Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Dezinformasiya, qarayaxma kampaniyaları həmişə olub və olacaq”

- Belə dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağın hansı  metodları var?

09.10.2024 11:49
221
A+
A-

“Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir”.

Bunu Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışındakı çıxışında qeyd edib.

Respublika Prezidentinin bu iradlarına münasibət bildirən Milli Məclisin deputatı   Tural Gəncəliyev dedi ki, Azərbaycana qarşı qarayaxma, iftira, böhtan kampaniyaları Qərbdə, Amerikada, dünyanın müxtəlif yerlərində Ermənistana havadarlıq edən erməni diaspor təşkilatlarının dəstəyi və diktəsi ilə davam edir. Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti xüsusilə qeyd olunmalıdır. Ermənistanın hərbi meydanda məğlubiyyətə uğradılması ilə suverenliyimizin tam bərpa ediməsi və Azərbaycanın yeni bir qlobal güc kimi meydana çıxması, təbii ki, bizim düşmənlərimizi, xüsusilə də Ermənistan və onun havadarlarını çox narahat edir.

- Bu nəyin göstəricisidir? Bu cür kampaniyaların, dezinformasiyanın əsasında nə durur?

- Təbii ki, Azərbaycanın yaratdığı reallıq, münaqişələr, dondurulmuş, həll edilməmiş problemlər üzərindən müxtəlif fürsətcil imkanlar axtarmağa çalışan güclərə, güc mərkəzlərinə sərf etmir. Ona görə də onlar Azərbaycana qarşı qarayaxma, iftira kampaniyalarını gündəmdə saxlayırlar. Ermənistana dəstək verən, münaqişənin tənzimlənməsindən narahat olan Qərb siyasətçiləri bu məsələdə xüsusi aktivlik göstərirlər. Xüsusilə bu günlər - beynəlxalq COP29 sessiyasının keçirilməsi ərəfəsində dezinformasiya kampaniyası yeni, daha geniş miqdarda vüsət almaqdadı.

Belə kampaniyalarda guya insan hüquqlarını pozması, demokratik prinsiplərə qarşı “mübarizə aparılması” kimi saxta, heç bir konkret fakta əsaslanmayan iddialar səsləndirilir. Hansı ki,  bu gün biz total fikirlərin boğulması və müstəqil fikirlərə icazə verilməməsi kampaniyasını elə həmin o Avropa İttifaqında, Avropa Parlamentində görürük. Xüsusilə də Azərbaycana, Türkiyəyə və bizim yaratdığımız yeni reallığa qarşı bunu daha açıq-aşkar müşahidə edirik. Avropa Şurası Parlament Assambleyasında bu günlərdə Azərbaycanda guya insan hüquqlarının pozulması ilə bağlı xüsusi dinləmələr və xüsusi sənəd qəbul edilməsi gözlənilir.

- Belə dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağın hansı  metodları var?

- Mübarizə aparmaq üsullarına gəlincə, onsuz da  biz öz yolumuzla gedirik, gücümüzə arxalanırıq, resurslarımıza arxalanırıq. Əsas odur ki, həmin bu dezinformasiya kampaniyalarının nəticələrini neytrallaşdırmaqdan ötrü Azərbaycanın və onun tərəfdaşlarının gücü var. Yetər ki, güc mərkəzi formalaşdırdığımız regionda resurslarımızı daha da inkişaf etdirək.

Həmsöhbətim qeyd etdi ki, bu gün Azərbaycan Türk dünyasının aparıcı lokomotividir. Biz Türk dünyasını gücləndirməliyik, Türk Dövlətləri Təşkilatı yeni bir mərhələyə qədəm qoyur. Onların özlərinin dünya gündəminə təsir edəcək resursları, kütləvi informasiya vasitələri olmalıdır ki, bunun üzərində iş aparılır.

T. Gəncəliyev bildirdi ki, eyni zamanda  Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edib, çox müvəffəqiyyətli sədrlik dövrü keçmişik. Azərbaycan dünya müstəmləkəçi ölkələrini və onların siyasətlərini hər zaman ifşa edib. Onların dezinformasiyasına qarşı biz həmin o aborigen xalqların etiraz səslərini, onların tapdalanmış hüquqlarının müdafiəçisi olmağımızı qoymalıyıq. Çünki bir tərəfdə Qərbin, Amerikanın, Ermənistanın havadarlarının yalançı dezinformasiya kampaniyası, digər tərəfdə isə müstəmləkə siyasətindən əziyyət, məşəqqətlər çəkən həmin o xalqların, aborigen insanların hüquqları və onların müdafiəsi kampaniyası durur. Bax, Azərbaycan haqq səsini, ədalətin, beynəlxalq hüququn yanında olması mövqeyini qorumalıdır, qoruyur da.

 Bu qarşıdurmada dünya təcrübəsinə də əsaslanaraq onu deyə bilərik ki, dezinformasiya, qarayaxma kampaniyaları həmişə olub və olacaq. Ancaq, təbii ki, sonda ədalət, haqq və doğru mövqedə dayanan tərəflər qalib gəlir və bizim də işimiz haqq işidir, ədalət işidir.

Əsli TELMANQIZI

ETİKETLƏR: