Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Karyeranın uğuru ixtisasın seçimindən asılıdır

Kollecin HİK sədri M.Cəbrayılov və universitetin HİK sədri M.Tağıyeva gənclərin təlimində həmkarlar ittifaqının vəzifələrindən danışdılar.

04.11.2021 11:58
17
A+
A-

Oktyabr ayının 26-da Bakı Biznes və Kooperasiya Kollecində (BBKK), 27-də isə Azərbaycan Kooperasiya Universitetində (AKU) “Təhsil, peşə təhsili, onun müasir formaları, həmkarlar ittifaqının yeni təhsil konsepsiyasına cəlb olunması üzrə vəziyyətin təhlili, atılacaq addımlar” mövzusunda təqdimatlar keçirilmişdir. Hər iki təhsil ocağının gənclər təşkilatlarının cəlb olunduğu tədbirlərdə “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov və Gənclər Şurasının üzvləri çıxış ediblər. C.İsmayılov dövlətimizin yeritdiyi gənclər siyasətindən danışıb. Deyib ki, ölkəmizdə gənclərin məşğulluğunun artırılması sahəsində siyasətin formalaşdırılması bir çox beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı, BMT İnkişaf Proqramı və digərləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyətlərinə, onların kiçik biznes qurmasına dəstək göstərəcək. Əhalinin bu təbəqəsi arasında gənclər də var.

C.İsmayılov dövlətimizin, eləcə də həmkarlar ittifaqlarının gənclərlə bağlı qarşısında duran vəzifələrə və onların həlli yollarına da toxundu. Bildirdi ki, hər il ali məktəblərdə 6 minə yaxın plan yeri boş qalır. Həm “ödənişli”, həm də “ödənişsiz” bölmələrdə oxuyan tələbələr eyni fənləri keçirlər. Sadəcə olaraq, ikincilərin əvəzinə təhsilhaqqını dövlət, birincilər isə özləri ödəyirlər. Aparılmış tədqiqatların nəticələrinə görə, təhsilə qoyulan özəl sərmayə özünü 6,1 faiz doğruldur. Bu, bütövlükdə müsbət hal sayılsa da, amma hər halda orta dünya səviyyəsindən 8-10 faiz aşağıdır. Eyni zamanda ali təhsildə özəl sərmayənin ümumi həcmi (orta səviyyəyə nisbətdə) cəmi 9 faiz təşkil edir. Azərbaycanda dövlətin təhsilə ayırdığı maliyyə vəsaiti o qədər də yüksək deyildir. Bu göstərici 2018-ci ildə ÜDM-in cəmi 3 faizini təşkil etmişdir ki, bunun da yalnız 10 faizi ali təhsilə yönəldilmişdir.

Federasiyanın Gənclər Şurasının sədri S.Nəbiyev və üzvü D.Kazımzadə çıxışlarında vurğuladılar ki, Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu orta ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin 29 yaşına qədər olan məzunları üçün “Gənclərin Məşğulluğu Proqramı” hazırlayıb. Proqramın reallaşdırılması gənclərin uğurlu karyera cəhdlərinə, xüsusilə də regionlarda əlavə iş yerlərinin yaradılmasına, gənclərin ilk iş təcrübəsi əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək. Hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir. Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. Ölkə Prezidenti İlham Əliyev Təhsil nazirinə 5 il sonra sıradan çıxacaq peşələrlə bağlı xəbərdarlıq edib və o peşələr üzrə təhsilin davam etdirilməməsi ilə bağlı fikrini deyib, təhsilin planlaşdırılması üzərində dayanıb. Lakin hələlik bu tapşırıqla bağlı hansısa addım hiss olunmur. Ali məktəbə və ya peşə məktəbinə daxil olduqları andan etibarən hər bir abituriyent öz karyerasını düşünməli, təhsil aldığı ixtisas üzrə könüllü işlərdə işləyib təcrübə qazanmalı, təhsil səviyyəsini təkmilləşdirməlidir.

Kollecin HİK sədri M.Cəbrayılov və universitetin HİK sədri M.Tağıyeva gənclərin təlimində həmkarlar ittifaqının vəzifələrindən danışdılar.

Görüş sual-cavab formatda davam etdi.

ETİKETLƏR: