“Yazılan şanlı tarixə bir parça olmağın qürurunu yaşayırıq”
“Əsgərlərimizə xidmət etmək tam fərqli duyğudur”
44 günlük Vətən müharibəsində qazandığımız qələbə bu gün hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur. Sözsüz ki, bu şanlı qələbənin qazanılmasında xalqımızın göstərdiyi birlik, həmrəylik, əzm və qəhrəmanlıq böyük rol oynadı. Müharibənin ilk günündən könüllü olaraq cəbhəyə yollananlar sırasında qəhrəman həkimlərimizin də sayı az deyildi. Haqlı müharibəmizdə Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti də yaralı əsgər və zabitlərimizin həyatını xilas etmək üçün ön cərgələrdə mücadilə edirdi.
44 gün ərzində yorulmadan çalışan, professional həkim və tibb işçilərindən ibarət briqada ordumuzun çətin və şərəfli günlərində var güclərini səfərbər edib yaralıların həyatını xilas etmək üçün xüsusi əzmkarlıqla mübarizə aparırdı.
“Şiddətli döyüşlərin getdiyi ağır günlərdə gecəsini gündüzünə qatan həkim heyətimiz ordumuzun yazdığı şanlı tarixə bir parça olmağın, böyük Zəfərə şahidlik etməyin qürurunu yaşayırdı”, - deyən xəstəxananın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, həmçinin bu heyətə rəhbərlik edən uzman cərrah Elmir Əsgərov ağır, bir o qədər də fəxr dolu o günlərdən danışdı: “Müharibə başlayan ilk gündən yaralılarımızın yanında olmağı özümüzə borc bildik. Bunun üçün həmkarlarımla bərabər, könüllü olaraq, Gəncə şəhərinə yollandıq. Dayanacağımız Abbas Səhhət adına xəstəxananı cəmi bir gün ərzində hospitala çevirdik. Paytaxt xəstəxanasında istifadə etdiyimiz müasir tibbi avadanlıqları oraya köçürdük. Gün ərzində cəbhədən göndərilən yaralıları əməliyyat edir, lazım olan tibbi yardımı göstərməyə çalışırdıq. Çətin günlərimiz də oldu. Xüsusən də Gəncə şəhəri mənfur düşmən tərəfindən atəşə tutulan günlər... Bizim xəstəxana ilə təxminən 150 m. hava məsafəsində çox dağıdıcı bir bomba atıldı. Bizi xəstəxanada müalicə alan yaralı əsgərlərimizin taleyi çox qorxudurdu. Düşündüyümüz tək şey yaralılarımızı necə, haraya təxliyə edə bilmək idi.
Yaralı və ölən şəhər sakinlərini görmək dəhşət idi. Bu hadisə bir daha ermənilərin nə qədər şərəfsiz və xislətcə qatil, həm də qorxaq, namərd olduğunun təsdiqi idi. Döyüşdə məğlub olmaqlarının əvəzini mülki əhalidən alırdılar”.
“Əsgərlərimizə xidmət etmək tam fərqli duyğudur” deyən Elmir həkim yaralı hərbçilərimizlə bağlı ömürlük yaddaşında iz buraxan bəzi anılarını bizimlə bölüşdü: “Hospitala ayağında ciddi yaraları olan tank komandiri gətirmişdilər. Ağlayırdı. Amma onu ağladan ayağının ağrısı deyildi. “Məni indi buraxın, sonra müalicəyə gələrəm, onlara bir şey olsa, mən özümü bağışlaya bilmərəm, əsgərlərimin məsuliyyəti mənim üzərimdədir”, - deyirdi. Döyüş bölgəsinə qaytarılması üçün bizə az qala yalvarırdı. Bir sözlə, hospitaldakı hərbçilərimizin heç biri can hayında deyildi.
Yaralı mayorumuz var idi. Onu sağaldıb qapıdan yola salan anda yenidən cəbhədən ağır xəstələr gətirildi, bizim həkimlərimizin operativliyini, necə canfəşanlıq etdiyini görən mayor mənə baxıb soruşdu ki, çalışanların hamısı sivil həkimlərdir? Dedim “bəli”. Mayor kövrəldi, onun gözlərində yaş görüb mən də pis oldum. Dedi ki, 25 ildi hərbçiyəm, ilk dəfədir əyani şəkildə xalqla ordunun bu cür vəhdətini görürəm. İndi əminəm ki, biz Qələbə qazanacağıq! Onun sözləri məni də çox duyğulandırmışdı.
Müharibənin daha sonrakı günlərində 60 yaşlı I Qarabağ müharibəsi qazisi yaralı halda xəstəxanaya gətirildi. İkinci dəfə qazi olan adamı biz xəstəxanada saxlaya bilmirdik, ön cəbhəyə qayıtmaq istəyirdi. Könüllü olaraq döyüşlərdə iştirak edən qazimiz I Qarabağ müharibəsində düşmənlərin törətdiyi terrorun, cinayətlərin, vəhşiliklərin şahidi olduğunu, intiqamının illərdir ürəyində ağırlıq etdiyini deyirdi...
Müşahidələrimə əsasən deyə bilərəm ki, düşmənin törətdiyi terror, vəhşilik nə Azərbaycan ordusunun, nə həkiminin, ümumiyyətlə, xalqımızın inamından, iradəsindən, əzmindən güclü deyildi.
Əsli TELMANQIZI