Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pulu hara yatırım etməliyik?

.

17.04.2024 16:51
4
A+
A-

Günümüzdə tez-tez eşitdiyimiz böhran, devalvasiya və ya inflyasiya xəbərləri bizi qorxudur. Belə şəraitdə sadə vətəndaşlar qərarsız vəziyyətdə qalır: əziyyətlə qazandığı vəsaitdən necə istifadə etsin? Onu necə qorusun, necə artırsın? Qazanc əldə etmək üçün nəyə yatırım edə bilər?  2024-cü ildə nəyə investisiya etmək daha sərfəli və etibarlıdır?

Çoxlarını düşündürən bu suallarla iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət etdim. O, bildirdi ki, uğurlu investisiya üçün müəyyən dərəcədə biliklərin olması vacibdir: “Vətəndaşların marağı, imkanları, bilikləri varsa, indi kifayət qədər çox platformalar mövcuddur. Məsələn, qiymətli kağızlar bazarına yatırım etmək mümkündür. Birjalarda səhmlərin hansı formada hərəkət etdiyini öyrənib müşahidə etmək önəmlidir. Amma buna ciddi fundamental  biliklər və informasiya məkanını daim izləmək imkanları olmalıdır. O zaman fərdi yatırımçı kimi qiymətli səhm bazarında iştirakçı ola bilərlər”.

Natiq bəy ölkəmizdə qiymətli kağızların və səhm bazarının olmamasını təəssüflə qeyd etdi. Dedi ki, ölkəmizdə ancaq bəzi tanınmış və yaxud da likvid sayılan kağızlar var. Məsələn, SOCAR-ın 4,5 faizlik illik gəliri olan nominal dəyərli qiymətli kağızları. Kifayət qədər cəlbedici olsa da, artıq deyilənə görə, satışları limitlənib.

Azərbaycanlılar ənənəvi olaraq vəsaitlərini qorumaq üçün daha çox daşınmaz əmlak bazarlarına üstünlük verirlər. Lakin ekspertin fikrincə, daşınmaz əmlak bazarının da özünəməxsus problemləri var: “Hazırda qiymətlər kifayət qədər şişib. Həmin qiymətlərlə daşınmaz əmlak bazarına yatırım etmək o qədər də məqsədəuyğun hesab olunmur. Vətəndaşlarımız son zamanlar Türkiyənin, Gürcüstanın daşınmaz əmlak bazarına üz tuturdular. Orada daşınmaz əmlak alan xarici vətəndaşlar arasında azərbaycanlıların sayı çox idi. Lakin artıq həmin bazarlarda da kəskin qiymət artımı müşahidə olunur. Ona görə orda da müəyyən risklər mövcuddur”.

N. Cəfərliyə görə, hələlik Azərbaycanda ən risksiz, cəlbedici və  vətəndaşların rahatlıqla yatırım edə biləcəyi sahə depozit bazarıdır. Lakin bir məqamı nəzərə almaq lazımdır, likvidliyi yüksək olan, tanınmış bankları seçmək zəruridir. Ölkəmizdə əmanətlərin qorunması proqramı mövcuddur. Beləliklə, 100000 manata qədər əmanətlər dövlət tərəfindən sığortalanır, əvvəllər bu məbləğ 30000 manat təşkil edirdi.

İqtisadçı-ekspert Rəşad Həsənov məsələnin mürəkkəb olduğunu bildirdi: “Bu, investorun kimliyindən, dünyagörüşündən, məlumatlılıq səviyyəsindən və planlarından asılı olaraq dəyişə bilən bir məsələdir. Qısa, orta və ya uzunmüddətli investisiya etmək istəyir? Passiv, ya aktiv yığımçıdır? Misal üçün, passiv yığımçılar biznes və bu kimi sahələri dəyərləndirə bilmirlər. Onlar üçün tövsiyə olunandır ki, öz vəsaitlərini banklarda əmanət olaraq yerləşdirsinlər. Bu, çox vacib bir faktordur, çünki ən azından vəsaiti inflyasiyadan qoruyur. Ötən il orta hesabla bazarda  əmanət faizi 8-9 idi, inflyasiya isə 9 faiz ətrafında oldu. Beləliklə, investisiya edilmiş əmanətlərin dəyərsizləşməsinin qarşısı alındı. Bu il inflyasiya səviyyəsi aşağı düşüb. Əksinə, 10 faizdən də yuxarı depozit təklif edən banklar var. Bu o deməkdir ki, nəinki inflyasiyadan qorunmaq, hətta mənfəət də əldə etmək mümkündür”.

R. Həsənov bildirdi ki, qızıla investisiya indiki halda nisbətən riskli qərardır və tövsiyə edilən deyil. Buna səbəb müxtəlif geosiyasi hadisələrdən dolayı qızılın qiymətinin tarixdə görünməyən səviyyəyə - 2500 dollara qədər bahalaşmasıdır. Ümumi tövsiyə ondan ibarətdir ki, qızıla investisiya edərkən, vətəndaş el arasında “lom” qızıl kimi tanınan xalis qızılın alışına üstünlük  versin, nəinki zinət əşyalarına. Çünki zinət əşyalarının satışı kəskin şəkildə ucuz olur və nəticədə gəlir əldə edilməsi məhdudlaşır.

Daşınmaz əmlak bazarında binaların yeni inşaya başladığı vaxtda bazara təklif etdiyi qiymətlərlə bina təhvil verilən dövrdə tətbiq etdiyi qiymətlər arasında ən azından 20-30 faiz fərq olur. Rəşad müəllim bildirdi ki, bu imkandan passiv yığımçılar faydalana bilər: “Amma aktiv yığımçılara tövsiyə olunur ki, onlar daha çox çevik alətlərdə vəsaitlərini saxlasınlar. Biznesin mənfəət norması Azərbaycanda yüksəkdir. Biznesə yatırılan vəsaitlərin təxminən 60-70 faizinin il ərzində mənfəət yaratmaq imkanı var”.

Günel RAFAYILQIZI

ETİKETLƏR: