Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


On bir ayın sultanı Ramazan

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyrulduğu kimi, sizə də fərz buyruldu ki, bəlkə günahlardan çəkinəsiniz!

03.04.2024 12:29
16
A+
A-

Dünyanın müsəlman xalqları arasında dini-mənəvi birlik duyğusunu qoruyub yaşadan, qəlblərdə iman gücünü artıran Ramazan ayı insanları səbirli, gözəl niyyətli olmağa, savab işlər görməyə və İlahinin hikmətlərindən faydalanmağa çağırır. Mənəvi gözəlliklərlə dolu olan bu ay möminlər üçün rəhmət və bağışlanma ayıdır.

Ramazan ayı və orucu İlahi əmrdir, bu barədə “Qurani-Kərim”də belə buyrulur:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyrulduğu kimi, sizə də fərz buyruldu ki, bəlkə günahlardan çəkinəsiniz!

Oruc tutmaq sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər...

Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (Ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! ...”( Əl-Bəqərə, 183-184-185).

Ramazan ayına İslam aləmində “on bir ayın sultanı da” deyilir. Bunun səbəbi bu ayda müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir. Bu hadisələrdən biri İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in Ramazan ayının gecələrinin (Qədr) birində nazil olmağa başlamasıdır. Digər səbəb isə, orucun Allah tərəfindən bütün müsəlmanlar üçün fərz buyrulmasıdır.

İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbiri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır.

Bir ay oruc tutduqdan sonra isə müqəddəs Ramazan bayramı qeyd olunur. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər, ya da gün ərzində öz təyinatı üzrə çatdırmaq lazımdır. Bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Bayram günü oruc tutmaq olmaz. Bayram namazına gedərkən təmiz yuyunmaq, gözəl və səliqəli paltar geyinmək, insanlarla bayramlaşmaq gözəl ənənə olaraq qəbul edilir. Allah Rəsulunun vaxtında insanlar bayram günü “Allah sizdən də, bizdən də qəbul etsin” deyə bayramlaşardılar.

Həmin gün bütün müsəlmanlar bir-birilərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də bir ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir.

Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilib. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Əsrlər boyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da müqəddəs Ramazan bayramını xüsusi təntənə ilə qeyd edir.

Sevindirici haldır ki, Ramazan bayramı işğaldan azad olunmuş torpaqlarımızda da artıq qeyd olunur. Mənfur düşmənlər tərəfindən dağıdılmış dini abidələrimiz, məscidlərimiz yenidən bərpa olunur. Minarələrdən azan səsləri yüksəlir, əzəli və əbədi torpaqlarımız əsl sahiblərini qarşılayır, bu torpaqlarda sülhün, əmin-amanlığın bərqərar olmasından xəbər verir.  

Mübarək Ramazan bayramı dövlətimizə sülh, firavanlıq, xalqımıza ruzi-bərəkət gətirsin. Oruc və dualarınız həmişə Allah dərgahında qəbul olsun!

 

ETİKETLƏR: