Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhlükəsiz iş şəraiti və sağlam əmək uğrunda

Müdafiə tədbirlərinin səmərəliliyi

16.06.2021 09:08
58
A+
A-

Əlbəttə, hər bir müəssisə gəlirlə işləməlidir. Bu, aksiomadır. Gəlir kimin və nə üçündür? Təbii ki, insanların yaşamaq hüququnu təmin etməkdən ötrü. Əməkdən gələn gəlir artdıqca onun yaşayış səviyyəsi, rifah halı da yaxşılaşır. Etiraf edək ki, bəzi işəgötürənlər, sahibkarlar, elə dövlət büdcəsindən maliyyələşən müəssisələrin rəhbərliyi iqtisadiyyatın son nəticədə insan amilinə xidmət etdiyini unudurlar. Məcazi mənada desək, onlar fəaliyyətlərində iqtisadiyyatın inkişafını insana deyil, insanın daha çox iqtisadi yüksəlişə xidmət etməli olduğunu önə çəkirlər. Bu, dövlətimizin humanist siyasətinə ziddir. Belələrinə qarşı dövlətimiz müvafiq qurumlar vasitəsilə sərt mövqe tutur. Bu mövqenin reallaşması, işçilərin təhlükəsiz iş şəraitində çalışması, onların əməyinin mühafizəsi istiqamətində genişmiqyaslı işlər görülür. Bu işdə həmkarlar ittifaqları da, öz səlahiyyətləri daxilində, fəal iştirak edir. Müxtəlifformatlı tədbirlərlə “sağlam istehsalat” prinsipinin reallaşmasına töhfələrini verir. Belə tədbirlərdən biri də artıq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının layihəsi olan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsidir. Artıq uzun müddətdir keçirilən bu müsabiqə ildən-ilə daha geniş miqyasda yayılmaqdadır. İqtisadi, sosial, mədəni və sair istiqamətli fəaliyyət sferalarında bu müsabiqəyə maraq böyükdür.
Bu maraq özünü sonuncu müsabiqənin gedişində də göstərdi. Ötən saylarımızda müsabiqənin qaliblərinin siyahısını, əksər təşkilatlarda qaliblərin mükafatlandırma mərasimi barədə materiallar dərc etmişdik. Bu sayımızda daha bir neçə qalib müəssisədə baş tutmuş mükafatlandırma tədbirindən hazırlanmış materialları oxucularımıza təqdim edirik.

Müdafiə tədbirlərinin səmərəliliyi

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 2020-ci il üzrə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı altında Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə AHİK-in Əməyin mühafizəsi şöbəsin in müdiri Vladimir Arqutkin və Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış etmişlər.
Qalib müəssisələrin - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Rizvan Əliyev və C.Qaryağdıoğlu adına 9 saylı Uşaq Musiqi Məktəbinin direktoru Əfrasiyab Dadaşov çıxış edərək, diqqət və qayğıya görə AHİK-ə, onun sədri Səttar Möhbalıyevə təşəkkürlərini bildirmişlər. Onlar təmsil etdikləri müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində və COVID-19 pandemiyası ilə bağlı müdafiə tədbirlərinin görülməsi barədə məlumat vermişlər.
Sonda qaliblərə AHİK-in Fəxri Diplomu və qiymətli hədiyyələr təqdim edilmişdir.

Zaur HƏMİDOV,
Mədəniyyət İşçiləri Həmkarlar 
İttifaqı Respublika Komitəsinin
 şöbə müdiri

Birinci olmaq asan deyil

Pandemiya bir çox sahədə olduğu kimi, xidmət sektorunda da müəssisələrin bir çoxunun fəaliyyətini dayandırdı. Ona görə də AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsində Federasiyamızın xidmətinə daxil olan müəssisələrin əksəriyyəti iştirak edə bilmədi. İştirak edən müəssisələrdən yalnız yeddisi sənədlərini Federasiyanın nəzdində yaradılmış baxış-müsabiqə komissiyasına təqdim etdi. Federasiyanın texniki əmək müfəttişliyi və əməyin mühafizəsi komissiyası onlardan üçünün - “Anadolu qida” MMC (müəssisə rəhbəri Rafail Musayev), “Santes Makina Təsisat İmalat Sanaye ve Ticaret Limited” şirkəti (rəhbəri İlnez Özdemir), “Rəmzı -S” MMC-nin (rəhbəri Orxan Allahverdiyev) ötən il ərzində əməyin mühafizəsi sahəsində göstərdiyi fəaliyyətini daha yüksək dəyərləndirdi. Qeyd olundu ki, bu müəssisələrdə kollektiv müqavilələr bağlanmış, kollektiv müqavilələrdə əməyin mühafizəsinə dair bölmədə istehsalatın təhlükəsizliyinə xidmət göstərən ən kiçik məqamlar belə nəzərə alınmışdır. Təhlükəsiz iş şəraiti yaratmaq üçün tələb olunan qədər vəsait ayrılmışdır. Bütün bunlara görədir ki, həmin müəssisələrdə bədbəxt hadisələr baş verməmişdir. Bu da o deməkdir ki, hər üç müəssisədə çalışan ümumilikdə 500 işçinin sağlamlığı yüksək səviyyədə qorunmuşdur.
Bir neçə gün əvvəl Federasiyada qaliblərin mükafatlandırma mərasimi təşkil olundu. Onlara AHİK-in Fəxri diplomları və Federasiyanın qiymətli hədiyyələri təqdim edildi.

Roza EYUBOVA,
“Xidmət-İş” Hİ Federasiyasının 
təşkilat şöbəsinin müdir əvəzi

Uğurlarımız sıx əməkdaşlığın bəhrəsidir

AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı altında keçirdiyi Respublika baxış-müsabiqəsində “İnşaat-İş” Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisələrdən 19-u iştirak etmişdir.
“İstehsalat Tikinti Mexanizasiya Şirkəti” MMC bu müsabiqədə bütün göstəricilər üzrə fərqlənmiş və birinci yerə layiq görülmüşdür. MMC-də bu münasibətlə yığıncaq təşkil olunmuşdur. Yığıncaqda sahə Həmkarlar İttifaqının sədri Umud Hüseynov çıxış etmişdir. O, kollektivin yüksək nailiyyətlərindən danışdı.
Şirkətin direktoru Akif Nəbiyevə işçilər üçün yaradılan gözəl şəraitə görə öz təşəkkürünü bildirdi. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yardım və qayğını,  pandemiya dövründə əziyyət çəkən aztəminatlı ailələrə edilən maddi yardımı vətənpərvərliyin yaxşı nümunəsi kimi qiymətləndirdi.
Sonra MMC-nin direktoru A.Nəbiyev çıxış edərək əldə olunan uğurların müəssisə rəhbərliyinin məhz həmkarlar ittifaqı ilə sıx əlaqədə, əməkdaşlıq şəraitində işləməsi sayəsində mümkün olduğunu söylədi. 
Sonda müəssisə rəhbərliyinə AHİK-in Fəxri Diplomu və qiymətli hədiyyələr təqdim edildi. Bir neçə qabaqcıl işçiyə         “İnşaat-İş” Həmkarlar İttifaqının  Fəxri fərmanları verildi.

Əlməddin MƏMMƏDOV,
“İnşaat-İş” Hİ-nin baş texniki əmək müfəttişi

ETİKETLƏR:

Foto