Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid xanımları ilə görüş

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən müharibəsi qəhrəmanı, polkovnik Anar Mirzəyev keçdiyi döyüş yolundan danışdı, hərbi liseyin məzunlarının Qarabağ müharibəsində göstərdiyi döyüş şücaətləri barədə geniş məlumat verdi.

16.10.2024 11:09
8
A+
A-

Oktyabrın 4-də Beynəlxalq Müəllimlər Günü münasibətilə C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirə Müdafiə Nazirliyi sistemində işləyən şəhid xanımları dəvət olunmuşdu. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv qurumu olan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan bu tədbir liseydə yaradılmış Heydər Əliyev Muzeyini ziyarətlə başladı. Tədbir muzeyin akt zalında dəyirmi masa ətrafında davam etdi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan BHİK sədri Kərim Rzayev müəllimləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara bu çətin və şərəfli peşələrində uğurlar arzuladı. Vətən torpaqlarının azad olunmasında müəllimlərin illərlə məktəblərdə vətənpərvəlik ruhunda apardığı təlim-tərbiyənin böyük rolu olduğunu qeyd etdi.

Sonra C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən müharibəsi qəhrəmanı, polkovnik Anar Mirzəyev keçdiyi döyüş yolundan danışdı, hərbi liseyin məzunlarının Qarabağ müharibəsində göstərdiyi döyüş şücaətləri barədə geniş məlumat verdi. Dedi ki, respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Qarabağ müharibəsi başlayandan bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif olunub, 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adlarına layiq görülüb.

Heydər Əliyev adına Ali Hərbi İnstitutun texniki fənnlər kafedarsının baş müəllimi, şəhid Əbdülhüseyn Rza oğlu Məmmədovun həyat yoldaşı Azadə Kazım qızı Məmmədova, C.Naxçıvanski adına Hərbi Liseyin metodisti-ingilis dili müəllimi, şəhid Anar Elşad oğlu Məmmədovun həyat yoldaşı Nəzirə Heydər qızı Məmmədova, Sumqayıt şəhəri 64 saylı uşaq bağçasının müəllimi, şəhid Murad İlqar oğlu Rəhimlinin həyat yoldaşı Qəmər Şükür qızı Rəhimova çıxış edərək ölkə rəhbərliyinin, eləcə də nazirliyin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə çıxış edən DİİXİ Hİ Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahə Hİ Respublika Komitəsinin rəhbərlikləri adından şəhid xanımlarını, Silahlı Qüvvələrimiz üçün zabit kadrlarının hazırlanmasında xüsusi rolu olan C.Naxçıvanski adına Hərbi Liseyin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik etdi, AHİK tərəfindən himayəyə götürülmüş şəhid ailələri ilə əlaqədar görülən tədbirlər barədə ətraflı məlumat verdi.

Sonda xatirə şəkilləri çəkildi, tədbirdə iştirak edən şəhid xanımlarına Fəxri Fərman, gül dəstəsi və hədiyyə təqdim olundu.

ETİKETLƏR: