“Şuşa ili” - Yeni çağırışlar, yeni uğurlar ili
2022-ci ilin “Şuşa ili” elan edilməsinin ölkəmiz üçün hansı yeni çağrışlar yaradacağı barədə politoloq İlyas Hüseynov ilə söhbət apardıq.
Prezident İlham Əliyev yanvarın 5-də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdə yüzlərlə tarixi və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.
Haqq işi naminə aparılan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək Azərbaycanın tarixinə Zəfər Günü kimi qızıl hərflərlə həkk olundu. Qarabağın tacı olan Şuşa xalqımız üçün çox əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
2022-ci ilin “Şuşa ili” elan edilməsinin ölkəmiz üçün hansı yeni çağrışlar yaradacağı barədə politoloq İlyas Hüseynov ilə söhbət apardıq.
İ.Hüseynov bildirdi ki, bu ilin “ Şuşa ili” elan edilməsi ölkəmiz üçün yeni çağırışlar və paradigmalar müəyyənləşdirir. Öncə onu qeyd edim ki, Şuşa şəhəri Qarabağın “döyünən ürəyi” adlandırılır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 2020-ci il noyabrın 7-də çətin relyefə və hava şəraitinə rəğmən şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir. Bu, Azərbaycan tarixində misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
Politoloq onu da qeyd etdi ki, Azərbaycanın ən görkəmli yazıçıları, ədibləri burada doğulublar. Şuşa azad edildikdən sonra Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin büstlərinin Şuşa şəhərinə qaytarılmasının da rəmzi mənası var. Bura milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Eyni zamanda qısa müddətdə Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz görkəminə qaytarılması, Bülbülün ev muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları mədəniyyət paytaxtında necə böyük işlər görüldüyündən xəbər verir.
2021-ci ildə cənab Prezident İlham Əliyevin Şuşa şəhərinə 7 dəfə səfər etməsi burada bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, eləcə də tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində aparılan işlərə dövlətimiz tərəfindən xüsusi diqqət ayrıldığından xəbər verir. Eyni zamanda Şuşa şəhərinin baş planının təsis olunması bizə ümid yaradır ki, tez bir zamanda öz yurdlarından didərgin düşmüş, məcburi köçkün olmuş vətəndaşlarımız tezliklə Şuşa şəhərinə qayıdacaqlar. Biz çox şanslıyıq ki, yeni dövrün başlamasının şahidi oluruq və bütün dünyada qalib xalq kimi tanınmağın qürurunu yaşayırıq.
Onu da əlavə edim ki, 2022-ci ildə Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Bu tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycanın mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Bu tədbirlər zamanı Şuşanın qədim tarixi, adət-ənənələri ilə bağlı bir sıra filmlər, videoçarxlar nümayiş olunacaq, muzeylər təşkil ediləcək. Ermənistan 30 il ərzində Şuşanı və eləcə də işğal etdikləri digər şəhər və rayonlarımızın tarixən erməni torpaqları olduğu haqda yalan məlumatlar yaysa da, buna nail ola bilmədi. Bütün dünya dəlil və sübutlarla Qarabağımızın tarixən Azərbaycan torpağı olduğunu görəcək. Prezidentimiz bu qərarı ilə bir daha erməni saxtakarlığını dünyaya nümayiş etdirmiş olacaq.
İ.Hüseynov 2022-ci ilin “Şuşa ili” elan olunması şəhərin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma mədəniyyətinin dünyada tanıdılmasına xidmət etdiyini vurğuladı. Əlavə etdi ki, Şuşa şəhəri böyük iqtisadi, turizm potensialına malikdir və Azərbaycan iqtisadiyyatına da olduqca müsbət təsir edəcək.
Gülöyşə MƏMMƏDLİ