Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ödənişlərin rəqəmsallaşması və virtual valyutaya doğru addımlar

Rəqəmsal valyuta nədir?

15.03.2024 00:25
0
A+
A-

Günümüzdə dünya gündəmini zəbt edən məsələlərdən biri rəqəmsal valyutaya keçiddir.

Rəqəmsal valyuta nədir?

Rəqəmsal valyuta yalnız elektron formada mövcud olan istənilən valyutadır. Valyutaların elektron versiyaları artıq əksər ölkələrin maliyyə sistemlərində üstünlük təşkil edir. Rəqəmsal valyuta ilə bank hesablarında olan elektron valyuta arasındakı fərq ondan ibarətdir ki, rəqəmsal valyuta heç vaxt fiziki forma almır.

Siz indi bankomata yaxınlaşıb bank kartınızdakı pulunuzun elektron qeydini asanlıqla nağd pul əskinaslarına çevirə bilərsiniz. Rəqəmsal valyuta isə heç vaxt onlayn şəbəkəni tərk etmir və yalnız rəqəmsal vasitələrdən istifadə etməklə mübadilə edilir.

Rəqəmsal valyuta və yaxud e-pul həm dövlət sektorunda, həm də özəl və kommersiya strukturlarında bütün ödənişlərin vahid elektron platforması üzərindən həyata keçirilməsi, vergi, gömrük, bank, kredit və digər dövlət ödənişlərini, həmçinin vətəndaşlar arasında adi pul hesablaşmalarının tamamilə elektronlaşmış formada həyata keçirilməsidir. Bu modeldə artıq kağız pullar dövriyyədən çıxmış olur. Bu isə o deməkdir ki, artıq bank kartlarına, ödəniş terminallarına da ehtiyac qalmayacaq, hər bir vətəndaş öz mobil telefonunda elektron pul kisəsi yaradaraq öz hesabından köçürmələri və alış-verişini təmin edəcək. Onlayn və oflayn ödənişlərə, həmçinin sürətli pul köçürmələrinə də şərait yaradacaq. Yəni bu platforma ilə xarici ölkələrə də mobil cihazla ödənişləri təmin etmək mümkün olacaq.

Məsələ ondadır ki, rəqəmsal valyutanın ödəniş sistemində tamamilə tətbiqinə başlamaq üçün hərtərəfli arxitektura olmalıdır. İlk növbədə bölgələrdə smart texnologiyalar, sürətli internet, mobil cihazların dayanıqlılığı olmalıdır. Həmçinin insanların elektron pul proqramını tam mənimsəməsi zəruridir.

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı bildirdi ki, rəqəmsal valyuta təcrübəsi dünyada geniş yayılmaqdadır və artıq rəqəmsallaşmaya doğru gedir. Azərbaycanda da  bu istiqamətdə işlər görülməlidir. Proses tədricən başlanılmalıdır.

“Ölkəmizdə nağdsız odənişlərin həcminin artması, bank kartlarının sayının artması, elektron ticarətin formalaşması, bilavasitə rəqəmsal valyutanın sosial tələbə çevrilməsi istiqamətində olan bir dinamika var”.

Ekspert cəmiyyətin prosesə hələ hazır olmadığını qeyd etdi: “Nəzərə alsaq ki, insanların böyük əksəriyyəti əməkhaqqını alan kimi kartdan çıxarıb evdə nağd şəklində saxlamağa üstünlük verir. İnsanların psixoloji olaraq bu istiqamətdə maarifləndirilməsi mütləqdir”.

İqtisadçı rəqəmsal valyutaya keçidin ölkə iqtisadiyyatına bir çox istiqamətlərdə töhfələr verəcəyini bildirdi: “Ən başlıcası proseslərin sürətləndirilməsinə, nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət etmiş olacaqdır”.

Bir sözlə, rəqəmsal valyutaya keçid gələcəkdə qaçılmazdır. Buna görə də hüquqi bazanın formalaşdırılması, mexanizmlərin qurulması zəruridir. Hazırda e-ticarət zamanı istifadə edilən ödəniş kartlarından fərqli olaraq e-pul kisəsini yaratmaq üçün mütləq qaydada ödəniş əməliyyatlarını təmin edən “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks” və s. kimi rəqəmsal şirkətlərin proqramlarında qeydiyyatdan keçmək lazımdır.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: