Dünya bazarındakı inflyasiyanın ölkəmizə təsiri
Eldəniz Əmirov isə qiymət artımının əsas səbəbinin xarici bazarlarda müşahidə olunan inflyasiya olduğunu vurğuladı.
Dünya bazarında sürətli inflyasiya müşahidə olunur və inflyasiya ölkəmizdən də təsirsiz ötüşmür. Bazarlarda, marketlərdə qiymət artımı ən çox un məmulatları və yağ məhsullarında nəzərə çarpır. Statistika Komitəsi isə bahalaşmanın hazırda 10 faiz təşkil etdiyini bildirdi. Bəs inflyasiyaya səbəb olan əsas amillər nələrdir? Azərbaycanda bahalaşmanın müəyyən dərəcədə sabit saxlanılması üçün hansı addımlar atılmalıdır?
Suallarımızı iqtisadçı-ekspertlər Rəşad Həsənov və Eldəniz Əmirov cavablandırıb.
Rəşad Həsənov bildirdi ki, inflyasiyaya təzyiq edən amillər əsasən iki istiqamətdə formalaşır. Birincisi, pandemiya istehsal və tədarük prosesində, dəyər zəncirində fasilələrin yaranmasına gətirib çıxardı. Burada həm istehsalın həcmində azalmalar baş verib və eyni zamanda nəqliyyat xərcləri əhəmiyyətli dərəcədə artıb. Yəni birinci təzyiq məhz pandemiyanın yaratdığı kanikturdur və onu da əlavə edim ki, kütləvi səfərlərin, səyahətlərin məhdudlaşdırılması sərhəd ölkələri arasında fərdi şəkildə idxal prosesini də müəyyən qədər çətinləşdirib. Bu da dolayısı ilə daxili bazarlarda məhsulların və malların yalnız firmalar vasitəsilə bazara təşfiq edilməsinə səbəb olaraq vergi və digər əlavə xərclərin yaranmasına, eyni zamanda qiymətlərin artmasına şərait yaradır.
İkinci təsir isə son dövrlərdəki qıtlıq ilə bağlıdır. Xüsusilə ərzaq bazarında daha sərt şəkildə inflyasiya müşahidə olunur. Nəzərə almaq lazımdır ki, istehsal indekslərinin də qiyməti sürətlə artır və bu da inflyasiyanın üzərindədir. Qiymətlərə bazarın da təzyiqi var. Bazarda əhalinin alıcılıq gücü normallaşdıqca, qiymətlərin artması üçün əlverişli şərait yaranır. Son bir neçə ayda daha bir təzyiq özünü göstərməkdədir. Bu, enerji bazarında qiymətlərin sərt şəkildə artmasıdır. Enerji bazarında qiymətlərin artması istehsalda maya dəyərinin bahalaşmasına gətirib çıxarır.
R.Həsənov onu da qeyd etdi ki, Azərbaycanda bahalaşmanı müəyyən dərəcədə sabit saxlamaq üçün hökumətin əlində kifayət qədər alət var. Dövlət rüsum, vergi, təşfiq alətlərindən istifadə edərək bazarı liberallaşdırmalıdır. Bazar oyunçularının sayı artırılarsa rəqabət dərinləşər və nəticədə bazarlarda qiymətlər optimal səviyyəyə çata bilər. Digər tərəfdən isə, xüsusilə də ərzaq məhsulları təchizatı sahəsində yerli istehsalın özünün də dəstəklənməsinə ehtiyac var. Eyni zamanda orta və uzunmüddətli dövrdə manatın üzən məzənnə strategiyasının həyata keçirilməsinə start verilməlidir. Bu, faktiki olaraq daxili bazarlarda vəziyyətin xarici çağırışlara uyğunlaşmasına şərait yarada bilər. Çünki Azərbaycan idxaldan asılı ölkələrdən biridir. Bu baxımdan müəyyən qədər orta və uzunmüddətli dövrdə üzən məzənnəyə keçid ilə bağlı yanaşma da ortaya qoyulmalıdır ki, yaranmış təzyiqlər hansısa formada neytrallaşdırıla bilsin.
Eldəniz Əmirov isə qiymət artımının əsas səbəbinin xarici bazarlarda müşahidə olunan inflyasiya olduğunu vurğuladı. Bildirdi ki, yağ məhsullarındakı artım isə artıq nəzərəçarpacaq dərəcədədir. Misal üçün, bir çox yağ növləri var ki, marketlərdə əvvəllər qiyməti 16 manat idisə, hazırda 18 manatdır. Bunun mühüm səbəbi xarici ölkələrdə istehsal olunan kərə yağlarının daxili bazarın tələbatını tam ödəməməsidir. İstehsalın kifayət qədər olmaması ixraca da öz təsirini göstərir. Həmçinin iqtisadi aktivliyin təmin olunması naminə postpandemiya dövründə əlavə pul kütləsinin bazara çıxarılması inflyasiya meyillərini gücləndirdi.
İqtisadçı-ekspert onu da qeyd etdi ki, beynəlxalq sitatiskanın da təsdiq etdiyi kimi, postpandemiya dövründə insanların istehlak mallarına, xüsusən də qida məhsullarına tələbatının artması qiymətlərin bahalaşmasına öz təsirini göstərib. Bütün dünyada qidalanmaya, qida məhsullarına tələbat artdığı üçün sürətli inflyasiya gedir. Bütün dövrlərdə inflyasiyaya ilk reaksiya verən qida məhsulları içərisində kərə yağları və duru yağlardır. Eyni zamanda ölkəmizdə kərə yağlarına olan daxili tələbatla müqayisədə daxili istehsal da arzuolunan deyil, aşağı səviyyədədir. Yəni istehsal tələbat ilə qətiyyən uzlaşmır. Bu səbəbdən xarici bazarlardan asılılıq indiki məzənnəni ortaya qoyur.
Gülöyşə MƏMMƏDLİ