Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İnflyasiyanın səngiməsinin sosial baxımdan müsbət təsirləri var

Martda istehlak qiymətləri indeksi fevralla müqayisədə 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 0,4% artıb.

17.04.2024 16:02
5
A+
A-

Statistikaya əsasən, ölkəmizdə 2021-ci ildən başlanan inflyasiya və bahalaşma tendensiyası səngiməkdə davam edir. Cari ilin birinci rübü ərzində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,3% aşağı olduğu halda, qeyri-qida və əhaliyə göstərilən xidmətlər üzrə  müvafiq şəkildə, 1,4% və 2,5% çox olmaqla, 1% təşkil edib.

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, dövriyyə real ifadədə 3,1% artıb. 

Martda istehlak qiymətləri indeksi fevralla müqayisədə 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 0,4% artıb.

Göründüyü kimi, rəqəmlərə görə istehlak bazarında vəziyyət üçillik fasilədən sonra normal məcraya qayıdıb.

Lakin vətəndaşlar bunu hələ də əyani hiss etmirlər. Çünki bahalaşma dayansa da, hələ ucuzlaşma hiss olunmur. Bir çox məhsulların qiyməti də hazırda olduqca yüksəkdir. Vətəndaşlarımızı isə bir sual düşündürür: ərzaq məhsullarının qiyməti ucuzlaşa bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, istehlak bazarında inflyasiyanın səngiməsini və artıq hədəflənən səviyyədə olmasını müşahidə edirik. Bu, sevindirici haldır.

Onu da vurğulamaq istəyirəm ki, bu ilin ilk rübündə son illər ilk dəfə olaraq ərzaq məhsullarının qeyri-ərzaq məhsulları ilə müqayisədə qiyməti daha az artıb. Bu ondan xəbər verir ki, idxal inflyasiyası da səngiyib və birbaşa ümumi inflyasiya dərəcəsinə təsir göstərir. İnflyasiyanın səngiməsinin sosial baxımdan müsbət təsirləri var. Çünki nəticə etibarilə vətəndaşlarımızın sosial təminatına təsir göstərir, onların xərcləmələrini azaldır. Ona görə də əgər regional olaraq xüsusi bir dəyişiklik baş verməzsə, o zaman idxal inflyasiyasının tənzimlənməsini və bütövlükdə 2024-cü ildə inflyasiya səviyyəsinin səngiməsini müşahidə edəcəyik.

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda yüksək inflyasiya 2022-ci ildə müşahidə olundu. Bu, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi.

Daha sonra 2023-cü ilin birinci yarısında inflyasiyanın azalması prosesi baş verdi. 2023-cü ilin ikinci yarısından, demək olar ki, bu proses başa çatdı. Biz 2024-cü ildə inflyasiya səviyyəsinin Mərkəzi Bankın hədəflədiyi dərəcədə olacağını gözləyirik.

 

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: