Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Neft gəlirləri azalır

büdcədə yığımlar qeyri-neft gəlirləri hesabına kompensasiya ediləcəkmi ?

06.03.2024 12:31
5
A+
A-

Azərbaycanın iqtisadi inkişafında və milli gəlirlərində başlıca rol oynayan neft-qaz gəlirləri əvvəlki illərə nisbətən azalmağa doğru getməkdədir. Bu da artıq milli inkişafın birbaşa qeyri-neft iqtisadiyyatına köklənməsi ilə bağlı tədbirləri sürətləndirməyi tələb edir. 2024-cü ilin ilk 2 ayı ərzində ÜDM-də neft-qaz sektorunun payı 2 faiz azalmaqla yanaşı, ölkənin valyuta gəlirlərində də enerji sektorunun payı xeyli aşağı düşüb. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Dövlət Neft Fondunun (DNF) “Azəri-Çıraq-Günəşli” yataqlarından əldə etdiyi gəlirlər cəmi 862 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 35 % və ya 300 milyon dollar azdır. Ötən ilin 2 ayı ərzində neft-qaz gəlirləri 1,1 milyard dollardan çox idi. Bu o deməkdir ki, DNF-nin aylıq gəlirləri hazırda təxminən 430 milyon dollara bərabərdir. Bu halda Fondun ilin sonunda mənfəət nefti və qaz satışından əldə etdiyi gəlirlər 5-6 milyard dolları ötməyəcək.

Bu vəziyyət hökuməti qeyri-neft sektorlarındakı mövcud potensialları səfərbər etməyə, bütün əlavə dəyər gətirən mənbələrin iqtisadi səmərəliliyini artırmağa sövq edir. Əsas qeyri-neft potensialı isə bölgələrdədir. Hazırda regionların ölkə üzrə yaradılan əlavə dəyərdə payı təxminən 30-34 faizdir. 2023-cü ildə regionlar üzrə ümumi məhsul istehsalı 5,6% artaraq 40,2 milyard manat olub. Bu, ÜDM-in 33,2 faizi deməkdir. Həmin dəyərin təxminən yarısı isə Bakı-Abşeron iqtisadi rayonlarının payına düşür. Mövcud resursları nəzərə aldıqda, regionların milli gəlirlərdə payı çox azdır. Ona görə də ölkənin regionları arasında tarazlığın tam bərpa olunması, bölgələrdə iqtisadi artımı sürətləndirə biləcək istehsal və emal, sənaye müəssisələrinin yaradılması, məşğulluğun tam təmin olunması və digər hədəflərin gerçəkləşdirilməsinə ciddi ehtiyac var.

Regionlardakı potensialın tam hərəkətə gətirilməməsinin təzahürlərindən biri sosial göstəricilərdə də öz əksini tapır. Son illərdə Azərbaycanda orta aylıq əməkhaqqının, orta aylıq pensiyanın, minimum əməkhaqqının artırılması istiqamətində dövlət tərəfindən uğurlu sosial proqramlar icra olunub, əhalinin sosial müdafəsinə yönələn büdcə xərcləri son 10 ildə 2,5 dəfədən çox yüksəlib. Əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulub, yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunub. Ancaq bölgələrdə həyat səviyyəsi göstəriciləri, adambaşına düşən məhsul buraxılışı, median əməkhaqqı aşağıdır. Ölkə üzrə hazırda median əməkhaqqı 420-430 manat təşkil edir ki, bunun da əsas səbəbi regionlardakı aşağı aylıq əməkhaqqı ilə bağlıdır.

Proqnozlara əsasən,  ortamüddətli  dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır.

Ancaq buna baxmayaraq, ölkənin əsas maliyyə və pul kisəsi olan xəzinədə neft gəlirlərinin payı da hələ yüksək olaraq qalır. Hazırda büdcənin yarısı neft gəlirləri əsasında formalaşır. Belə ki, 2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 50,2 faizi və ya 17 milyard 164 milyon manatı neft sektorunun, 49,8 faizi və ya 17 milyard bir milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin dövlət büdcəsinin göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri 775 milyon manat azalsa da, Dövlət Neft Fondundan transfertlər 1,1 milyard manat artaraq 12,8 milyard manat təşkil edəcək.

Beləliklə, azalan neft-qaz gəlirlərini kompensasiya etmək üçün qeyri-neft sektorundan daxilolmaları artırmaq əsas çağırış kimi qarşıda durur. Ona görə də qeyri-neft sektorundakı yığım mənbələrinin daha da genişləndirilməsinə, bu sahədən gözlənilən gəlirləri ən azı 4-5 milyard manat artırmaq lazımdır.

Bəs qeyri-neft gəlirləri üçün mənbələr mövcuddurmu?

Mövcud resursların təhlili göstərir ki, neftin yerini dolduracaq dayanıqlı potensiallar var. İlk növbədə “kölgə iqtisadiyyatı”nın təzahürləri olan qeyri-rəsmi yığım bloklarını dövriyyəyə cəlb etmək lazımdır. Ticarət, xidmət, turizm, tikinti sektorlarında hələ də vergidən kənarda qalan on milyonlarla manat resurslar var.

Qeyri-neft sektorundan digər gəlirlər mənbələrindən biri kimi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəyə verilməsindən daxilolmaların həcmini də artırmaq mümkündür. Hökumət artıq bəyan edib ki, bir sıra iri dövlət şirkətinin, hətta  SOCAR-ın özəlləşdirilməsi gözlənilir.

Nəticədə yeni özəlləşdirmə strategiyası qeyri-neft yığımları üçün əlavə mənbə ola bilər.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə 2024-cü ildə 831 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur. Bu rəqəm bəlkə də normal görünə bilər, ancaq son illərdə publik hüquqi şəxslərin, büdcə təşkilatlarının ödənişli xidmətlərinin əhatəsinin genişlənməsi, əlavə xidmət növlərinin yaradılması, eləcə də bir sıra rüsum və ödənişlərin dərəcəsinin artması həmin sahədən də yığımların ən azı 1 milyard manatı ötməsinə imkan verir. Həmçinin büdcədən verilmiş kreditlər üzrə daxilolmaların məbləğini də ən azı 100 milyon manata yüksəltmək üçün resurslar var. Ümumilikdə həmin və digər mənbələr üzrə yığımların həcmini artırmaqla büdcədə qeyri-neft sektoru üzrə daxilolmaların həcmini əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: