Həmkarlar ittifaqlarının məşğulluq sahəsində hansı hüquqları var?
Həmkarlar ittifaqlarının məşğulluq sahəsində hansı hüquqları var?
Həmkarlar ittifaqlarının məşğulluq sahəsində hansı hüquqları var?
Səlim VƏLİYEV, Daşkəsən rayonu.
-“Məşğulluq haqqında” qanunun 17-ci maddəsinə əsasən, həmkarlar ittifaqlarının, onların seçkili orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:
- işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə əlaqədar tədbirlərin başqa vaxta keçirilməsi və ya müvəqqəti dayandırılması haqqında işəgötürənlərə və ya onların yuxarı orqanlarına təkliflər vermək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğun təmin edilməsi, işə (xidmətə) qəbul, işdənçıxarma, sosial güzəştlərin və təminatların verilməsi məsələlərində şəxslərin müdafiəsini təmin etmək;
- peşə standartlarının hazırlanması, qəbulu və tətbiqi, işçilərin təlimi, bacarıqlarının artırılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək.
- İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
- İşəgötürənlər (onların birlikləri) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar ittifaqlarının təklifi ilə məşğulluq məsələlərinə dair birgə məsləhətləşmələr aparırlar. Məsləhətləşmələrin yekunlarına görə məşğulluğa kömək göstərilməsinə dair tədbirlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutula bilər.
Kollektiv əmək mübahisəsinin həlli üçün vasitəçi necə təyin edilir? Vasitəçinin təklif etdiyi variantların heç birini tərəfərlər bəyənmədikdə nə olur?
Şəmsəddin VƏLİYEV, Şirvan şəhəri.
- Vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir.
Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımi sənədləri və məlumatları tələb etmək hüququna malikdir.
Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə, mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib edilir.
Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir.
Bir cinayət işi üzrə hal şahidi kimi ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzrlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı?
Sənan ŞİRİNOV, Bakı şəhəri.
- Əmək Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Maddənin 2-ci hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.
İşçinin şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi (şöbə, sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, Sizin iş yerində heç bir probleminiz olmaz.
Uzun müddətdir bir zavodda ağır işdə işləyirəm. Son zamanlar səhhətimdə problemlər yaranıb. Həkim rəy verib ki, yüngül işə keçməliyəm, amma işdə buna əməl etmirlər. Həkimin rəyi nəzərə alınmalıdırmı?
Nəcibə ƏLİZADƏ, Sumqayıt şəhəri.
- Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
Məcəllənin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədilə başqa yüngül işə keçirildiyi və əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. Həmin maddədə qeyd edilir ki:
- İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağımaaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.
- Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa azmaaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır.
- İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.