Xaricdə təhsil almış həkim mütəxəssislər işə cəlb olunacaq
Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000,0 manatdan az olmamaq şərtilə müəyyən olunur.
Mətbuatda da verilən məlumatlara görə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunması nəzərdə tutulur. Cəlb olunacaq həkim-mütəxəssislər eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tibb müəssisələrində çalışan yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirəcəklər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın dediyinə görə, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə və ölkə üzrə tibbi ərazi bölmələri mərkəzlərinə cərrahi, radioloji, terapevtik və pediratrik profilli ixtisaslar üzrə ehtiyac duyulan həkim-mütəxəssislər haqqında məlumat təqdim etmələri barədə müraciət olunub.
Proqram üzrə müraciət edən və ya tibb müəssisələri tərəfindən təqdim olunan həkim-mütəxəssislərin işə qəbulu Agentliyin təsis etdiyi komissiya tərəfindən müsahibə nəticəsində aparılacaq.
Proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radiloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulur.
Cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000,0 manatdan az olmamaq şərtilə müəyyən olunur.
Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir.
Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15 -ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir.
Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Gülöyşə MƏMMƏDLİ