Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gələcəyin nəqliyyatı

Avtonom taksilər insanlıq üçün yeni bir dövrün başlanğıcı hesab edilir.

14.02.2024 12:30
4
A+
A-

E.ə 6-cı əsrdə yaşayan efesli filosof Heraklit bir gün şəhərin küçələrində gəzərkən birdən dayanır, ətrafına baxır və uşaqlığını, ondan öncəki nəsildən eşitdiklərini xatırlayır. Deyir : Dəyişməyən tək şey dəyişimin özüdür... Bu gün biz də uşaq vaxtı dərsliklərimizdə qarşılaşdığımız, bizə xəyal kimi gələn “möcüzəvi” ixtiraların, fikir və ideyaların gerçəkləşdiyini görəndə, sadəcə, ətrafımıza baxır və deyirik: dünya necə də dəyişir...

Dünyanın yetişdiyi belə bir texnoloji dövrün ən son ixtiralarından biri haqqında olan bu yazını minillərin tozlanmış, amma köhnəlməmiş sözləri ilə başlamağımın səbəbi məhz inkişaf və onun bitib-tükənməyən dəyişim dinamikasıdır. Çox yox, 20-25 il əvvəl sıravi insanlardan kimin ağlına gələrdi ki, bir gün maşınlar insanlar olmadan hərəkət edəcək, hətta taksi kimi fəaliyyət göstərəcək.

Avtonom taksilər insanlıq üçün yeni bir dövrün başlanğıcı hesab edilir. Lakin əvvəlcə bu məsələnin mahiyyətini anlamaq lazımdır. Belə ki, bəzi qabaqcıl avtomobil şirkətləri insanlara avtomobili idarə edərkən kömək edən, ani təhlükələrə qarşı reflekslər göstərən texnologiyalardan istifadə etməyə başlasa da, avtonom maşınlar tamamilə sərbəst, müxtəlif süni intellekt proqramlarının köməyi ilə öz-özünü idarə edən, heç bir insani dəstəyə ehtiyacı olmayan qurğulardır.

Məntiqə uyğun olaraq, avtonom maşınların əsasən çatdırılma və taksi xidmətlərində fəaliyyət göstərməsi məqsədəuyğundur. Gələcəyin nəqliyyatı hesab edilən bu taksilər insanlar üçün böyük maraq və həyəcan doğurur. Yazının əvvəlində də deyildiyi kimi, hər şey zamanla dəyişir. Hətta bu sürət o qədər artıb ki, belə demək mümkünsə, artıq zaman bu inkişafla ayaqlaşmağa çalışır.

Süni intellekt və texnologiyaların inkişafı avtonom taksiləri gücləndirir və ictimai nəqliyyat sahəsində yeni dövrün başlanmasını təmin edir.  İlkin fikir və təcrübələrə görə, bu taksi xidməti daha rahat, sürətli, təhlükəsiz və effektivdir. Əlbəttə, bizim üçün ən vacib məsələlərdən biri təhlükəsizlikdir. Bu təhlükə təkcə qəzalar yox, həm də son dövrlər bütün dünyada artan sürücü və sərnişin cinayətləri, oğurluq və təcavüz hadisələrini özündə ehtiva edir. Belə ki, bu taksilər sürücülük baxımından o qədər inkişaf etdirilib ki, süni intellektin dəstəyi ilə, demək olar ki, qəzalardan sığortalanıb. Sürücüsüz maşınların nəzarətsiz istifadəsi ilkin inkişaf dövründə potensial riskləri də dəstəkləyə bilər. Bu səbəbdən avtonom taksilərin sınaq mərhələsində təhlükəsizlik standartlarına əsaslanan sıxlıqla nəzarət olunmalıdır. Yüksək keyfiyyətli sensorlar, radarlama sistemləri və süni intellekt proqramlaşdırma avtonom taksilərin təhlükəsizlik səviyyəsinin artırılmasına kömək edir.

Avtonom taksilərin yayılması sosial və iqtisadi cəhətdən də təsirlərə səbəb olacaq. Sürücülərin işsizliyi potensial bir məsələdir və bu, qanunvericilik və sosial proqramlarla dəstəklənməlidir. Habelə avtonom taksilər ətraf mühitə təsirin minimal olan elektrik enerjisi ilə işləyə bilər, bu da mühiti qoruyan bir addımdır.

Avtonom taksilərin yayılması qanunvericiliyin adaptasiya olunmasını tələb edir. Bu texnologiyaların təhlükəsizlik standartlarını və nəqliyyat nizamlarını tənzimləyən qanunvericilik tədbirləri tələb olunur. Habelə avtonom taksilərin ictimai qəbulunu artırmaq üçün səmimi bir kommunikasiya və təlimat prosesi lazımdır.

Artıq dünyanın bir sıra inkişaf etmiş şə

hərində bu cür taksi xidmətləri təcrübə və ya tam ştatlı fəaliyyətə başlayıb. Sinqapur, Dubay, Tokio və San-Fransisko belə şəhərlərdəndir. Çinin “Startup AutoX” şirkəti Şanxay və Şenzen şəhərlərində sürücüsüz taksi xidmətinə başlayıb. Yaxın gələcəkdə daha 3 şəhərdə xidmətə başlanılacağı gözlənilir. Bundan əlavə, Yaponiyanın aparıcı avtomobil şirkəti “Toyota Motors” 2024-cü ilin yayından etibarən Daiba ərazisində avtonom taksi fəaliyyətinə başlamaq niyyətindədir. Xidmət üçün xüsusi sensorlar, yol şəraitinin real vaxt rejimində monitorinqi və təhlükələrin proqnozlaşdırılmasını təmin edən süni intellekt ilə təchiz edilmiş “Toyota Sienna” minivenindən istifadə olunması nəzərdə tutulur.

Əlbəttə, bizim üçün ən maraqlısı Azərbaycanda belə bir xidmətin yaxın zamanda mümkün olub-olmamasıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, təkcə avtonom maşınlarla iş bitmir. Bunun üçün böyük infrastruktur işlərinə ehtiyac var. Şəhərin bütün yolları ən kiçik detalına qədər sensorlanmalı, bunun üçün xüsusi işıqfor və yol nişanları quraşdırılmalı, eləcə də ən kiçik dəyişikliklərin əlavə edilməsi üçün sürətli və əlaqələndirilmiş süni intellekt qurğularından istifadə edilməlidir. Ölkəmizdə gedən sürətli inkişaf, eləcə də 2040-cı ilə qədər Bakının tamamilə yenidən qurulması Baş Planını nəzərə alsaq, deyə bilərik ki, bu texnologiyanın istifadəsi bizim üçün heç də mümkünsüz deyil.

Beləliklə, avtonom taksilər gələcəkdə ictimai nəqliyyat sahəsində dəyişikliklərə səbəb olacaq. Bu taksi xidməti daha təhlükəsiz, effektiv və əlverişli nəqliyyat təcrübəsi təmin etmək üçün potensiala sahibdir. Lakin bu dəyişikliklərin yekunlaşdırılması üçün qanunvericilik, təhlükəsizlik və sosial dəstək təmin edilməlidir.

 

İmran ƏLİYEV

ETİKETLƏR: