Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər

10.11.2021 10:37
37
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdü.

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

Düz bir il bundan öncə Azərbaycan xal

qı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.

***

Şuşada Daşaltı məscidinin       təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar.

Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq üçün müasir infrastruktur yaradır, həm də ermənilərin bu torpaqlarda dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandallığın izlərini təmizləyir, müqəddəs dəyərlərimizə sahib çıxırıq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa    Radio-Televiziya Yayım               Stansiyasının təməlini qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma təməli qoyulan Şuşa Radio-Televiziya Yayım Stansiyası barədə məlumat verildi.

Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Belə ki, stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qaldığından buradakı avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı.

Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Belə ki, stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən tikiləcək 130 metrlik metal qüllənin və texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutudur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoydular.

İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.

***

Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib

Noyabrın 7-də Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.

Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq.

Əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Təməli qoyulan Şuşa Rayon Mərkəzi Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm də onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərindəki bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Aşağı Gövhər Ağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısı         İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlərlə bağlı məlumat verdi.

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hər üç məscidin bərpa işləri “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, işğal dövründə ermənilər Azərbaycanın bu ərazidə əsrlər boyu yaşayan böyük şəxsiyyətlərinin tarixi irsini məhv etməyə çalışıblar. Şuşadan Azərbaycan izinin silinməsi üçün tarixi-mədəni abidələri dağıdaraq milli dəyərlərimizə ciddi ziyan vurublar. Mehmandarovların da malikanəsi məhz bu çirkin niyyətlərin qurbanı olub.

Mühüm mədəni-tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksində bərpa işlərini Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işlərinə başlanılıb.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VIII    Qlobal Bakı Forumunun            Şuşaya səfər edən                        iştirakçıları ilə söhbət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də VIII Qlobal Bakı Forumunun Şuşaya səfər edən iştirakçıları ilə söhbət ediblər.

Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən qonaqlar qısa vaxtda burada belə genişmiqyaslı işlərin görülməsinin böyük təəssürat yaratdığını vurğuladılar. Bu işlərin Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşdığını bildirdilər, böyük nailiyyət münasibətilə dövlətimizin başçısını bir daha təbrik etdilər.

Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə, həmçinin Şuşada bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdirildiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. Azərbaycan Prezidenti bərpa və yenidənqurma işlərinin tarixi və dini abidələri də əhatə etdiyini diqqətə çatdırdı.

Qonaqlar ermənilərin dağıtdıqları tari

xi abidələri və törətdikləri vandalizm aktlarını öz gözləri ilə gördüklərini bildirdilər.

Dövlətimizin başçısı mürəkkəb relyefə malik olan Şuşa şəhərinin Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və şücaəti hesabına azad olunduğunu dedi. Prezident     İlham Əliyev Vətən müharibəsindəki Qələbədən sonra Cıdır düzündə bir çox tədbirlərin təşkil olunduğunu, burada musiqi festivallarının keçirildiyini qeyd etdi.

Sonra dövlətimizin başçısı qonaqlarla birlikdə Cıdır düzündə xatirə şəkli çəkdirdi.

***

Prezident İlham Əliyev Zəfər Günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paylaşım edib.

Şuşa və Xarıbülbülün görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi feysbuk, tviter və instaqram səhifələrində paylaşılıb.

 

***

Şuşada Topxana meşəsinin      bərpasına start verilib və         ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər

Bu gün ölkəmizin hər yerində qələbə ruhu hakimdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident      İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər.

İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirildi.

Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağacəkmə kampaniyası zamanı 3 hektar ərazidə dağdağan, göyrüc, saqqızağacı, qarağac əkildi, əraziyə 100 kiloqram palıd toxumu səpildi.

 

 

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırdı.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlətimizin başçısını təbrik etdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirdi. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırıldığını vurğuladı.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti, Silahlı

Qüvvələrin Ali Baş Komandanı    İlham Əliyev Şuşada hərbçilər  qarşısında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçiləri salamladı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Prezident, Silahlı Qüvvələrin

Ali Baş Komandanı

İlham Əliyevin

çıxışı

- Əziz hərbçilər, sizi, Azərb

aycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.

İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermədi. Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır.

Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı.

Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi.

Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.

Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.

Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. “Qarabağ Ermənistandır” deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.

Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax, burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.

Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusu”. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.

Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.

Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.

Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.

***

Prezident İlham Əliyev Dövlət   Bayrağı Günü ilə bağlı               paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib.

Şuşa dağlarının və üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən foto Prezident İlham Əliyevin rəsmi feysbuk və tviter səhifələrində paylaşılıb.

 

 

 

ETİKETLƏR: