Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeniliyə sərt tənzimləmə ilə deyil, təşviqlə nail oluna bilər

.

03.04.2024 12:11
4
A+
A-

Taksilərlə bağlı verilən qanun son günlərdə ictimaiyyət arasında böyük rezonans doğurub. Qanuna əsasən, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobillərdən sərnişindaşımada taksi kimi istifadə oluna bilməz. Taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır.

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək. Həmçinin taksilər ağ və yaxud qırmızı rəngdə olmalıdır.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Bu yazıda çalışacağam ekspertlərin izahı ilə sözügedən qanunun gətirəcəyi üstünlüklərə və fəsadlara işıq salam. Rəsmi statistikaya istinadən paytaxtda 50-60 minə yaxın taksi xidməti ilə məşğul olan sürücüləri narahat edən məqamlar nədir? Qanunun müsbət və mənfi təsirləri?

Bu günlərdə bir taksi sürücüsünün məsələ ilə bağlı gileyinə rast gəldim: “Adım Elmardır, 6 ildir taksi fəaliyyəti ilə məşğulam. Rayonda iş tapa bilmədim, ailəmi də götürüb Qazaxdan Bakıya gəldim. Burada kirayədə yaşasam da, ailəmin gündəlik ehtiyaclarını qarşılayacaq qədər qazancım olurdu. Avtomobilimin isə buraxılış tarixi 15 ili keçib. Bütün günü düşünürəm ki, dolanışıq üçün indi hara gedim?!”

Gördüyümüz kimi, problem tək maşınların müddəti məsələsi deyil. Şəhərdə sıxlıq, tıxac, ekoloji təmizlik və s. əslində problemlərin kulminasiya nöqtəsidir.

Şəhər sakinlərinin, daha dəqiq sərnişinlərin də qanuna münasibəti birmənalı deyil. Onlar təmiz, keyfiyyətli, təcrübəli sürücülərin idarə etdiyi, indiki kimi qiyməti münasib, əhalinin aylıq gəlirinə uyğun taksilərin xidmət göstərməsini istəyirlər. Sadəcə, taksilərin sayının azalması nəticəsində qiymətlərin bahalaşacağı ehtimalını düşündükləri üçün narahatdırlar.

“İlk növbədə qeyd edim ki, alternativ iş yerləri olsa idi, ölkədə, xüsusilə paytaxtda bu qədər taksi fəaliyyət göstərməzdi. Deməli, taksilərin bu qədər artmasının, insanların borc-xərc, kreditlə ucuz maşınları (xüsusilə “prius”ları) alıb taksi xidməti ilə məşğul olmasının səbəbi alternativlərin, yəni iş yerlərinin olmamasıdır. Taksi sürücülərinin hər birinin ailə üzvlərini orta hesabla 2-4 nəfərdən hesablasaq, görərik ki, onlar ən azı 150-200 min insanın dolanışığını təmin edirlər. Sözsüz ki, bu insanların gündəlik dolanışığı problemə çevrilməməlidir. Çünki taksi xidməti elə də asan sahə deyil. Bəzən sürücülər 14-15 saat sükan arxasında olurlar. Kim istəməz ki, gündəlik 8 saatlıq iş rejimi ilə işləsin və taksidəki kimi 1000-1300 manat əməkhaqqı alsın?! Hətta rayon və bölgələrdə bundan da aşağı əməkhaqqı ilə işləməyə razı olarlar”. Bunu tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli dedi.

Qeyd etdi ki, taksi son 10 ildə Azərbaycanda yeganə ucuzlaşan xidmət sahəsidir. Rəqabət yaradıldı, nəticədə qiymətlər düşdü. İndi hökumət onların sayını azaltmağa, keyfiyyəti yüksəltməyə çalışır. Bəzi ölkələrdə də taksi xidmətləri inzibati üsullarla tənzimlənir. Yəni hökumətlər belə qərarlar verə bilir. Amma bunun alternativ təklifləri də olmalıdır. Məsələn, aidiyyəti nazirlikdən bildirdilər ki, ölkəmizdə işsiz qalan taksi sürücülərinə avtobus sürücüsü kimi xidmət etməyi təklif edəcəyik. Hesab edirəm ki, bu, qeyri-ciddi yanaşmadır. Çünki bu xidmətlə məşğul olanların sayı kifayət qədər çoxdur. Avtobus sayı nə qədərdir ki, onların hamısı işlə təmin olunsunlar. Bundan başqa, avtobus sürücüsünün sürücülük vəsiqəsinin kateqoriyası fərqlidir. Bunun üçün əlavə imtahana və kateqoriyaya ehtiyac var. Adi sürücülük vəsiqələri 8 nəfərə qədər olan avtomobillərin idarə olunması üçündür. Bu o deməkdir ki, işsiz qalan taksi sürücülərinin heç də hamısı o imtahanı verə bilməyəcək. Lap imtahan da versələr, zatən o qədər avtobus da yoxdur. Yəni burada ciddi şəkildə işsizliyin artması gözlənilir.

Natiq Cəfərli bildirdi ki, burada düşünülməyən digər məqam boz və qara taksi bazarının yaranması təhlükəsidir. Texnologiyanın, internetin bu qədər inkişaf etdiyi dövrdə bunun qarşısını almaq mümkün olmayacaq. Hansısa bir formada qeyri-rəsmi, qeydiyyatsız  taksiçilik meydana gələcək. Bu, hökumətin nəzərində olmalıdır. Vaxtilə valyutanı da sərt tənzimləməyə çalışdılar və bir həftə ərzində qara bazar yarandı. Daha sonra vəziyyət qismən yumşadıldı və valyuta məntəqələrinin yaranmasına icazə verildi. Eyni vəziyyət burada da baş verəcək. Sərt tənzimləmə mümkün olmayacaq. Qeyri-rəsmi, qara bazar olan yerdə isə dövlət heç nə qazana bilməyəcək. Ona görə də bu məsələlər sərt tənzimləmə ilə deyil, təşviqlə olur. İnsanların başqa yerlərdə işlə təminatına şərait yaratmaqla olur.

“Dəqiq xatırlayıram, uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş  tədqiqatlar vardı.

Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi.

Ona görə də dünyanın çox yerində taksilər sarı idi”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi. Dedi ki, indi hökumət taksilərin ağ və qırmızı rəngdə olması tələbini qoyur. Görəsən, bu qərar nəyə əsaslanıb?

Kimsə deyə bilər ki, əvvəllər taksilər küçədə göz müşahidəsi ilə axtarılırdı, ona görə ilk gözə çarpan rəngə-sarıya üstünlük verilirdi. İndi isə əksəriyyət taksini telefonda arayır.

Belə olan halda isə sual yaranır: rəngə limit qoymağın mənası, elmi əsası görəsən nədir. Məsələn, nə üçün sarı və ya “badımcan” yox, məhz ağ və qırmızı rəng?

AYNA bununla bağlı universitetlərlə, elmi tədqiqat institutları ilə birgə araşdırma aparıbmı?

Taksi islahatları ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ taksi salonunda videoçəkilişini aparan kameranın quraşdırılması və bunun 1 ay ərzində saxlamaq imkanının olmasıdır.

Bu, vətəndaşların şəxsi həyatına müdaxilə baxımından qeyri-qanuni addımdır. Çünki taksi sürücülərində vətəndaşlarla, ictimai-siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı ictimai əhəmiyyət kəsb edən videoməlumatlar olacaq.

Yəni taksilərdəki videoregistratorda xeyli qiymətli informasiyalar, nəhəng data toplanacaq.

Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların sosial platformalara sızmayacağına təminat varmı?

AYNA bununla bağlı nə düşünür?

Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur.

Əsli TELMANQIZI

ETİKETLƏR: