Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Satılmayan zavod çörəkləri yenidən emal olunurmu?

.

03.04.2024 12:22
3
A+
A-

M.Hüseynova köhnə çörəklərin yenidən istifadə olunduğu xəbərlərinin doğru olmadığını bildirdi. Qeyd etdi ki, problem “pəhriz” çörəklərində də daha çox müşahidə edilir. Bu ad altında satılan çörəklərin istehsalı prosesində müxtəlif fəndlərdən istifadə olunur. Çovdar çörəyinin rənginə baxsanız görərsiniz ki, heç bir taxıl növü belə rəng vermir. Çörəyə rəng qatmaq üçün qida boyası və ya başqa qida məhsulu əlavə edilir. Qablaşdırmanı öyrənəndə isə məlum olur ki, orada məhsulun tərkibi tam göstərilməyib. Bəzi çörək növlərində məhsulun saxlama müddətini artıran maddələr ola bilər. Bir qayda olaraq istehsalçılar bunu reklam etməməyi üstün tutur və buna görə də etiketləmədə əlavələrin adlarını göstərmirlər.

Ekspert onu da qeyd etdi ki, əlavələrin mövcudluğunu başa düşmək çətin deyil. Adətən onlar xaricdən gətirilən məhsullara, əsasən sendviç çörəyinə əlavə edilir. İlk baxışdan məhsul şübhə yaratmaya bilər. Amma xarici mallar yerli mallardan daha uzun müddət saxlanılır.

İdxal edilən çörəkdə L-sistein maddəsi də ola bilər. Bu, protein tərkibli komponentdir və ördək lələklərindən əldə edilir. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycanda bişirilən çörəyin tərkibində belə maddə yoxdur.

Çörəkçilər daha havalı bir tekstura əldə etmək üçün insan orqanizmində maddələr mübadiləsini ləngidən və piylənməyə səbəb olan kimyəvi mayadan istifadə edirlər. Bütün bu əlavələr insan orqanizmində sovrulmur, orqanlarda toplanır və sonradan böyrək və qaraciyər çatışmazlığına səbəb ola bilər.

Beləliklə, çörəyin tərkibində olan kimyəvi maddələr həzm sisteminin pozulmasına gətirib çıxarır. Xüsusilə nişasta, şəkər və dadlandırıcı əlavələrin yüksək konsentrasiyası şəkərli diabet, hipertoniya və qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkən insanların rifahına mənfi təsir göstərir.

Həmsöhbətim xəbərdarlıq edir ki, belə çörəyin istifadəsi allergiya və səpgilərə də səbəb ola bilər.

M.Hüseynovanın sözlərinə görə, çörəkdən imtina etmək də mümkün deyil. Həddindən artıq istifadə, eləcə də ondan imtina bədənə zərər verir. Bəzən pəhriz saxlayanlar boz çörəyi az kalorili olduğu üçün istehlak etməyə çalışırlar, lakin mütəxəssislərin fikrincə, onun enerji dəyəri demək olar ki, ağ çörəklə eynidir. Mütəxəssislər bədən tərəfindən udulmasını sürətləndirmək üçün çörəyi əvvəlcədən tosterdə bişirməyi məsləhət görürlər.

Onu da qeyd edim ki, birmənalı şəkildə sübut olunub ki, səkkiz yaşınadək uşaqların qida rasionunda çörəkdən tamamilə imtina edilməsi yanlış qərardır. Çörəklə birlikdə insan B vitaminlərinə olan ehtiyacını ödəyir və gündəlik enerji qəbulu üçün karbohidratlar alır. Mütəxəssislər gündə 1-2 dilim çörək yeməyi tövsiyə edir, daha yaxşı həzm olunması üçün isə günün birinci yarısı yeyilməsi məsləhətdir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: