Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyə və Azərbaycan ticarətin həcmini 15 milyard dollara çatdırmaq üçün yeni “Yol xəritəsi” hazırlayır

Sözügedən vergi sazişinin iki ölkə arasında hüquqi-iqtisadi müstəvidə yeni münasibətlərin keyfiyyəti üçün əhəmiyyəti olduqca böyükdür.

21.02.2024 22:29
7
A+
A-

Həm Azərbaycan, həm də Türkiyə iqtisadiyyatın inkişaf etdirilməsində son illərdə qarşılıqlı xarici investisiyaların həcminin artırılmasına, iqtisadi-ticari dövriyyənin yüksəldilməsinə, biznes icmaları arasında daha çox layihələrin icrasına və işgüzar münasibətlərin səmərəliliyinə xüsusi diqqət yetirir. Həmin sahələrin hər birinin irəliləməsində azad gömrük və vergi motivasiyaları xüsusi rol oynayır. Bu baxımdan fevralın 19-da Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı iki qardaş ölkə arasında imzalanan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş mühüm əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan bu sənədə imza atmaqla investisiyaların axınını artırmaq və biznesin müdafiəsinə sadiqliyini nümayiş etdirdi.

Sözügedən vergi sazişinin iki ölkə arasında hüquqi-iqtisadi müstəvidə yeni münasibətlərin keyfiyyəti üçün əhəmiyyəti olduqca böyükdür. İndiyə qədər belə bir sazişin qüvvədə olmaması dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir edir, iqtisadi əlaqələrin hərarətinə maneə törədirdi. Xüsusilə də özəl sərmayələrin axınını ləngidirdi. Çünki investorlar hansısa bir dövlətdə investisiya qoymağı planlaşdırarkən kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş Türkiyə və Azərbaycanın investorlarının qeyd edilən narahatlığını da tam aradan qaldırmış olacaq, onların asan və maneəsiz sərmayə planlarını həyata keçirməsini təmin edəcək.

Saziş investisiya güzəştləri, stimullaşdırma tədbirlərini də nəzərdə tutur ki, bu da yaxın müddətdə Türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarını optimallaşdıracaq. Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri  şirkətlərin və iş adamların fəaliyyəti üçün də geniş imkanlar açacaq, qarşılıqlı mal mübadiləsini stimullaşdıracaq. Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard dollar, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollar təşkil edir. Yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 25 milyard dollara çatacağı gözlənilir.

Azərbaycan və Türkiyənin əsas ana hədəflərindən biri ticarət dövriyyəsinin həcminin 15 milyard dollara yüksəldilməsidir. Türkiyə Prezidenti Rəcəb      Tayyib Ərdoğanın bəyan etdiyi kimi, hədəfimizi 15 milyard dollara çatdırmaq üçün digər iqtisadi planlar həyata keçiriləcək. 2024-cü ilin may ayında Ankarada keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan İqtisadi Komissiyasının 11-ci iclasında yeni hazırlanan “Yol xəritəsi”nin əsas detalları müəyyənləşdiriləcək. Həmin Saziş iqtisadi-ticari proqramın yeni istiqamətlərini əhatə edəcək.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanla Türkiyə arasında əmtəə dövriyyəsinin həcmi 7,7 milyard dollara yaxın olub. Azərbaycan qardaş ölkəyə 5,4 milyard dollar həcmində məhsul ixrac edib, Türkiyədən isə 2,3 milyard dollarlıq mal idxal edib. İki il əvvəl mal mübadiləsinin həcmi təxminən 4,5 milyard dollar idi. Azərbaycan və Türkiyə son 2 ildə ən mühüm dövlət sazişləri olan “Şuşa Bəyannaməsi”ni və “Preferensial Ticarət Sazişi”ni imzalamaqla iqtisadi imkanları daha da böyüdüb. Qeyd edək ki, 2022-ci ildə qüvvəyə minən “Preferensial Ticarət Sazişi”nin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Tərəflər ilk mərhələdə idxal və ixrac olunan bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldıb. Ötən il sazişin əhatə dairəsinin genişləndirilməsi isə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin fiziki həcmini və dinamikasını bir qədər də artırıb. Qarşıdakı dövrdə Preferensial sazişdə nəzərdə tutulan güzəştli mal qrupunun siyahısının daha da artırılması və rüsumsuz məhsulların çeşidinin 30-dan 50-yə qaldırılması gözlənilir ki, bu, iqtisadi dövriyyənin daha da yüksəlməsini təmin edəcək.

Azərbaycan və Türkiyə, həmçinin 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini Orta Dəhlizin strateji nöqtəsinə çevirməklə illik daşınma həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq niyyətindədir. Bu məqsədlə dəmir yolunun tranzit imkanlarının şaxələndirilməsi, əlavə daşıyıcı infrastrukturların qurulması nəzərdə tutulur. Əsas hədəflərdən biri kimi Türk coğrafiyasının qurulması və Türkdilli dövlətləri vahid nəqliyyat-gömrük-iqtisadiyyat çətiri altında birləşdirməkdir. Həmçinin Azərbaycan və Türkiyənin birbaşa təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının vahid gömrük dəhlizinin yaradılması, Mərkəzi Asiya-Avropa dəhlizinin Zəngəzur dəhlizinə birləşdirilməsi, Türk dövlətləri coğrafiyasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yeni bir modeli olan “ÜTT+” formalaşdırılması nəzərdə tutulur.

Beləliklə, Azərbaycan və Türkiyə qarşıya qoyulmuş 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq üçün bütün imkan və iqtisadi alətləri səfərbər etmək niyyətindədir. Yeni imzalanan sazişlər, İqtisadi Komissiyanın planlaşdırdığı prioritetlər və “Yol xəritəsi”ndə nəzərdə tutulan yeni istiqamətlər qarşılıqlı əmtəə dinamikasının 2027-2028-ci illərdə 15 milyard dollara yüksələcəyini şərtləndirir.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: