Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Virus daha mülayim şəkildə mutasiyaya doğru gedir

Suallarımızı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədliyə ünvanladıq.

02.02.2022 10:59
125
A+
A-

Dünyanı bürümüş koronavirus pandemiyasının hələ ki, sonuncu ştammı- “Omikron” dominantlığı ələ alır. Artıq dünya ölkələrində yoluxma sayında “Omikron” ştammı üstünlük təşkil edir. Hazırda dünyada 51 milyondan çox insan koronavirus infeksiyasının aktiv daşıyıcısıdır. Yaxın həftələrdə dünyada “Omikron”a görə növbəti dalğanın başlanacağı gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayına kimi Avropa əhalisinin yarısından çoxunun “Omikron” ştammına yoluxacağını proqnozlaşdırır. ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyeus bildirdi ki, COVID-19 pandemiyası artıq üçüncü ildir davam edir və hazırda biz böhran mərhələsindəyik: “Pandemiyanın bu kəskin dövrünü başa vurmaqdan ötrü birgə işləməliyik. Biz bu mərhələnin uzanmasına, çaxnaşma və ya etinasızlıq yaratmasına imkan verə bilmərik. Bu kəskin dövrə son qoymaq üçün əlimizdə bütün vasitələr var. Biz onlardan ədalətli və məntiqlə istifadə etməliyik”.

Bəs hazırda Azərbaycanda vəziyyət necədir? “Omikron ştamm”nı digər virus növlərindən fərqləndirən əlamətlər hansılardır? Ölkəmizdə vaksinasiya ilə bağlı vəziyyət qənaətbəxşdirmi? Karantin müddətinin azaldılması cəmiyyətdə koronavirusun zəifləməsi barədə fikir formalaşdırmağa əsas verirmi?

Suallarımızı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədliyə ünvanladıq.

M.Məmmədli dedi ki,  əvvəla, onu bildirmək istəyirəm ki, indiyə qədər burun axması, başağrısı, yorğunluq, qoxu itkisi COVID-19 infeksiyasının ümumi simptomları hesab edilirdisə, artıq qulaqda cingiltili səslərin eşidilməsi, ağrıların olması da bu əlamətlər arasındadır.  Hətta bəzi xəstələrdə eşitmədə problemin yaşanması “Omikron”un yeganə əlaməti olub. Başgicəllənmə, qulaqda ağrı olarsa, dərhal həkimə müraciət etmək lazımdır.

Alimlərin tədqiqatları nəticəsində sübut edildi ki, “Omikron ştamm”ına insanlar yemək yeyərkən, hətta yeməyin özündən də yoluxa bilər. Virusun bu növü, qidaların üzərinə çöküb, orada uzun müddət qalır. Xüsusən dondurulmuş, soyuq qidalar, fast-food yeməyi, içkilər və sair.

Millət vəkili hazırda ikinci dozada hədəflənən rəqəmə çatdığımızı da vurğuladı. Dedi ki,  insanların 70-80 faizinin tam vaksinasiyası aparılıb. Vətəndaşların ikinci dozanı aldıqdan 6 ay keçdikdən sonra möhkəmləndirici doza almaları çox önəmlidir. Çünki aparılan araşdırmalar göstərib ki, “buster” doza almış insanların yoluxma ehtimalı çox az olur, yoluxsalar belə, çox yüngül kliniki əlamətlər ilə keçirirlər. “Omikron ştammı”nın sürətlə yayılması və aparılan tədqiqatlar onu göstərir ki, üç dozanı almış insanlar yoluxarlarsa, 4-5 gün ərzində xəstəliyin klinikası özünü sadəcə yuxarı tənəffüs yollarının yüngül əlamətləri şəklində büruzə verir və qısa müddət ərzində bərpa olunur.

Səhiyyə qurumlarının son açıqlamasında da göstərildi ki, ikinci dozanın üzərindən 6 ay keçmiş insanlar “buster” doza ilə peyvəndləndikdən sonra müddətsiz peyvənd sertifikatı alırlar. Bu da onu göstərir ki, biz pandemiya ilə mübarizədə həlledici mərhələyə qədəm qoymuşuq. Bu mərhələ də ondan ibarətdir ki, qarşımızda məhdudiyyətsiz günlər üfüqdə görünməkdədir. Bunun üçün hər birimiz vaksinasiyadan keçməklə və bütün dövlət qurumlarının çağırışları istiqamətində addımlar atmaqla həm dövlətimizin, həm də öz sağlamlığımızın möhkəmlənməsinə töhfə vermiş olarıq.

M.Məmmədli onu da qeyd etdi ki, RNT tərkibli viruslar üçün xarakterik olan bir xüsusiyyət ondan ibarətdir ki, onlar davamlı şəkildə mutasiyaya uğrayırlar:  “Mutasiyalar nəticəsində isə müxtəlif istiqamətdə yoluxuculuq qabiliyyəti yüksək olan virusların formalaşması gedə bilər.  Yaxud xəstəliyin ağırlaşmasını sürətləndirə bilən mutasiyalar istiqamətində RNT tərkibli viruslarda dəyişiklik baş verə bilər. Xoşbəxtlikdən hazırkı pandemiyada yeni koronavirus törədicisinin yaratdığı xəstəliyə, pandemiya müddətinin gedişinə və uğradığı mutasiyaların tempinə baxsaq indi “ Omikron” ştammının yayılması ilə yoluxmaların intensivliyinin artmasının, lakin xəstəliyin şiddətinin nisbətən aşağı düşməsinin şahidi olarıq. Bu da onu göstərir ki, artıq virus daha mülayim şəkildə mutasiyaya doğru gedir”.

Lakin “Omikron” ştammının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək. Odur ki, bir daha “buster” dozanın vacibliyini burada qeyd etmək istəyirəm. Fevralın 15-dən ikinci dozadan 6 ay keçən vətəndaşların peyvənd sertifikatının etibarlı hesab edilməməsini nəzərə alaraq həmin vətəndaşlara tibb məntəqələrində sıxlığın yaranmaması üçün “buster” dozanı vurdurmaq üçün poliklinikalara vaxtında müraciət etmələrini tövsiyə edirəm.

Gülöyşə MƏMMƏDLİ

Foto