Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Amerika görüşü

.

03.05.2023 14:27
9
A+
A-

Məlum olduğu kimi aprelin 30-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-a gediblər. ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçirib.

Bu görüşü şərh etməsi üçün politoloq İlyas Hüseynova müraciət etdik: “Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi. Öz növbəsində erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, ABŞ Ermənistana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir. İddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir.

Bu üçtərəfli görüşdən belə nəticəyə gəlmək olur ki, Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Bəzi insayd məlumatlara görə danışıqlar bir neçə gün davam edə bilər. Bu artıq prosesin ciddi xarakterindən xəbər verir.

Burada əsas məsələ bundan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin necə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq.

Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir.

Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin üzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır.

Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər.

Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. Yəni ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. Ancaq təbii ki, vasitəçilərdən asılı olmayaraq, bizim sülh gündəliyimiz dəyişməz olaraq qalır”.

 

Aliyə Səmədova