Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Cinsi qısnama

Azərbaycanda mövcud vəziyyət

24.04.2024 14:22
78
A+
A-

Gender məsələsi bu gün bütün dünya üçün prioritet təşkil edir. Qlobal gender problemlərindən biri iş yerlərində qadınlara qarşı cinsi qısnamadır (harassment). Harassmentlə bağlı bütün müzakirələr sərt reallıqlarımızla üzləşir. Niyə? Kimisi mentalitetin, kimisi qanunların səhv olduğunu deyir. Həqiqət isə, həmişə olduğu kimi, hardasa ortadadır.

Azərbaycan kimi mentalitet və stereotiplərin güclu olduğu bir ölkədə bu tip həssas mövzular haqqında adətən  danışılmır və susmağa üstünlük verilir.

Ölkəmizdə cinsi qısnama bir qədər tabu (qadağan edilmiş) mövzu olduğundan, genişmiqyaslı tədqiqatlar aparılmır. Və bir çoxları, ümumiyyətlə, iş yerlərində qısnama nə olduğunu ya tam olaraq anlamır, ya da digər zorakılıq növləri ilə qarışdırır.

Gəlin öncə müəyyənləşdirək, cinsi qısnama nədir?

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda seksual qısnamaya aşağıdakı kimi tərif verilmişdir: əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır.

Təcrübədə seksual qısnamanın 3 növü fərqləndirilir: fiziki davranış, arzuolunmaz toxunma və s. sözlə ifadə olunan (verbal davranış) şəxsin ünvanına yönələn və ya şəxsin iştirak etdiyi yerdə səslənən istənilən seksual məna kəsb edən fikirlər. Cinsi xarakterli arzuolunmaz jestlər (qeyri-verbal davranış) - şəxsə narahatlıq gətirən jestlər etmək, vizual təmas və s. kimi hərəkətlər nəzərdə tutulur.

Öncə də qeyd etdiyim kimi, əfsuslar olsun ki, ölkədə bu problem ilə bağlı heç bir statistika aparılmır. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıqda bildirdilər ki, harassmentlə bağlı statistik məlumat yoxdur.

Məsələnin vacibliyi məni düşünməyə vadar etdi...Özümə də maraqlı gəldi ki, görəsən ölkəmizdə harassmentlə bağlı mövcud vəziyyət nə yerdədir? Beləliklə, anonim sorğu tərtib etdim və sosial şəbəkələrdə bəzi bloger və influencerlərin köməyi ilə cəmiyyət arasında yaydım. 400-ə yaxın qadın bu sorğudan keçdi və  açığı, nəticələri məni pis mənada təəccübləndirdi. Məlum oldu ki, 18 yaşdan 50 yaşa qədər qadınların 20 faizi iş yerlərində cinsi qısnamanın hər hansı bir növü ilə üzləşib. Onlardan 12 faizi iş yerindən istefa verib, 4.6 faizi ətrafındakı insanlar tərəfindən səhv anlaşıla biləcəyini düşündüyü üçün susub, 3 faizi iş yerini itirməkdən qorxduğuna görə susub və...heç biri hüquq-mühafizə orqanlarına müraciət etməyib. Qadınların əmək bazarında iştirak imkanlarının artırılması dövlət məşğulluq siyasətinin prioritetlərindəndir. Lakin düşünün, son statistik məlumatlara görə, ölkəmizdə  işsizlərin ümumi sayının 55,9 faizini qadınlar təşkil etdiyi dövrdə bir çox qadın məhz cinsi qısnamaya məruz qaldığına görə iş yerlərini tərk etməyə məcbur olur. Bu, həqiqətən də paradoksal bir durumdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov söylədi ki, təcrübədə baş verən cinsi qısnama halları iş yerinin itirilməsi, ailədaxili münasibətlərdə gərginlik yaşanması, eləcə də baş verə biləcək digər neqativ təsirlər səbəbindən çox zaman gizli saxlanılır. Bu səbəbdən seksual qısnama hallarının qarşısının alınması üçün hər bir iş yerində daxili qaydaların tənzimlənməsi ilə bağlı (şirkət, dövlət idarələri və s.) daxili sənəd qəbul edilməsi zəruridir.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində deyilir ki, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəgötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər. Bu müddəanın sanksiyası İnzibati Xətalar Məcəlləsinin 205-ci  maddəsində əksini tapmış olsa da, kifayət qədər işlək deyil.

Bu inzibati məsuliyyət o zaman yaranır ki, qısnamaya məruz qalmış şəxs bununla bağlı şikayət etmiş olsun və şikayət etdiyinə görə işəgötürən tərəfindən təqibə məruz qalsın. Bu halla rastlaşmaq istəməyən şikayətçi iş yerinin itirilməsini əsas gətirərək çox zaman şikayət etmək prosedurundan imtina edir. Məcəllənin 205-ci maddəsinə əsasən, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Komitə nümayəndəsi vurğuladı ki, ölkə təcrübəsində harassmentlə bağlı işlək mexanizmlərin olmaması, eləcə də şikayət prosedurunun, həmçinin şikayətə baxan ixtisaslaşmış təsisatın olmaması seksual qısnama halının sübut olunmasını xeyli çətinləşdirir.

Dövlətdaxili şikayət prosedurlarının olmaması və ya az effektli olması baş verən qısnama hallarının latent, yəni gizli qalmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyə yenidən baxılması, Əmək Məcəlləsində müvafiq mexanizm və prosedurların müəyyənləşdirilməsinə ehtiyac vardır.

İş yerlərində baş vermiş seksual qısnama hallarının öyrənilməsi bu sahədə beynəlxalq təcrübənin araşdırılması məqsədilə Dövlət Komitəsinin sifarişi əsasında “Seksual qısnama: Qanunvericilik və onun tətbiqi praktikası” adlı Analitik Hesabat müstəqil ekspert Sahib Məmmədov tərəfindən işlənib hazırlanmışdır. Hesabatda bu problemin aradan qaldırılması yolları göstərilmiş, müvafiq təklif və tövsiyələr verilmişdir.

Tövsiyələrdə seksual qısnama riski olan bütün sahələrdə, o cümlədən iş, xidmət və təhsil yerlərində xüsusi təlimatların, əyani vəsaitlərin yerləşdirilməsi, işçilərin və tələbələrin xüsusi maarifləndirmə tədbirlərinə cəlb edilməsi, həmçinin mediada, o cümlədən sosial mediada maarifləndirici və məlumatlandırıcı materialların, sosial çarxların yerləşdirilməsi, işəgötürənlərin daxili siyasətə dair qaydalarında müəssisədaxili dəqiq və effektiv şikayətə baxan mexanizmlərin müəyyən edilməsi əksini tapmışdır.

Sahib Məmmədov iş yerlərində cinsi qısnama hallarının əksər vaxt gizli olaraq qalmasının səbəbini daha çox sübutetmə imkanlarının məhdud olması ilə əlaqələndirdi. Başqa sözlə, qısnamaya məruz qalmış şəxsin hər hansı bir təminatı qanunla nəzərdə tutulmayıb. Yalnız dırnaqarası təminat -həmin şəxs ərizə yazıb həmin gün işdən istefa edə bilər. Əslində isə bunu qorumaqdan daha çox, cəza kimi qiymətləndirmək olar. Əfsuslar olsun ki, ölkəmizdə İnzibati Xətalar Məcəlləsində kimisə cinsi qısnamaya məruz qoyan şəxs üçün  məsuliyyət nəzərdə tutulmayıb.

Qanunda olan boşluqlara görə, qısnama ilə bağlı suallar açıq qalır. Bir çox ölkədə xüsusi mexanizmlər yaradılıb. Hətta ABŞ-də bu məsələ ilə məşğul olan ayrıca bir orqan var. Həm gender bərabərliyi təminatları haqqında qanunda, həm Əmək Məcəlləsində, həm İnzibati Xətalar Məcəlləsində, zəruri hallarda Cinayət Məcəlləsində müvafiq müddəalar nəzərdə tutulmalıdır. Anonimlik təmin olunmalıdır.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: