“Bir çox ölkə üçün həm də örnək olduq ki...
münaqişələrin həll edilməsində necə birlik nümayiş etdirmək lazımdır”
münaqişələrin həll edilməsində necə birlik nümayiş etdirmək lazımdır”
Vətən müharibəsi təkcə döyüşlə deyil, eyni zamanda beynəlxalq arenada apardığımız mübarizə ilə də tarixə düşdü. 44 gün ərzində biz dünya arenasında müttəfiq və əks mövqedə duran qüvvələri tanımış olduq. Müharibə başlayan ilk gündən qardaş Türkiyə və Pakistan rəsmi olaraq bu haqq mübarizəmizdə bizi dəstəklədiyini, lazım gələrsə, Azərbaycan üçün bütün qüvvələrini səfərbər edə biləcəklərini bütün dünyaya bəyan etdi. Qəhrəman Ordumuz tariximizin ən qürurlu zəfər səhifələrini yazarkən biz də kimin dost, kimin düşmən olduğunu açıq-aşkar gördük. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovla söhbətimiz də Vətən müharibəsi günlərində dünya dövlətlərinin tutduğu mövqe barədə oldu.
Z.Məmmədov dedi ki, müasir dünyada müharibədə qalib gəlmək üçün təkcə hərbi gücə güvənmək fikri özünü doğrultmur. Qələbə beynəlxalq hüququn, tərəfdaşların diplomatik, siyasi, mənəvi baxımdan sənin yanında yer alması, beynəlxalq dəstək sayəsində qazanılır. Təbii ki, iqtisadi amillər, dövlət daxilindəki ideoloji siyasət, hərbi texniki inkişaf, ordu və bir sıra amillər olduqca vacibdir.
Politoloq bildirdi ki, ölkə Prezidenti İlham Əliyev 2020-ci ildə beynəlxalq platformada uğurlu siyasət yürüdərək bir sıra ölkələrin məhz Azərbaycanın yanında mövqe tutmasına nail olmuşdur. Söhbət ilk növbədə, təbii ki, Azərbaycanın strateji müttəfiqlərindən gedir. Türkiyənin, İsrailin, Pakistanın müharibə vaxtı Azərbaycanın yanında yer alması, açıq-aşkar şəkildə Azərbaycanı dəstəkləməsi qələbəmizə stimul verməklə yanaşı, 3-cü ölkələrin bizə qarşı təxribata cəhddən çəkinməsinə də xeyli kömək göstərmişdir. Danılmaz faktdır ki, torpaqlarımızın azad edilməsi üçün bizə ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır. Dünyada elə bir iki dövlət tapılmaz ki, bir- birinə siyasi və iqtisadi maraq üçün deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. Demək olar ki, Türkiyə torpaqlarımızı geri almaqda bizimlə birlikdə həm beynəlxalq arenada, həm də informasiya müharibəsində mübarizə apardı.
Eyni zamanda Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən Pakistanın Baş naziri İmran Xan Azərbaycan üçün “qardaş ölkə” ifadəsini işlədərək yayımladığı mesajında ölkəsinin Azərbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dəstəklədiyini bildirib.
Əfqanıstanın Xarici İşlər Nazirliyi isə bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və Ermənistan işğal etdiyi ərazilərdən çıxmalı, Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir. Bosniya və Herseqovina, həmçinin Gürcüstan da Azərbaycana ciddi dəstək verən ölkələrdəndir. Hətta Gürcüstan müharibə dövründə Ermənistana silah və sursat daşımalarının qarşısını almaq üçün quru və hava məkanını bağlı saxladı. Müharibə günlərində paytaxt Tbilisidəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünmüşdü. Bizə dəstək olan ölkələr sırasına Ukrayna, İsrail, Macarıstan, Moldova və başqa bir çox ölkələri misal çəkmək olar.
Politoloq əlavə etdi ki, digər tərəfdən elə dövlətlər var idi ki, ya ermənipərəst siyasət yeridir, ya da neytrallığı qorumaq istəyirdi. 44 gün davam edən bu haqlı mübarizəmiz zamanı dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan dəstək almamaq bizi dərindən sarsıtdı. Bu ölkənin Xarici İşlər Nazirliyi 30 il danışıqlar masasında heç nəyin həllinə varmadığımızı bildikləri halda, bizi danışıqlar masasına dəvət etdi. Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev eyni türk soyundan olan Azərbaycana açıq, qeyd-şərtsiz dəstək vermədi. Bura Özbəkistan, Misir kimi bir çox dövlətləri misal çəkmək olar. Amma Azərbaycan son 15 ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqına üzv olan ölkələr ilə ikitərəfli münasibətləri yüksək səviyyəyə çatdıraraq o dövlətlərin də anti-Azərbaycan bəyanatları verməməsinə, əksinə, müxtəlif məsələlərdə ölkəmizin yanında yer almasına nail oldu.
Biz beynəlxalq dəstəkdən danışırıqsa, həm də Qoşulmama Hərəkatının üzv dövlətlərinin fəaliyyətinə diqqət yetirməliyik. Qoşulmama Hərəkatı isə bəyanat yayaraq hərbi əməliyyatların yenidən başlamasını qınamış, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüfləndiklərini bildirmişdi. Təşkilat münaqişənin BMT TŞ-nin qətnamələri əsasında həll edilməsinə tərəfdar olduqlarını bildirməklə yanaşı, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstək ifadə etmişdi.
Z.Məmmədov onu da qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasında keçən il Azərbaycana qarşı Qarabağ ilə bağlı qətnamə qəbul etmək vaxtı həmin təşkilatın BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvləri Azərbaycana öz dəstəklərini ifadə etdilər. Təbii ki, bu və digər ölkələrin Azərbaycana verdikləri dəstəyin bir səbəbi var idi: düşünülmüş xarici siyasət. Hansı ki, müharibə vaxtı o xarici dəstəyin nə qədər önəmli olduğunu hər kəs yaxşı bilir. Nəticə etibarilə bu gün Azərbaycan Respublikası İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq hərbi əməliyyatlarda qalib gələn və məqsədinə nail olan ölkəyə çevrildi. Təbii ki, bu böyük qələbə ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində reallaşdı. Keçən ilin bu vaxtı bir çox ölkə üçün həm də örnək olduq ki, ərazi bütövlüyünün bərpa edilməsi və münaqişələrin həll edilməsində necə birlik nümayiş etdirmək və sistemli şəkildə iş aparmaq lazımdır.
Gülöyşə MƏMMƏDLİ