliyik, müasir dövrün tələblərindən düzgün istifadə edərək mövcud vəziyyətlə ayaqlaşmağı öyrətməliyik”.

Gülşən xanım dedi ki, bir mütəxəssis olaraq, gələcək valideynlərə tövsiyə edirəm ki, valideyn olmaq təkcə övladını yedirib-içirtmək, geyindirmək, böyüdüb boya-başa çatdırmaq demək deyil. Sağlam övlad sağlam gələcək deməkdir. Burada söhbət təkcə fiziki sağlamlıqdan getmir, eyni zamanda ruh sağlamlığı, mənəvi sağlamlıq, düşüncə sağlamlığı da nəzərdə tutulur: “Bəzən özümüz də bilmədən və yaxud da keçmişdə aldığımız o dövrün tərbiyəsi ilə övladlarımıza düzgün tərbiyə verə bilmirik, onları özümüzün böyüdülmə şəkli ilə müqayisə edərək arada, istəmədən də olsa, anlaşılmazlıq yaranmasına səbəb oluruq. Buna görə də, bir psixoloq olaraq, məsləhətim odur ki, valideynlər həm özlərinin, həm də övladlarının davranışları ilə bağlı nələrisə özləri həll edə bilmədikdə və yaxud da məsələləri daha da dərinləşərək çıxılmaz vəziyyətə gətirməmək üçün mütəxəssislərə müraciət etməkdən çəkinməsinlər”.  

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: