Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xəzərdə süni torpaq sahələri yaradılır

Bunun riskli tərəfləri varmı?

17.04.2024 17:17
19
A+
A-

Xəzərdə süni torpaq sahələri yaradılır. Bu, parlamentə yeni daxil olan “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında”       qanun layihəsində əksini tapıb.

Süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər müəyyənləşib. Belə ki, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu torpaq sahələri nə üçün yaradılır? Bunun riskli tərəfləri varmı?

Suallarımızı cavablandırması üçün iqtisadçı-ekspert Eldəniz Əmirova müraciət etdik.

Eldəniz müəllim Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı olmadığını dedi: “Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq.

Qanun layihəsində süni torpaq sahəsinin dövlət mülkiyyəti olacağı və özgəninkiləşdirilməsinə yol verilməyəcəyi bildirilir. Lakin yaxın keçmişdən başlayaraq Xəzərin sahil xətti boyu müşahidə edilən vəziyyət bu prosesin sadə insanlar üçün Xəzərin əlçatanlığını daha da çətinləşdirəcəyini deməyə əsas verir.

Qanuna əsasən, hüquqi və ya fiziki şəxsin torpaq sahəsində, həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların mülkiyyət hüquqları qeydiyyata alınacaq.

Xəzərin sahilinin mülkiyyət hüququ ayrı-ayrı şəxslərə aid olan bina və digər qurğularla dolması dənizi faktiki olaraq adi insanlar üçün əlçatmaz etməyəcəkmi?

Digər bir məsələ isə Xəzərin strateji əhəmiyyətidir. Elə bir məqam gələ bilər ki, dövlətin maraqları önə çıxdığı zaman ayrı-ayrı sahibkarların mülkiyyət toxunulmazlığına dair problemləri ortaya çıxarar”.

“Bəs Xəzərdə suyun səviyyəsi enib-qalxan zamanı problem olmayacaq? Həmin o torpaq sahələrinin su altında qalmaq kimi bir riski ola bilərmi?” sualını cavablandıran AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru və dosent Ənvər Əliyev dedi ki, Xəzər dənizinin səviyyəsi 50-70 il ərzində 2 metr 20 santimetr enib-qalxır. Bu, nəzərə alınmalıdır: “Bu cür torpaqlar əsasən enerji, nəqliyyat, turizm, hərbi məqsədlər üçün istifadə edilir.

Süni torpaq sahəsi, layihəyə əsasən, hüquqi və ya fiziki şəxslərə icarə hüququ, sifarişçi dövlət orqanı olduqda isə istifadə hüququ ilə ayrılacaq.

Tikinti İşləri, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, başa çatdıqda yaranmış süni torpaq sahəsi Torpaq Məcəlləsində müəyyən olunmuş torpaq sahəsi statusuna malik olacaq və süni torpaq sahəsi haqqında məlumatlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət torpaq kadastrına daxil ediləcək.

Süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab ediləcək və süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək”.

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: